Bank oğruları yenə AKTİVLƏŞİB – Nura Suri və rəfiqələri necə TORA DÜŞÜB?backend

Bank oğruları yenə AKTİVLƏŞİB – Nura Suri və rəfiqələri necə TORA DÜŞÜB?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bank kartlarının dələduzları son vaxtlar daha da aktivləşiblər. Vətəndaşların bank kartlarındakı pullarının oğurlanması ilə bağlı şikayətləri çoxalıb.

Kapital bank adından müxtəlif mobil nömrələr vasitəsilə müştərilərə zəng olunur və məlumatları barədə soruşulur.

Dələduzlar çox ustalıq və məharətlə müştərilərin əksəriyyətindən öz bank kartlarının göstəricilərini ala bilirlər. Bu tələyə tanınmış estrada müğənnisi Nura Suri və ayrı-ayrı vaxtlarda bir neçə rəfiqələri düşüb.

Bizim.Media-ya açıqlamasında müğənni hansısa tanış olmayan nömrədən zəng aldığını və bank kartı ilə bağlı məlumatları soruşulduğunu deyib:

“Mənə də zəng gəlmişdi və aldatmaq istəyirdilər.

Oğlumun müəlliməsi, rəfiqələrimə də bənzər zənglər olunub. Camaatın pensiya kartından pullar çıxarılır. Kapital Bank da heç nə etmir. Əslində bloklaya bilər və o pulları geri qaytara bilər.

Maraqlıdır, mənə zəng edən şəxs adımı, soyadımı və nömrəmi haradan bilir? Kim verir axı bu məlumatları?”, -deyə müğənni şikayətlənib.

Adının çəkilməsini istəməyən Nura Surinin rəfiqəsi isə 3 gün əvvəl dələduzların toruna düşüb:

“Şubamı “Lalafo”ya qoymuşdum. Gülnarə adlı xanımdan zəng gəldi ki, şubanı çox bəyənmişik, almaq istəyirik, filan. Dedilər əşyanı saytdan çıxarım ki, başqaları almasınlar. Dələduzlarla bağlı məlumatlı idim. Sadəcə bu məsələdə məni çox inandırdılar.

Kart nömrəsi istədilər ki, şubanın pulunu ora köçürsünlər.

16 rəqəmdən ibarət nömrəni göndərəndə, mənə mesaj gəldi ki, dələduzluqla bağlı kodu heç kimə verməyin. Amma mən verdim və günah da özümdədir. Çünki bank nömrəmi və ad-soyadımı özüm təqdim etdim.

Kartda 110 manat pulum var idi. Baxdım ki, çıxarılıb. Heyf ki, gec ayıldım”.

Şikayətçi başına gələnlərlə bağlı Kapital Banka da müraciət edib. Bankdan isə xanıma bütün məlumatları özü verdiyi üçün heç nə etmək mümkün olmayacağı bildirilib.

Kapital Bankın mətbuat katibi Pərviz Sədrəddinov Bizim.Media-ya bildirib ki, bank əməkdaşı heç vaxt müştəridən onun kart məlumatlarını istəyə bilməz. Çünki o, sistemdə hamısını görür:

“Yenə də vətəndaşlara çağırış edirik ki, diqqətli olsunlar və bank kartı ilə bağlı heç kimə məlumat verməsinlər. Kapital Bank mütəmadi olaraq mətbuatda, sosial şəbəkələrdə ödəniş kartlarından təhlükəsiz istifadə barədə məlumatlandırıcı xəbərlər paylaşır, cəmiyyətdə maarifləndirmə tədbirləri keçirir, həmçinin kiber-cihayətkarlarla üzləşməmək üçün təhlükəsizlik qaydalarına riayət etmək barədə SMS-bildirişlər göndərir”.

Bank rəsmisi onu da əlavə edib ki, aldadılan müştəri həmin an Kapital banka müraciət edərsə, kartdan istifadəni bloklamaq olar. Yaxud müştəri özü Bir Bank vasitəsilə bloklaya bilər.

Bank oğruları yenə AKTİVLƏŞİB