Türkiyənin “Baykar” holdinqinə daxil olan “Baykar Teknik” şirkətinin direktoru Səlcuk Bayraktar “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb.
“CNN Türk”ə müsahibəsində Səlcuk Bayraktar bu döyüş pilotsuz təyyarələrinin müharibənin gedişatını dəyişdirdiyini bildirib.
O bildirib ki, bəhs edilən pilotsuz təyyarələr əslində robot-təyyarələrdir. “Bayraktar TB2”-nin içərisində 40-a yaxın kompüter var. Seriya istehsalı bu il başlayan və daha üstün göstəricilərə, döyüş qabiliyyətinə malik olan “Akıncı” pilotsuz döyüş təyyarələrində isə 100-ə yaxın kompeter var.
S.Bayraktar qeyd edib ki, Qarabağ müharibəsində “Bayraktar”lar həm də düşmənin elektron mübarizə vasitələrini dəf etməliydi. “Çox inkişaf etmiş elektronik hərb sistemlərinə qarşı SİHA-larımız onların həmləsindən yayınmaqla öz vəzifələrini icra etməliydi. Allaha şükürlər olsun ki, bu müharibə çox qısa zamanda yekunlaşmış oldu və içimizdə qanayan o yara (torpaqların işğalı) bir mənada qapandı deyə bilərəm”,-o bildirib.//Modern.az