Tribuna İnformasiya Agentliyi

“Bazarstor”un şirniyyatından tarakan çıxdı – “…bu, təxribat da ola bilər”

07 Mart

“Bazarstor”da satılan şirniyyatın içindən tarakanın çıxması ilə bağlı araşdırma aparılacaq. Araşdırma zamanı məlum olsa ki, həqiqətən də şirniyyatı hazırlayan şirkət nöqsana yol verib, onunla əməkdaşlıq kəsiləcək.

Bu sözləri Axar.az-a “Bazarstor”un PR və Marketinq şöbəsinin müdiri Günay Novruzqızı sözügedən marketdə satılan şirniyyatın içindən tarakan çıxmasını əks etdirən fotonun yayılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu, təxribat da ola bilər:

“Araşdırma aparılmamış bir söz demək mümkün deyil. “Bazarstor”da açıq şirniyyatlarda belə hala rast gəlinə bilməz. Çünki mütəmadi nəzarət edilir və təmizlənir. Qapalı halda gələn şirniyyatla bağlı isə araşdırma aparıldıqdan sonra bir söz demək mümkündür. Bizim əməkdaşlar ora yollanıb yoxlama aparacaq və nəticə barədə məlumat veriləcək”.

Marketin PR və Marketinq şöbəsinin müdiri bildirib ki, bir müddət əvvəl marketdə satılan çörəkdə də problem olmuşdu və elə buna görə də həmin çörək şirkəti ilə əməkdaşlıq dayandırıldı.

Qeyd edək ki, Badamdar qəsəbəsində fəaliyyət göstərən “Bazarstor” mağazasından alınan şirniyyatdan tarakan çıxdığını əks etdirən fotolar yayılıb.