Bakının yeni meri kimdir? – DOSYEbackend

Bakının yeni meri kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısı təyin edilib.
TİA.AZ Eldar Əzizovun dosyesini təqdim edir:
Əzizov Eldar Əziz oğlu 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb.
1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb.
1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.
1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib.
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.
2000-ci ilin iyun ayından Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub.
2015-ci ilin sentyabr ayında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
1980-ci ildə “Şərəf nişanı”, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib.
Ailəlidir, 2 övladı var.