Bayram bazarlığı: Yeni il süfrəsi neçəyə başa gələcək – AKTUALbackend

Bayram bazarlığı: Yeni il süfrəsi neçəyə başa gələcək – AKTUAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni il bayramı öncəsi bazarda bahalaşmağa artıq adətkərdə olmuşuq. Sputnik Azərbaycan bu il bazarda vəziyyəti öyrənməyə, həm də bahalaşmanın səbəblərini araşdırmağa çalışıb.
TİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bahalaşmanın həm obyektiv, həm də subyektiv səbəbləri var:
“Təəsüf ki, hər il Azərbaycanda Yeni il qabağı qiymət artımı müşahidə olunur. Bu il isə inflyasiyanın da olması qiymət artımını daha nəzərəçarpacaq həddə gətirib. Rəsmi rəqəmlərə görə, ərzaq inflyasiyası ötən ilin müvafiq dövrü ilə müqayisədə artıq 10 faizi ötüb. Bu isə o deməkdir ki, Yeni il süfrəsinə xərclənən vəsaitin ən azı, rəsmi rəqəmlərdə belə, 10 faiz artması gözlənilir”.

Obyektiv səbəblərə gəlincə, ekspert dünyada da ərzaq indeksinin bahalaşmasını göstərir:
“Son bir ildə dünyada ərzaq indeksi 12 faizdən çox bahalaşıb. İdxaldan asılı olduğumuz sahələrdə bu Azərbaycana həm də idxal inflyasiyanın da gəlməsinə səbəb olur”.
Subyektiv səbəblər sırasında hökumətin verdiyi bəzi qərarlar qeyd olunur.
“İlin əvvəlində dizel yanacağının qiymətinin artması ərzaq və kənd təsərrüfatı məhsullarının bahalaşacağını öncədən proqnozlaşdırmağa imkan verirdi. Dizel yanacağının qiymətinin birdən-birə 34 faiz artması dalğavari şəkildə il boyu bütün ərzaq məhsullarına, istehsalına və daşınmasına ciddi təsir göstərdi”.

Natiq Cəfərli bildirir ki, bu subyektiv və obyektiv səbəblər isə Yeni il səbətinin ötən illə müqayisədə daha da bahalaşmasına səbəb olacaq.
“Bundan başqa, ənənəvi problemlərimiz də var. Bunlardan biri rəqabət mühitinin olmamasıdır ki, bu da bahalaşmaya təsir edir. İdxalda kifayət qədər güclü və dominant rola malik olan şirkətlər var – onlar, demək olar ki, bazarın böyük bir seqmentinə nəzarət edirlər. Bu amilin də qiymət arıtımında təsirə malik olduğunu düşünürəm. Bundan başqa, noyabrdan etibarən yerli meyvə-tərəvəzin bazarda azalması, xaricdən gətirilən meyvə-tərəvəzin həcmində artımın olması yerli bazarda qiymət amilinə təsir edir”.
İqtisadçı vurğulayır ki, ötən illə müqayisədə ən azı rəsmi rəqəmlərə görə, 10-15 faiz civarında, ayrılıqda bəzi ərzaq növlərində isə 30-35 faizədək qiymət artımı var.
“Bunlar da Yeni il səbətində daha çox istifadə olunan ərzaqlardır. Bu səbəbdən düşünürəm ki, orta statistik azərbaycanlı ailəsinin Yeni il süfrəsi ən azı ötən illə müqayisədə 35 faiz daha baha olacaq”.

Bayram bazarlığı: Yeni il süfrəsi neçəyə başa gələcək

Ötən il 4 nəfərlik bir ailə üçün ortalama Yeni il səbətinin qiyməti 145 AZN idisə, cari ildə 10-15 faiz bahalaşma ilə bu, təxminən 166-170 AZN-dir.
Qeyd edək ki, bu ilin əvvəlindən dizel yanacağının qiyməti qalxıb. Azərbaycanda yanvarın 5-dən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bu barədə Tarif Şurasının 4 yanvar iclasında qərar verilib.
Bundan daha öncə dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 02.12.2013-cü il, Aİ-92 markalı benzin üzrə isə 14.07.2017-ci il tarixlərində aparılıb. Həmin dövrlərdə ölkə üzrə orta aylıq əmək haqqı müvafiq olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb. Keçən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib.

Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artması dizelə tələbatı daha da artırıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artmasına paralel olaraq, benzinə və dizelə tələbat da yüksəlib.