Baş infeksionist: “Metronu, təhsil müəssisələrini, ticarət mərkəzlərini açmaq olmaz”backend

Baş infeksionist: “Metronu, təhsil müəssisələrini, ticarət mərkəzlərini açmaq olmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günə qədər Azərbaycanda 1592 təsdiqlənmiş COVID-19 infeksiyasına yoluxma halı qeydə alınıb. 21 nəfər ölüb, 1013 nəfər sağalıb, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir. Onlardan 16-nın vəziyyəti ağır, 23-nün vəziyyəti orta-ağır, qalanlarının isə stabildir.

Media.Az xəstəliyin yayılma dinamikası haqqında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, Azərbaycan Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayevlə söhbət edib.

“Düşünürəm ki, xəstəliyin ikinci dalğasına yol verməmək üçün karantindən mərhələli şəkildə çıxmaq lazımdır. Mayın 4-də Azərbaycanın karantin rejimini dayandırıb-dayandırmayacağı hələ dəqiq məlum deyil. Hər şey ölkədəki sanitar-epidemioloji vəziyyətdən asılı olacaq. Mövcud dinamikanın saxlanılacağı halda ayrı-ayrı qurumların fəaliyyətini qismən bərpa etmək mümkün olacaq”, – deyə C.İsayev bildirib.

O qeyd edib ki, bütün zəruri ehtiyat tədbirlərinə riayət etmək çox vacibdir.

“Vəziyyəti nəzarətdə saxlamaq, eyni zamanda ən pis ssenariyə hazır olmaq vacibdir”, – deyə baş infeksionist əlavə edib.

C.İsayevin sözlərinə görə, yumşaldılmış karantin rejimində məişət texnikası, atelye, gözəllik salonları, məişət avadanlıqlarının təmiri xidmətləri və ayaqqabı emalatxanaları da daxil olmaqla, kiçik mağazalar açıla bilər.

“Təlim-tədris müəssisələri, metropoliten, şadlıq evləri, restoranlar və ticarət mərkəzlərinin fəaliyyəti hələlik bərpa edilə bilməz. İnsanların kütləvi toplaşdığı yerlərdə yoluxma riski artır. Biz başa düşməliyik ki, karantindən çıxmaq epidemiyaya qalib gəlmək demək deyil. Əksinə, daha məsuliyyətli olmaq, sosial məsafəni qorumaq və maska taxmaq lazımdır.

Bir çoxlarının buna səthi yanaşdığını görürəm. Dolu avtobuslarda maskasız sərnişinləri müşahidə edirik. Üstəlik, son günlərdə yollarda avtomobillərin sayı artıb. Sərhədlərin açılmasına gəlincə, qeyd etmək istəyirəm ki, vətənə qayıdan bütün vətəndaşları karantinə almaq çox vacibdir. Axı bu gün pandemiya dünyanın bir çox ölkələrini bürüyüb”, – deyə həkim bildirib.

C.İsayev qeyd edib ki, təhsil müəssisələrinin fəaliyyətini ən sonda bərpa etmək daha məqsədəuyğun olar.

“Hələlik uşaqlar onlayn rejimdə oxusunlar. Ölkədəki vəziyyətin stabil olmasına baxmayaraq, rahatlaşmaq olmaz. Bu, epidemiyanın təkrar dalğasına səbəb ola bilər. Əgər hər kəs zəruri müdafiə tədbirlərinə riayət etsə, düşünürəm ki, o zaman mayın ortalarında epidemiya yox səviyyəsinə enməyə başlayacaq”, – deyə C.İsayev fikrini tamamlayıb.