Bayram bazarlığı: – Alan da narazı, satan da…backend

Bayram bazarlığı: – Alan da narazı, satan da…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novruz bayramı Azərbaycanda qədimdən qeyd olunan və ən çox sevilən bayramdır. Novruzun çərşənbələr də daxil olmaqla bir aya yaxın davam etməsi hamını ay boyunca bayram əhvalında kökləyə bilir.

Bir neçə gündür dükan-bazarlarda adam əlindən tərpənmək mümkün deyi. Hamı bayram bazarlığı edir. Həftəsonları təşkil edilən kənd təsərrüfatı məhsulları yarmarkalarını da nəzərə alsaq, bayram alış-verişi etmək üçün məkanlar çöxdur. Qiymətlərə gəlincə isə… Elə Lent.az-ın əməkdaşları da bununla əlaqədar paytaxtdakı bazar və yarmarkalara baş çəkiblər.

“Alıcıları çoxu bazaar havasını dəyişməyə gəlir…”

8-ci kilometr bazarında kifayət qədər alıcı var. “Deyəsən, müştəri boldur” deyib satıcılardan birinə yaxınlaşırıq. “Çox olmağına çoxdur, amma siz onları aldıqlarına baxın”, – deyə satıcı incik-incik dillənir: “Çoxu havasını dəyişməyə, qiymətlərlə maraqlanmağa gəlib. Bu il əvvəlki illərdən fərqli olaraq daha bolluqdur və qiymətlər də aşağıdır. Amma nolsun, bu dəfə də alıcılıar əvvəlki illərdən daha azdır”.
Bayram süfrəsi üçün əsas sayılan məhsulların qiymətini öyrənməyə çalışırıq. Zaqatala fındığı qabıqlısı 5-6 manatdır. İnnabın, qabıqlı qozun da kilosu həmin qiymətədir.

Fındıq ləpəsi 14-15 manata satılır. Qoz ləpəsində isə qiymətlər fərqlidir; 13-14 manatdan başlayaraq 22-25 manata qədər dəyişir. Bazarda əsasən Şəkidən gətirilən qoz ləpəsi üstünlük təşkil edir.

Satıcı deyir ki, qiymətlərin fərqi ləpənin rənginə, iri və xırdalığına, dadına görə dəyişir.

Bazarda çərəzlər arasında püstə daha baha satılır – bir kiloqramı 28 manat. Satıcı da püstənin bu il baha olduğunu deyir. Səbəbini isə bu çərəzin İrandan gətirilməsi, elə orada da baha qiymətə satılmasıyla izah edir.
Badam ləpəsi 24 manatdan satılır. Ləbləbi 10 manat, kişmiş 6-8 manatdan başlayır. Özbəkistandan gətirilən iri qara üzüm qurusu isə 25 manatadır. Qabıqlı fıstıq 6 manata satılır.

İri İsrail xurmasının bir kilosu 26 manata satılır. Şabalıd 6-8 manatdır.
Qazax pomidoru 2 manat 50 qəpik, xiyar 1 manat 80 qəpik – 2 manat 20 qəpik arasında dəyişir. Zirə pomidoru 2 manat 70 qəpik – 3 manat 30 qəpik, bolqar bibərinin kilosu 5 manat, sivri bibərlərin 4-5 ədədi 1 manata satılır.

Satıcılar deyirlər ki, bayram ərəfəsi olsa da, alış-verişə gələnlərin sayı azdır: “Keçənilkinə baxanda bu il qiymətlər çox ucuzdur, amma alıcı çox azdır”.
Göyərtinin dəstəsi 20 qəpik, limonun 5 ədədi 1 manat, qırmızı soğanın kilosu 1 manat 50 qəpik, salat üçün lazım olan kök 1 manat, limonun 5-i 1 manata, kənd yumurtasının bir ədədi 25 qəpiyə satılır. Alma və narınginin qiyməti 2 manat, armud 2 manat 50 qəpik, mandarin 2 manat 50 qəpiyə satılır.

Üzüm 4-5 manata, ananasın bir ədədi 5 manatdır.
Mal ətinin qiyməti 8 manat, quzu əti 13 manatdır. Satıcıların sözlərinə görə, yarmarkalardakı qiymətlərlə bazar qiymətləri arasında fərq yalnız məhsulun keyfiyyəti ilə bağlı olur: “Məsələn, quzunu veririk 13 manata. Yarmarkada 7-8 manata o zaman olar ki, yaşlı qoyunun əti olsun. Başqa yerlərdə dana əti 10 manatdır, biz burada dişi malın ətini 8 manata satırıq. Bunu müştəriyə deyirik. Yəni, hər məhsulun öz qiyməti var. Fərqi yoxdur harada satılır”.
Bayramın əsas atributlarından olan səməni bazarda əsasən 1 manatdan satılır. Satıcılar gün ərzində 150-250 dənə səməni satdıqlarını bildirirlər.

Bəs alıcılar nə deyir?

Qiymətlərlə tanışlıqdan sonra müştərilərə yaxınlaşırıq.

Bir övlad sahibi olan Cəmilə xanım deyir ki, bayram ərəfəsində qiymətlərdə artım yoxdur: “Hər zaman bu bazara gəlirəm. Qiymətlər bir ay əvvəl necə idisə, indi də elədir. Fındıq ləpəsini 14 manata aldım. Üzüm 25 manatlıqdan almışam. Düzdür, 250 qram aldım, amma bunların dadı, keyfiyyəti ucuz satılandan daha yaxşıdır.

Siyahımda birinci fındıq, qoz var, onları alıram, şəkərbura, paxlava bişirmək üçün. Biz əvvəllərdən görmüşük ki, xonçalarda iydə, innab, xurma, noğul, alma qurusu və s. olur. Onların hərəsindən az-az almağa çalışıram. Təxminən 100-150 manat ayırmışam. Bu məbləğə mer-meyvə də alacam. Təbii ki, almaq istədiyim, amma büdcəmə uyğun gəlmədiyi üçün almadığım çox şeylər də var”.

Musa dayı isə qiymətlərin od-tutub yanmasından gileyləndi: “20 manata qoz ləpəsi olar? Mən onu necə alım? Mənim büdcəmə uyğun gəlmir. Yarmarkalara da getmişəm. Qiymətlərdə heç bir fərq yoxdur, qiymətlər əl yandırır. Mən az-az alsam belə, biraylıq pensiyamı gərək burda qoyub gedəm. Əvvəllər iki-üç kilo ilə alırdıq. İndi 200-300 qram alırıq, dadar-doymaz oluruq”.

Zemfira xala da təqaüdçüdür. Deyir ki, qiymətlər onu qane etmir: “Əlini vurursan, hər şey od qiymətinə. Alırsan olmur, almırsan da olmur”.

Həftəsonu təşkil edlilən yarmarkalara, eyni zamanda marketlərə də baş çəkdik. Demək olar ki, qiymətlərdə o qədər də fərq yoxdur.