Bank kartlarından oğurluqlar artıb! – “Bəzi bankların təhlükəsizliyi zəifdir”backend

Bank kartlarından oğurluqlar artıb! – “Bəzi bankların təhlükəsizliyi zəifdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, ötənlərdə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycanda iki şəxsin bank kartlarından oğurluq edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 27-də Bakı şəhər sakini Z.Yusifovun bank hesabından 1 593 manat pul oğurlamaqda şübhəli bilinən V.Məmmədov müəyyən edilərək saxlanılıb. Digər məlumata görə, dekabrın 28-də Tovuz rayon sakini V.Əhmədovun bank hesabından 500 manat pul oğurlamaqda şübhəli bilinən F.Qənbərli müəyyən edilərək saxlanılıb.

Dünyanın bir çox ölkəsində kibercinayətkarlığa qarşı mübarizə aparılır. Fırıldaqçılıq halları son illərdə ölkəmizdə də müşahidə edilməyə başlayıb. Dələduzlar bank kartı məlumatlarını oğurlamaq üçün müxtəlif üsullara əl atırlar. Daha çox bank müştərilərini aldadaraq onların pullarını internet üzərindən ələ keçirməyi bacarırlar.

TİA.AZ-ın məlumatına görə, dələduzlardan qorunma yolları barədə “Sherg.az”a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, Mərkəzi Bank nəzarəti gücləndirməlidir:

“Vətəndaşların bank kartından pul oğurlanması həm vətəndaşdan, həm də bankdan asılıdır. Məsləhət görürəm ki, bank istifadəçisi şifrəsini, pin kodunu heç kəsə deməsin.

Banklarda belə bir sistem var ki müştərinin kartından pul silinməzdən əvvəl telefonuna SMS gəlir. Əgər vətəndaş əməliyyatın icra olunmağını istəyirsə, təsdiq verməlidir, istəmirsə, rədd etməli və banka əməliyyat üçün müraciət etmədiyini bildirməlidir. Bu sistemdən istifadə etməyi hər kəsə tövsiyə edirəm.

Digər tərəfdən bəzi vətəndaşlar bütün lazımi tədbirləri gördüklərini söyləyirlər, lakin yenə də vətəndaşların bank hesablarından vəsaitlər oğurlanır. Artıq burada günahkar bankdır.

Qeyd etmək istəyirəm ki, Azərbaycan banklarının əksəriyyətində informasiya təhlükəsizliyi çox zəifdir. Hakerlər isə çox güclüdürlər. Zəif bank sistemlərinə daxil olaraq pul oğurlamaq onlar üçün asandır. Belə hadisələrin qarşısını almaq üçün bankların başlıca vəzifəsi möhkəm sistem yaratmaqdır.

Baş vermiş bir situasiyadan bəhs etmək istəyirəm. Deməli, ötən il Azərbaycan vətəndaşının kartında avqust ayından noyabra qədər 100-dən çox əməliyyat icra olunub.

Bankın müştərisi SMS sisteminə qoşulsa da, əməliyyat icra olunarkən ona sms gəlməyib. Bankdan isə bildirilib ki, SMS daim göndərilir. Məhkəmələrin əksəriyyətinin bu barədə anlayışı olmadığı üçün bir qayda olaraq, bankın tərəfini tuturlar. Proses hələ bitməyib. Əgər vətəndaşın əleyhinə qərar qəbul edilərsə, məhkəmənin qərarını dərc edəcəyəm.

Qoy, hamı görsün. Vətəndaş tələb olunan hər şeyi edir, lakin bankın təhlükəsizlik sistemi pis işləyirsə, bunun günahkarı vətəndaş olur”.