“Bəhanələrlə atamın pensiyasını kəsdilər, heç qocalıq müavinətini də ala bilmir” – Jurnalist nazirlikdən şikayətçidirbackend

“Bəhanələrlə atamın pensiyasını kəsdilər, heç qocalıq müavinətini də ala bilmir” – Jurnalist nazirlikdən şikayətçidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli atasının pensiyasının ədalətsiz olaraq, absurd bəhanələrlə kəsildiyini bildirir. Jurnalist deyir ki, aylardır insanlar pensiyalarının haqsız olaraq kəsilməsi ilə bağlı şikayətlər yazır, iradlar bildirir, indi həmin hadisə onun öz atasının da başına gəlib.

Jurnalist atası ilə bağlı baş verənləri belə nəql edir: “Əlbəttə, ölkədə kifayət qədər saxta əlillik əldə edənlər vardı. Onlarla bağlı ölçü götürülməsini ancaq alqışlamaq lazımdır. Lakin son 3 ayda atamın pensiya məsələsi ilə məşğul olduğum dönəmdə bu prosesdə hüquqları, haqları pozulanların, ədalətsizliyə məruz qalanların da sayının kifayət qədər olduğunun şahidi oldum. Təsəvvür edin, sağlamlığını 52-55 faiz, hətta daha çox itirmiş şəxsi pensiyadan məhrum edir, bəhanələrlə, yalanlarla imtina verirlər. Atam 2006-cı ildə birinci, 2007-ci ilin avqustunda ikinci dəfə infarkt keçirdi. İkinci infarktdan sonra 10 gün komada qaldı, möcüzə əsəri həyatda qaldı. Uzun aylar müalicə aldı, peşəkar kardioloq Nizami həkimin düzgün müalicəsi sayəsində ürəyin arxa divarının tam çatlamış hissəsi də qismən bərpa oldu. Onda cəmi 52 yaşı vardı. Uzun müddət ambulator və xəstəxana müalicəsindən sonra həkim bildirdi ki, atama işləmək əks göstərişdir.
Həkimlər sonda onun sənədlərini mənə verdilər və dedilər ki, əlillik dərəcəsi təyin olunması üçün müvafiq qaydada müraciət edin, zatən bu adam daha işləyə bilməz, barı pensiya alsın…

O zaman atam yaşlı deyildi və bu əlillik məsələsini ona ümumiyyətlə demək istəmədik, qüruruna toxunar deyə. Sonra müalicə həkimi ona dedi ki, sənədlərini 2008-ci ilin sonlarında müvafiq qaydada pensiya almaq üçün təqdim edib. Əlillik təyin olunub və ondan bu yana – 2021-ci ilin mayınadək atam əlillik pensiyası alıb.
2021-ci ilin may ayının 14-də 65 yaşı tamam oldu. Bundan sonra atamın pensiyası köçmədi. Düşündük ki, yəqin təqaüd yaşı çatdığı üçün yenidən prosedur gedir, gecikmə baş verir. İyunun əvvəlinədək kartına pul köçmədi, heç bir məlumat da vermədilər ki, vətəndaş, sənin pensiyanı niyə dayandırmışıq. Özüm müraciət etdim. Cavab bu oldu ki, 2021-ci ilin mayında atama təyin olunmuş əlillik müddəti bitib, yenidən komissiyadan keçməlidir…
Komissiyadan keçmək üçün isə birinci yaşadığı Göyçay rayonunda müayinələr aparıldı. Sonra rayon xəstəxanasından göndəriş verdilər ki, Bakıda Kardiologiya İnstitutunda komissiya yoxlamasından keçməlidir. Burada yoxlama zamanı həkimlər onun səhhətində yenidən ağırlaşmanın olduğunu müəyyənləşdirdilər – ürəyinin fəaliyyəti son mərhələdə hesab olunurdu.

Burada bir haşiyə çıxım. 2008-ci ildən üzü bu yana davamlı olaraq ambulator şəkildə müalicə alıb, ancaq son 1 ildə səhlənkarlıq edərək, həkimə getməyib, yetərli müalicə almayıb, yalnız davamlı olaraq atmalı olduğu Tromb-as, Maqnokardium və Aspirin-kardio içib.
Sonda iyulun 1-də Bakıdakı kompleks-vizual komissiyanın rəyi bundan ibarət oldu ki, ürək fəaliyyətinin yarıdan çoxunu itirib, kəskin xroniki ürək çatışmazlığı fazasındadır, ürək maksimum 47-48 faiz çalışır, ümumi durumu da kritikdir. Yəni verdikləri rəsmi rəy belə oldu. Dərhal da kompleks müalicə kursu təyin olundu. 1 həftə Bakıda müalicə aldıqdan sonra Göyçaya qayıtdı. Bakıdan verilən komissiya rəyini Göyçayda müvafiq qaydada xəstəxanaya təqdim etdi. Orada həkimlər məsləhət görüb ki, həm prosedura görə, həm də real durumu qənaətbəxş olmadığından azı 10 gün də xəstəxanada yatmalıdır.
Belə də oldu. İyul ayının ikinci yarısında Göyçayda 10 gün xəstəxanada yatdı. 19 iyulda xəstəxanadan evə buraxıldı. Başqa müalicə kursu təyin edildi. Payızda daha bir müalicə kursu almalı olduğu deyildi.

