BAYDEN NAVALNINI PUTİNƏ “SATDI”, BAKIYA İSƏ TƏZYİQLƏR ARTACAQ – ANALİZbackend

BAYDEN NAVALNINI PUTİNƏ “SATDI”, BAKIYA İSƏ TƏZYİQLƏR ARTACAQ – ANALİZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsveçrədə baş tutan Bayden-Putin görüşü yaxın zamanlarda dünya siyasətinə, dünyada baş verən və verəcək hadisələrə çox ciddi təsirləri olacaq. Görüşdən gözlə görünən, ən əsası isə ilk baxışdan görünməyən, amma hiss edilən nəticələr çıxartmaq mümkündür”.
TİA.Az xəbər verir ki, bu sözləri REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli bildirib. Onun fikrincə, hər iki ölkə səfirləri yenidən öz iş yerlərinə qayıdacaqlar: “Aylardır ki, səfirlər geri çağrılmışdı. Bir neçə qlobal istiqamət üzrə birgə işçi qruplar yaradılacaq, ya da işləri bərpa ediləcək, yəni kibercinayətkarlıq, Arktika və s. Hər iki ölkədə həbsdə olan vətəndaşların dəyişdirilməsi baş tutacaq.
İnsan haqları məsələsinə fərqli baxışların olduğu bilinirdi, amma görünən odur ki, ABŞ nə Navalnını həbsdən çıxarmaq üçün ciddi addım atmaq istədi, nə də KİV və QHT-lərlə bağlı Rusiyada olan bərbad vəziyyətlə bağlı ciddi narahatlığını biruzə verdi”.
N.Cəfərli qeyd edib ki, ABŞ üçün əsas məsələlərdən biri kibercinayətkarlıqla bağlı addımlar idi: “Məncə, bu məsələdə anlaşdılar, Kreml dedi ki, siz insan haqları mövzusunu və sanksiyaları zəiflədirsiz, biz də kiberhücumları saxlayırıq, həm də Arktikadan yeni dəniz yolunun açılması məsələsində sizinlə birgə işləyirik”.
REAL üzvü hesab edir ki, görüşün ən maraqlı detalı, “altı aydan sonra münasibətlərə baxacağıq”, bəyanatıdır: “Məncə, bu 6 ayda ABŞ və Rusiya arasında Çin məsələsinin ciddi, hərtərəfli müzakirəsi olacaq. Bir neçə dəfə yazmışam, bir daha qeyd edim: ABŞ və Avropa həm Rusiya, həm də Çinlə eyni anda, iki “cəbhədə” mübarizə apara bilməz, bu mümkün deyil, itkilərlə nəticələnəcək. Kollektiv Qərb üçün Çin-Rusiya strareji birliyi, böyük “ikiliyin” yaranması perspektivi qorxuludur, bu böyük “ikilik” mütləq indiki böyük “yeddiliyə” ciddi problemlər yaradacaq. Ona görə də, “ikilikin” yaranmasına imkan verməmək üçün Rusiyanı qane edəcək addımlarla Çinə qarşı ittifaqda yer almağa dəvətlər olacaq. Bu anlaşma baş tutsa Qərb keçmiş postsovet məkanını (Baltikyanı ölkələrdən başqa) Rusiyanın partonajlığına güzəştə gedəcək (müvəqqəti də olsa). Bu addımla həm Çinə qarşı birgə addımları korrdinasiya edəcək, həm də keçmiş post-sovetin bütün problemlərini Kremlin çiyninə yükləyərək SSRİ-nin aqibətini Rusiya üçün orta və uzun müddətdə hazırlayacaq – amma, bu müddət uzun çəkəcək, bu isə regionumuz, o cümlədən Azərbaycan üçün Şimaldan gələn təhdidlərin artması demək olacaq.
Bütün bunları nəzərə alaraq imzalanan Şuşa Bəyannaməsinin, Türkiyə-Azərbaycan hərbi-iqtisadi-streteji birliyinin önəmi daha da artır. Bizim üçün qoruma qalxanına çevrilir, yaxın illərdə dünyada hibrid, qarışıq, isti toqquşmalar, münaqişələr artacaq, Kremlin aqressiyası yüksələcək – belə bir dünyada sağ qalmaq və öndə olmaq üçün de-facto və de-jure ittifaqlarla yanaşı, daxili ciddi islahatların olması da mühüm rol oynayacaq”.

TİA.Az