Tribuna İnformasiya Agentliyi

“BEL VƏ BOYUN YIRTIĞI HƏYAT TƏRZİNDƏN YARANAN XƏSTƏLİKDİR”

10 Aprel

Beyin-sinir cərrahiyyəsi tibbin ən çox diqqət və təcrübə tələb edən sahələrindən biridir.  

Beyin-sinir cərrahiyyəsi tibbin ən çox diqqət və təcrübə tələb edən sahələrindən biridir. 

İstər təhsilin gərginliyi, istərsə də praktik tətbiqlərinin çətinliyi səbəbindən neyrocərrahların sayı çox deyil. Çox vaxt əməliyyatlar 8-15 saata qədər davam edə bilir. Bu səbəbdən bir sıra ölkələrdə bu sahənin mütəxəssislərinə daha çox önəm verilir. TİA.AZ-ın bu dəfə müsahibi “Caspian International” Hospitalın beyin-sinir cərrahiyyəsi uzmanı Ruslan Yunusovdur.

O, 2009-cu ildə Azərbaycan  Tibb Universitetini fərqlənmə ilə bitirib. 2009-2010-cu illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında internaturanı başa vurub. 2011-2016-cı illərdə Ankarada “Hacettepe” Xəstəxanasında beyin cərrahı üzrə uzmanlıq ixtisasını bitirib elə həmin ildə də uzman olaraq Azərbaycana geri dönüb. 

– Bu vaxta qədər nə qədəəməliyyatlar aparmısız?

– Azərbaycanda ortalama həftədə  1-2 əməliyyatımız olur. Amma bizim Türkiyədəki təcrübəmiz daha zəngin və gərgin olub. 4-5 il içərisində minə yaxın əməliyyatda iştirak etmişik. Çünki ora həm mərkəz, həm də universitetin xəstəxanası olduğuna görə, çoxsaylı xəstələr olurdu. Neyrocərrahiyyədə onurğa beyinin, beyin şişləri, bel yırtıqları və körpə uşaqlarda hidrosefaliya xəstəliyi (beyinə su yığılma) və digər sahələrdə əməliyyatlar həyata keçirilir.

– Beyin xəstəlikləri daha çox hansı yaş qrupunu əhatə edir?

– Bizim xəstə populyasiyamız hər yaş dövrünü əhatə edir. Xəstəliklərin rast gəlməsi də  insanların yaş dövrünə görə fərqlənir. Beyin şişləri hər yaşda rast gəlinsə də, daha çox 40-60 yaş arası xəstələrdə görülür. Kəllə-beyin travmalı xəstələr  isə daha çox 18-35 yaş arası insanlardır. Boyunda və beldə olan fəqərəarası disklərin yırtığında vəziyyət bir qədər fərqlidir. Yırtıqlar daha çox əhalinin aktiv fiziki işdə işləyən hissəsində əmələ gəlir. Bu da daha çox 20-50 yaş arası insanlardır. Uşaqlarda isə daha çox anadangəlmə inkişaf qüsurları, hidrosefaliya və beyin şişləri rast gəlinir.

– Müasir dövrdə neyrocərrahiyyədə ən çox yayılan xəstəliklər hansıdır?

– Hazırda ən çox rast gəlinən xəstəlik bel və boyun yırtığıdır. Bu, sırf həyat tərzindən yaranan xəstəlikdir. Texnologiyanın sürətlə inkişafı və hər gün yeniliklərin olması insanların masa arxasında daha çox vaxt keçirməsinə səbəb olur. İnsanlar lazım oldu-olmadı mütəmadi kompüter və telefonlardan istifadə edir. Bu da onurğamızın fiziyololji tamlığını pozaraq yırtıqların əmələ gəlməsinə şərait yaradır. Bundan başqa ağır fiziki işdə çalışmaq,  düzgün və yetərincə istirahət etməmək də yırtıqların əmələ gəlməsini artırır. Əmələ gələn yırtıqlar isə  onurğa kanalından çıxan sinirləri və onurğa beyninin özünü sıxaraq şiddətli ağrıların əmələ gəlməsinə səbəb olur. Əgər vaxtında müdaxilə edilməzsə, əməliyyata qədər gətirib çıxarda bilər. Azərbaycana son 4-5 ildə beyin cərrahiyyəsində endoskopik əməliyyatların da sayı artıb. Əvvəllər hipofiz adenomalarını götürmək üçün açıq beyin əməliyyatı aparılırdı. Bu, daha ağır əməliyyat sayılırdı. İndi artıq endoskopik üsulla burundan daxil olub həmin şişi götürmək mümkündür. Yəni, qapalı cərrahiyyə üsulunun tətbiqi hipofiz vəzi şişlərinin əməliyyatını artırıb.

– Azərbaycanda beyin cərrahiyyəsi sahəsindəki vəziyyət sizi qane edirmi?

– Uzmanlıq təhsili aldığım yerlə müqayisə edəndə hələki tam qane etmir. Çünki orada istər maddi-texniki baza olsun, istər personal hazırlığı olsun yüksək səviyyədə təşkil olunmuşdu. Amma bizim də üzərimizə düşən vəzifə qazanılmış təcrübələri Azərbaycanda tətbiq etməkdir. Bu işdə də xəstəxanamızın rəhbərliyi bizə hər cür köməklik göstərir.

– Gənc  yaşda beyin cərrahiyyəsi üzrə uzmansız. Sizcə, xəstələr daha çox cavan yoxsa nisbətən yaşlı həkimlərə etimad göstərir?

