Tribuna İnformasiya Agentliyi

“Bankları razı salmaq lazımdır” – deputat

08 Noyabr

Maliyyə naziri Samir Şərifovun təhsil kreditlərinin verilməsinə qarşı çıxması ictimaiyyətdə ciddi müzakirəyə səbəb olub.

Nazir hesab edir ki, təhsil krediti alanların onu qaytarması böyük bir sualdır. Eyni zamanda Azərbaycanda bank təşkilatları bu riski öz üzərlərinə götürmək istəmirlər. Buna dövlət müdaxilə etsə belə, kreditlər qaytarılmayacaq.

Ekspertlər nazirin hökumətə təhsil kreditlərindən imtina edilməsi mesajı verməsini doğru yanaşma hesab etmirlər.

Onların fikrincə, Azərbaycanda təhsil kreditinə cəlb olunanların say göstəricisi çox cüzidir. Ona görə də bu saya görə kreditdən imtina etmək düz deyil. Məlumat üçün qeyd edək ki, 165 min tələbədən 200 nəfər tələbəyə “Maarifçi” Tələbə Kredit Fondu güzəştli şərtlərlə kredit verib.

Millət vəkili Fazil Mustafa Cebhe.info-ya açıqlamasında deyib ki, bu məsələ maraqlar çərçivəsində həll olunur:

“Yəni, banklar arxayın olmalıdır ki, bu pul qayıdır. Ya başqa mexanizm tapılmalı, ya da indiki şərtlərdə pul qayıtmayacaqsa, banklar bu istiqamətdə riskə getməyəcək. Ona görə də bu məsələ açıq qalır. Hər halda hökumət məsələni müzakirə edərək, bir nəticə çıxarmalıdır. Çünki təhsil mühüm sahələrdən biridir və kreditlərin verilməsi də vacibdir”.

Kredit verilən 200 nəfərin böyük say olmadığını qeyd edən deputat bildirib ki, bu məsələdə bankları razı salmaq lazımdır:

“Çünki say nə qədər olsa da, pul verilir”.