Tribuna İnformasiya Agentliyi

Baş prokurorluq “TBC Kredit”in əsas səhmdarını araşdırır- Sənədləri müsadirə olundu

11 Yanvar

Gürcüstanın Baş prokurorluğu bu ölkənin ən iri bankı olan “TBC Bank”ın sənədlərini müsadirə edib.

Baş prokurorluğun mətbuat xidmətinin açıqlamasında deyilir ki, hazırda qurum bankın sənədlərini öyrənir. Bununla yanaşı, hüquq-mühafizə orqanları digər istintaq hərəkətlərini davam etdirir.

“Məsələ ilə bağlı yaxın gələcəkdə ətraflı məlumat veriləcək”, – deyə qurumun açıqlamasında vurğulanıb.

Bankın rəhbərliyinə qarşı cinayət işinin açılıb-açılmamasına dair açıqlama verilmir.

TİA.AZ Yeniçağa istinadən xəbər verir ki, ötən ilin iyul ayında Gürcüstanın hakim partiyası olan “Gürcü arzusu”nun rəhbəri, sabiq baş nazir Bidzina İvanişvili adıçəkilən bankı və “Bank of Georgia”nı sərt tənqid etmişdi. Siyasətçi bildirib ki, hər iki bank “ölkəni yeyib”: “Ölkə əhalisi gəlirlərinin 1/3-ini bank faizləri üzrə ödənişə yönəldir ki, bu da yolverilməzdir”.

2018-ci ilin sentyabr ayında isə “TBC Bank”ın adı “Omega Group” şirkətlər qrupunun rəhbəri Zaza Okruaşvili ətrafında baş verən qalmaqalda hallanıb. Okruaşvili isə “Rustavi2” telekanalına müsahibəsində bildirib ki, hökumət onun tütün biznesinə təzyiq göstərərək 4 milyon lari (1,5 milyon dollar) məbləğində vəsaiti ödəməyə məcbur edib, “TBC Bank” isə bu sxemdə iştirak edib.

Qeyd edək ki, “TBC Bank” Azərbaycanda fəaliyyət göstərən “TBC Kredit” bank olmayan kredit təşkilatının səhmdarıdır. Belə ki, “TBC Kredit”in səhmlərinin 75%-i məhz Gürcüstanın ən iri bankına məxsusdur.