Tribuna İnformasiya Agentliyi

“Başımıza gətirilən bəlaların kökündə milli birliyimizin olmaması dayanır” – Sabir Rüstəmxanlı

29 Dekabr
Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə bağlı xalqı təbrik edib.
Tia.az-ın məlumatına görə təbrikdə deyilir:
Əziz soydaşlarım! Sizləri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Sayı 50 milyonu keçən Azərbaycan xalqı türk xalqları içərisində nüfuzuna görə ən böyük xalqlardan biridir. Təəssüf ki, yüzillərlə xalqımızın başına açılan oyunlar, böyük imperiyaların bölgədəki maraqları azərbaycanlıların tarixən yaşadıqları və böyük imperiyalar qurduqları ərazilərin əhəmiyyətli hissəsinin işğalına səbəb olub. Tarixi torpaqlarımızın kiçik bir parçasında müstəqil dövlət qurmaq nəsibimiz olsa da, bu müstəqilliyin şirinliyini dadmağa da imkan verilmir. 30 ildən artıqdır erməni quldurlarının Rusiyanın aktiv hərbi dəstəyi ilə apardığı soyqırım və işğal siyasəti hələ də davam edir.
Torpaqlarımızın 20 faizi işğaldadır və xalqımızın, dövlətimizin bu işğalı aradan qaldırmaq üçün imkanlarını gerçəkləşdirməyə də böyük dövlətlər fürsət vermir, hər vəchlə erməni terrorunun davam etməsinə şərait yaradırlar.
Dünyada baş verən son proseslər, Yaxın Şərq hadisələri qlobal güclərin əsl mahiyyətini bir daha ortaya qoymaqdadır və hesab edirəm ki, bunu artıq hər bir azərbaycanlı yaxşı dərk edir.
Azərbaycan dünyada yeganə ölkədir ki, hər tərəfdən öz tarixi torpaqları ilə həmsərhəddir. Belə gərgin zamanda, böyük güclərin öz maraqları naminə ölkələri viran qoyduğu məqamda Azərbaycanın vətəndaş həmrəyliyi, milli birlik ideologiyasına çox böyük ehtiyacı var. Tarixən sübut edilib ki, vətəndaş həmrəyliyi olan, milli birliyə nail olan kiçik xalqlar belə böyük güclərin məkrli planlarına qarşı duruş gətirə, mövcudluqlarını qoruya və varlıqlarını təsdiqləyə bilirlər.
Azərbaycanın başına gətirilən bəlaların kökündə həmrəyliyimizin, milli birliyimizin olmaması dayanır. Səfəvilər imperiyasından sonra Azərbaycanın işğala məruz qalması da, iki dövlətin arasında parçalanması da həmin dövrdə xanlıqlarımız, 90-cı illərin əvvəllərində erməni işğalının reallaşmasının səbəbi də siyasi-hərbi qüvvələr arasında həmrəyliyin olmaması ilə əlaqədardır.
Vətəndaş həmrəyliyi, milli birliyi olmayan xalqın taleyi hər zaman sual altında olub. Əlbəttə, bütün çətinliklərə, bölünmələrə, parçalanmalara, ədalətsizliklərə, soyqırıma məruz qalmağımıza baxmayaraq, hazırda müstəqil Azərbaycan xalqımızın sərvətidir. Dünyada heç də bütün xalqlara dövlət qurmaq nəsib olmayıb və bu baxımdan, öz dövləti, bayrağı olan şanslı millətlər sırasında olmağımızla qürur duymağı bacarmalıyıq. Eyni zamanda, milli hədəflərimizdən də bir an da geri durmamalı, ona doğru hər zaman can atmalı, bu yolda, övladlarımızın və xalqımızın gələcəyi naminə hər şeydən keçməyi bacarmalıyıq.
Bu baxımdan vətəndaş həmrəyliyi hamının, bütün xalqımızın indiki və gələcək ideologiyasıdır. Bu ideologiyaya sadiq qalacağımız, ən çətin anlarda milli birlik nümayiş etdirəcəyimiz halda dövlətimizin müstəqilliyi də, xalqımızın firavanlığı da daimi olacaq.
Əziz soydaşlarımız!
Həmrəyliyimiz həm də bir-birimizə sosial həyatda güzəştlərimizdən, bir-birimizin haqqını tapdamamaqdan, xoşgörüdən, bir-birimizə hörmət və sevgidən qaynaqlanır.
Sizləri bir daha Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, xalqımıza rifah arzulayıram. 2019-cu ilin sülh və barış ili, torpaqlarımızın işğaldan azad olunması diləyi ilə
Sabir Rüstəmxanlı