– Dəfələrlə olub ki, müraciət edən pasientlərə hansısa tövsiyə verəndə və yaxud əməliyyatın gedişi ilə bağlı məlumat verəndə xəstə “Kimin yanına gedək” deyə sual verib. Bəzən özümə də gülməli gəlir. Amma biləndə ki, əməliyyatı mən edəcəm, təəccüblənirlər. Cavan həkim olmaq  bəlkə də bir dezavantajdır və bizim üçün hər şeyin bir sıfır geridə başlamasına səbəb olur. İnsanların yanaşmasına görə əgər gəncsənsə, deməli, təcrübəli deyilsən.  Amma həkim cərrahdırsa, təcrübəli olmalıdır. Uzmanlıq təhsili aldığım müddətdə iştirak etdiyimiz əməliyyatların statistikasını aparmışıq. Çünki təhsili başa vurduqdan sonra professorlara hesabat verirdik. Təqdim etdiyimiz statistika professorlar tərəfindən təsdiq olunurdu.  5 il ərzində minə yaxın əməliyyatlarda iştirak etmişəm. Zənnimcə, bu, kifayət qədər böyük bir təcrübədir.

– Beyin cərrahiyyəsində hansısa yenilikləriniz olubmu?

– Xüsusi olaraq hansısa yeniliyə imza atmamışam. Amma əvvəllər Azərbaycanda endoskopik əməliyyatlar edilmirdi. Son illər bu əməliyyat uzmanlarla bərabər edilməyə başlanılıb. Hipofiz adenoması ilə yanaşı uşaqlarda hidrosefaliya (başın böyüməsi, beyində suyun toplanması) əməliyyatları endoskopun ən çox istifadə olunduğu əməliyyatlardır. Endoskopla beyinə kiçik dəlik açmaqla hidrosefaliyanı müalicə etmək mümkündür. Azərbaycanda ayrıca uşaq beyin cərrahiyyəsi ixtisası yoxdur. Türkiyədə neyrocərrahlar dərnəyində xüsusi olaraq uşaq beyin cərrahları üçün təşkilati kurslar var idi. Bu kursu bitirənlərə ayrıca sertifikat təqdim edirdilər. Uzmanlıq təhsili əsnasında mən də bu kursu bitirənlərdən biri oldum. Marağım əsasən pedriatrik beyin cərrahiyyəsinədir. Azərbaycanda uşaq beyin cərrahiyyəsini inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam. Hazırda biz uşaqlar üzərində beyin əməliyyatlarını icrasını da edirik. 

– Əməliyyatdan sonra xəstə nə qədər müddətə sağalır?

– Xəstələrin sağalma müddəti keçirdikləri əməliyyata görə dəyişir. Yırtıq əməliyyatından 2 gün sonra xəstələr evə yazılırsa, açıq beyin əməliyyatı keçirən xəstələr 1 həftə sonra evə yazılır. Endoskopik əməliyyat olunan xəstələri isə 3-4 gün sonra evə yazırıq. Əməliyyatdan 10-15 gün sonra xəstələrin yaraları sağalmış olur və dikişləri alınır.  Evə yazılan xəstələr təxminən 1 ay sonra öz normal həyatlarına qayıdırlar.

– İnsan nə qədər koma vəziyyətində qala bilər? Uzun müddət komada qalmış insanın sağalma şansı varmı?

– Komadan ayılma müddətini söyləmək çətindir. İlk növbədə insanın komaya düşmə səbəbini müəyyən etmək lazımdır. Komaya müxtəlif səbəblərdən düşmək olur. Məsələn, beyin şişləri, beyin qanaması, insanın keçirdiyi kəllə-beyin travması və eləcə də müxtəlif səbəblər sadalamaq olar. Burada xəstənin yaşı və orqanizminin sağlamlığı çox önəmlidir. Əgər xəstə gənc və orqanizmi sağlamdırsa, komadan çıxma şansı daha çoxdur. Amma yaşlı və çoxlu sayda travma alan xəstənin komadan çıxma şansı bir qədər aşağıdır. Bəzən təcrübədə gənc xəstənin aylar sürən komadan sonra ayılmasına da rast gəlmişik. Amma komadan oyanan insan əvvəlki insan olurmu – bu, bir qədər müəmmalıdır. Çünki koma vəziyyəti istər-istəməz insanın beyninə təsirsiz ötüşmür. Erkən dönəmlərdə oyananlar daha yaxşı sağalma periodu keçirlər. Bəzən elə olur ki, beyin qabığının zədələnmə dərəcəsindən asılı olaraq pasient ayılsa da, onda mental aktivlik çox zəifləmiş və ya heç olmur. Buna tibbdə vegetativ hal deyilir. 

Bəzən xəstənin başında böyüyən şişdən xəbəri olmur, “baş ağrım var” deyib heç nə olmamış kimi gəzir. Şiş beyini sıxışdırır və anidən şişin içində qanama olur. Bu insanı komaya salır. Erkən müdaxilə nəticəsində şiş  beyindən  çıxarılır və pasient normal həyata geri dönür. Bizim  30 yaşlarında belə bir xəstəmiz olmuşdu. Komada olan xəstəyə beyin KT  olundu və beynindəki şişdə qanama olduğu təsbit edildi. Təcili əməliyyata alınan xəstə ertəsi gün oyanıb danışmağa başladı. Əgər səbəb bəllidirsə, erkən  müdaxilə  etməklə  xəstəni  komadan  çıxarıb həyata qaytarmaq mümkündür.

İLAHƏ