Bundan sonra sənədlər müvafiq qaydada toplandı və atam Tibbi Sosial Ekspert Komissiyasına çağırıldı. Komissiya əlillik təyinatına müsbət rəy verdi və yekun sənədlər sistemə daxil edilərək, pensiya təyinatı üçün Nazirliyin müvafiq xidmətinə göndərildi.
Təxminən 10 gün sonra xidmətlə əlaqə saxladıqda cavab verildi ki, sənədlərə baxılır, xəstəxanada müalicə alıb, rəy də var, amma xəstəxanadan sonrakı müddətdə müalicə almayıb. Həkimlərin yazdığı resepti və hazırda müalicəsinin ambulator şəraitdə davam etdiyini bildirdik. Bizə imtina qərarı verildi. Əsas kimi xəstənin xəstəxanada yatmadığı deyildi. Atam 9 iyul-19 iyul tarixlərində Göyçayda xəstəxanada yatıb. Bunu təsdiq edən bütün sənədlər nazirlikdədir. Və nazirlikdən daha əvvəl özləri soruşmuşdular ki, xəstəxanada yatdıqdan sonra müalicə alırmı…

Bunun üstündən imtina verilir. Səbəbini soruşdum, ilk olaraq onu təklif etdilər ki, kəskin ürək çatışmazlığı olan adam təzədən gəlsin, əməkdaşlar ətraflı sorğu-sual etsin. Həyatı tükdən asılı olan adam əsəbiləşib yenidən infarkt olmaq üçünmü gəlsin?!”

Redaktor deyir ki, bundan sonra nazirliyin müvafiq şöbəsinə sorğu verərək, rəsmən imtinanı necə əsaslandırmalarına dair yazılı məlumat istəyib: “Verilən cavab heyrət doğurur. Əvvəl müalicəsinin davam etmədiyini bəhanə edirdilər, ardınca guya xəstəxanada yatmadığını, son nəticədə isə tamam başqa söz deyirlər. Nazirlikdən verilən cavabda yazırlar: “Göyçay rayon sakini Məmmədov Ziyafəddin Soltanəli oğlunun əlillik müddəti ötən ay (əslində ötən ay yox, may ayında – şikayətçi) başa çatıb. Məlum olduğu kimi, əlilliyin qiymətləndirilməsi vətəndaş-ekspert təması, yəni əyani müayinə olmadan, yalnız səhiyyə müəssisəsi tərəfindən elektron sistemə daxil edilən göndəriş (Forma 88) əsasında həyata keçirilir. Ziyafəddin Məmmədovun da əlilliyinin təkrar qiymətləndirilməsi tibb müəssisəsinin onun barəsində e-sistemə daxil etdiyi göndəriş əsasında aparılıb. Göndərişdə qeyd edilən diaqnozun (stenokardiyanın digər formaları, ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, 2-ci funksional sinif infarktdan sonrakı kardioskeleroz, durğunluq ürək çatışmazlığı, xroniki ürək çatışmazlığı, 2-ci funksional sinif atımfranksiyası 48%) əlilliyə əsas vermədiyi müəyyən olunub. Bu səbəbdən Ziyafəddin Məmmədova əlillik təyin edilməyib, onun müalicənin davam etdirilməsi barədə qərar verilib”.
Nazirliyin rəsmi cavabı bu oldu. Fakt isə ondan ibarətdir ki, atam 2007-ci ildən bu yana daim müalicə ilə yaşayır, hazırda da müalicəsi davam edir və bundan sonra da ancaq müalicə ilə yaşamalıdır. Təsəvvür edin, özlərinin göndərdiyi cavabdan da görünür ki, valideynimin ürəyində bütün mümkün xəstəliklər var, özləri də etiraf edir ki, sağlamlığının 52 faizini itirib. Realda isə 55 faizdən də çoxdur, sadəcə həkimlərə göstəriş var ki, maksimum 52 faiz yazsınlar. Vizual baxış kifayətdir ki, adamın durumu haqda təsəvvür yaransın. Ürək faktiki olaraq daim geriyə gedən orqandır. Paralel olaraq nevrozdan əziyyət çəkir. Amma deyirlər ki, bu adama daha əlillik düşmür. Hansı ki, 2009-cu ildə əlillik heç bir xahiş-minnətimiz olmadan TSEK tərəfindən təyin edilmişdi. Məntiqlə adam yaşlandıqca orqanları irəliyə gedə də bilməz, əksinə, daha da sıradan çıxır…
Ən əsası, tutaq ki, atamın əlillik pensiyası dayandırılıb. Bəs elektron sistemə keçdiyini bəyan edən nazirlik niyə bu 3 ay yarımda maraqlanmayıb ki, vətəndaş, sənin 65 yaşın tamam olub, qocalığa görə müavinət almalısan, müəyyən əmək stajın da var, bunu necə edək? Hansı ki, sözdə bu proaktiv qaydada həyata keçirilməli olan məsələdir…

Pensiya islahatı əslində ona gətirib çıxarmalıdır ki, yaşlı adamlar pensiyasını alsın, övladdan, qohum-əqrəbadan asılı olmadan qürurla qocalığını yaşasın. Bizdə isə xəstəxanalarda, TSEK-lərdə süründürürlər yaşlı adamları”.

Elşad Məmmədli bir jurnalist olaraq məsələyə dair nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbova müraciət edib: “Təşəkkür edirəm. Səbrlə dinlədi. Məsələnin araşdırılacağını dedi. Sonra avqust ayında müvafiq olaraq ƏƏMSN-in 2 məsul şəxsi də mənimlə əlaqə saxladı. Onlar da durumu öyrəndilər, hərəsi ilə yarım saatdan çox danışmışıq. Ancaq yenə də heç bir nəticə yoxdur. Yekunda ötən həftənin sonunda Fazil bəylə bir daha danışdım, yenə də aldığım cavab bu oldu ki, məsələ araşdırılacaq”.