Baş Prokurorluq və DİN-dən minaya düşənlərlə bağlı MƏLUMATbackend

Baş Prokurorluq və DİN-dən minaya düşənlərlə bağlı MƏLUMAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İki ay itkin kimi axtarışda olduqdan sonra Murovdağ silsiləsində minaya düşərək həlak olan Daşkəsən rayon sakinləri 2010-cu il təvəllüdlü Qismət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun ölümü ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata görə, iyulun 30-u Daşkəsən rayon sakinləri 2010-cu il təvəllüdlü Qismət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun kənd təsərrüfatı işləri ilə məşğul olmaq məqsədi ilə evdən çıxaraq itkin düşüb.

Sentyabr 24-də  Göygöl-Kəlbəcər rayonu Murovdağ silsiləsindəki düşmən tərəfindən minalanmış ərazidə ilkin ehtimala görə minaya düşmələri nəticəsində Qismət Bayramov və Ülfət Rüstəmova aid meyit fraqmentləri aşkar edilib.
Prokurorluq və polis əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı meyit qalıqları və müxtəlif geyim əşyaları  aşkar edilmiş, həmin fraqmentlərin Qismət Bayramova və Ülfət Rüstəmova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq davam etdirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcək.