Tribuna İnformasiya Agentliyi

Balakən-Bakı qatarında insident olub

06 Avqust

Bu gecə Balakəndən Bakıya gələn sərnişin qatarında insident baş verib

Tia.az xəbər verir ki, hadisə qatarın keçdiyi Şəki stansiyasında qeydə alınıb.

Dörd nəfər – Əzizağa, Gülnarə və Gülxanım Əzizovalar, eləcə də Rəfiqə Səfərli vaqon bələdçilərinə internetlə bilet aldıqlarını bildirərək qatara minmək istəyiblər. Lakin bələdçilər onlardan onlayn biletin kassadan alınmalı olan kağız variantını tələb ediblər. Tərəflər arasında mübahisə yaranıb.

Bundan sonra vətəndaşlar internetlə ödənişin həyata keçirildiyini təsdiq edən tranzaksiya kodlarını bələdçilərə təqdim ediblər və qatarın bir qədər sonra keçəcəyi Yevlax stansiyası ilə əlaqə saxlanılıb. Biletlərin kassadan əldə olunacağı dəqiqləşdikdən sonra sərnişinlər qatara buraxılıblar. İnsident qatarın hərəkətində gecikməyə səbəb olmayıb.

Xatırladaq ki, internetlə sifariş verilmiş bilet qatarın minik stansiyasından yola düşməsinə 1 saat qalmışa qədər şəxsiyyəti təsdiq edən sənəd (bilet sifarişində qeyd olunmuş) təqdim olunmaqla “Azərbaycan Dəmir Yolları” QSC-nin kassalarından əldə edilməlidir. Kassir təqdim olunmuş sənəddəki məlumatları yoxlayır və bileti çap edərək sərnişinə verir.