Tribuna İnformasiya Agentliyi

“Bank of Baku” kreditlərini yığa bilmir – 45%-İN VAXTI KEÇİB

24 İyul

Azərbaycanın aparıcı banklarından olan “Bank of Baku” kreditlərinin yığılmasında böyük çətinlikləri indiyədək həll edə bilmir. TİA.AZ bankın açıqladığı maliyyə hesabatlarına istinadən xəbər verir ki, bir ildən artıqdır ki, bankın kredit portfelində problemli kreditlərin payı 40%-dən aşağı enmir. 2015-ci ilin 3-cü rübünün sonunda bankın problemli kreditləri 95 milyon manata yaxın olsa da, bir il sonra bu göstərici 116 milyon manata, 2017-ci ilin birinci rübünü nəticələrinə görə isə 140 milyon manata çatıb. Nəticədə 2017-ci ilin 1-ci rübünün nəticələrinə görə, bankın problemli  kreditlərinin ümumi kredit portfelində xüsusi çəkisi 42%, 2017-ci ilin 2-ci rübündə 41%, 3-cü rübündə 43%, 2017-ci ilin sonunda isə yenidən 42% təşkil edib.
Kreditlərin yığılmasındakı çətinliklər bu il də davam edir və 2018-ci ilin 1-ci rübünün nəticələrinə görə, belə kreditlərin çəkisi 48%, ilin ikinci rübünün nəticələrinə görə isə 46% təşkil edib. Hazırda bankın problemli kreditlərinin həcmi 140 milyon 677 min manat təşkil edir.

Bankın ümumi kredit portfeli də ötən ilin eyni rübü ilə müqayisədə 11,1% azalaraq 307 mln 285 min manat olub.Ən çox kredit verilən region Bakı şəhəri 214 mln 229 min manat olub. Növbəti region 23 mln 952 min manat kredit göstəricisini özündə əks etdirən Sumqayıt şəhəridir. Ümumilik də , regionlar üzrə verilən kreditlər də ən çox paya sahib olan Abşeron yarımadası olub ki , bu da ümumi məbləğin 81,3% təşkil edir. Qeyd edək ki, ötən ilin eyni rübündə Abşeron yarımadası üzrə kredit göstəricisi 83% olub.

Vaxtı keçmiş kreditlərin 86,1 milyon manatı Bakının, 12,3 milyon manatı Sumqayıt şəhərinin payına düşür. Gəncə, Şəki, Abşeron və Lənkəran da kreditlərin çətin qaytarıldığı ərahilərdir. Bankın bu şəhərlərdə yığa bilmədiyi kreditlərin həcmi şəhərlər üzrə  6,7-7,7 milyon manat ətrafında dəyişir. Xaçmazdan olan müştərilər  isə «Bank of Baku»nun 4,9 milyn manat kreditini götürüb qaytarmırlar.

İqtisadiyyatın sahələrinə gəlincə,  problemli kreditlərin 102 milyon manatı fiziki şəxslərin (istehlak kreditləri), 36 milyon manatı ticarət və xidmət sahəsinin, 2,5 milyon manatı kənd təsərrüfatının 300 min manata yaxın hissə isə sənayenin digər sahələrinin payına düşüb.