Bazarda alçanın kilosu 60 manat, çiyələk isə… – reportajbackend

Bazarda alçanın kilosu 60 manat, çiyələk isə… – reportaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nübar meyvələr və pomidor-xiyar ötən illə müqayisədə ucuzdur

Aprel ayının birinci ongünlüyü tamam olmasa da artıq bir neçə gündür ki, bazarlarda nübar meyvələr faraş yetişdirmə yolu ilə satışa çıxarılıb. Bəs hazırda onların qiyməti neçəyədir?

Ötən il olduğu kimi, bu il də çiyələk bazarda boldur. Piştaxtalarda çiyələk kilosu 4 manatdan satılır – nisbətən xırda olanlar 4, iri növdə olanlar isə 5-5,5 manata. Müşahidə etdik ki, bazara çiyələk əsasən Cəlilabad və Şəmkirdən gətirilir. Bol olan çiyələyin elə bol da müştərisi var.

Satıcılarla söhbətləşəndə bildirdilər ki, çiyələyin qiyməti əvvəlki illərə nisbətən daha ucuz olduğu üçün alıcı sarıdan korluq çəkmirlər. “Ötən il təxminən 6 manatdan satırdıq. Ondan əvvəl isə bazarda çiyələyin qiyməti 8 manatdan aşağı olmurdu. Bu il meyvə həm boldur, həm də ucuzdur. Bazara çıxardığımız meyvələri gün ərzində tamamilə sata bilirik” – deyə, satıcılardan biri qeyd etdi.

Övladı ilə birlikdə bazara gələn bir qadın alıcı da qiymətlərdən razı qaldığını bildirdi: “İndiki vaxtda çiyələyin kilosunun 4-5 manata olması sərfəlidir. İndiki çiyələklərin dərman hesabına yetişdiyini bilsəm də uşaq nübar meyvə istəyir, ona görə 1 kilo alacam”.

Bu arada qeyd edək ki, mütəxəssislər daha çox kiçik və yumşaq olan, qədim yerli sort olan çiyələklərə üstünlük verilməsini tövsiyə edir. Böyük ölçülü, bıçaqla doğranan çiyələklərin insan orqanizmi üçün ziyanlı olduğu bildirilir.

Müşahidə etdik ki, hələlik nübar meyvələrdən sadəcə çiyələk və alça bazara çıxarılıb. Ötən gün bazarda bir neçə yerdə alça satılsa da bu gün nədənsə yalnız bir-iki yerdə satıldığının şahidi olduq. Çiyələyin qiyməti əvvəlki illərə nisbətən ucuz olsa da bunu alça üçün demək mümkün deyil. Belə ki, əgər ötən il 100-110 qramlıq, 6-7 ədəd alça toplumu 5 manata satılırdısa, bu il qiyməti 6 manatdır. Belə çıxır ki, bir dənə alçanın qiyməti 1 manata, kilosu isə təxminən 60 manata başa gəlir. Bəzi satıcılardan bazarda alçanın niyə az olması ilə maraqlandıq. Satıcıların dediyinə görə, qiymət baha olduğu üçün alıcısı da demək olar ki, yoxdur. Bu səbəbdən satıcılar da hələlik alça alış-verişinə maraq göstərmir.

Bazarda olmuşkən digər məhsulların qiymətləri ilə də maraqlandıq. Məlum oldu ki, əsasən rayonlardan gətirilmiş pomidorların qiyməti 1,5-2 manata, xiyar 3,5-4 manata, təzə kartof 1 manata satılır.

Qeyd edək ki, ötən ilin aprel ayında pomidorun qiyməti 4,5-5 manatdan satılırdı. Bu il pomidorun qiymətinin bir neçə dəfə ucuz olmasının səbəbi bir müddət bundan əvvəl məhsulun ölkəmizdən Rusiyaya ixracatında qoyulan məhdudiyyətlərlə əlaqələndirilir.“Yeni Müsavat”