Tribuna İnformasiya Agentliyi

“Bakı”nın bazası Hafiz Məmmədovun əlindən alındı

13 Sentyabr

«Bakı»nın Biləcəri qəsəbəsində yerləşən təlim-məşq bazası Hafiz Məmmədovun əlindən alınıb.

Tanınmış iş adamının 2008-ci ildə tikintisinə başladığı və 3 il sonra istifadəyə verilən kompleks artıq başqa şirkətin balansına keçib.

Belə ki, “Delfin” MMC ötən il “Bakı” Futbol Klubu MMC-ni məhkəməyə verib.  1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Delfin” MMC klubu xüsusi mülkiyyətdə olan sahədən çıxarılması barədə tələb irəli sürüb.

Məhkəmə prosesi zamanı “Bakı” qarşı tərəfdən “pulun tutulması” barədə qarşılıqlı iddia qaldırıb. Qərara əsasən, ilkin iddia təmin edilib, lakin qarşılıqlı iddia rədd olunub.

Məhkəmə qərarından narazı qalan “Bakı” F rəhbərliyi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və qəbul olunmayıb.

“Bakı” Azərbaycanın tanınmış futbol klublarından biridi. Bu komanda iki dəfə ölkə çempionu, üç dəfə Azərbaycan kubokuna sahib olub. Həmçinin “Bakı” Azərbaycanı bir neçə dəfə avrokuboklarda təmsil edib.

Klub ötən mövsüm zərbaycanın aşağı yaş qrupları üzrə liqalarda “İsgəndər Cavadov Akademiyası” ilə təmsil olunub. Akademiya növbəti sezonda da iştirak etməyə hazırlaşırdı, lakin…

120-dən artıq müxtəlif yaşlı uşaq indi bazaya buraxılmır. Akademiyayaya məxsus əmlak burda saxlanılır,  gəl ki, onları ordan götürməyə də icazə verilmir.

«Delfin»MMC sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olub və yaxınlarda əl dəyişib. Vaxtilə «Bakı»nın fəxri prezideniti olan A.Məmmədovun H.Məmmədovla münasibətləri dəyəndən sonra klubun qara günləri başlayıb.

Əslində, obyekt H.Məmmədova məxsusdu, sadəcə, torpaq mübahisə predmetidi. «Bakı»dan tələb olunur ki, ərazini boşaltsın. Yəni ki, nə tikilibsə, hamısı köçürülməlidi. Uzun illər ölkə futbolunun inkişafına vəsait ayırmış iş adamı bura 200 milyon manata yaxın sərmayə yatırıb.

Bəs bunu necə etməli? H.Məmmədovun son illərdə müxtəlif bank və instansiyalara külli miqdarda borcu yaranıb.

Güman ki, bazanın əmlakı qiymətləqndiriləcək və həmin borcdan çıxılacaq. Uşaqların gələcəyi necə olsun? Bax, bu sual heç kimi qayğılandırmır. Yüzlərlə yeniyetmə və gəncin sevimli məşğuliyyətindən uzaq düşməsi ilə maraqlanan yoxdu.

Bazanın yeni mülkiyyətçisinin kimliyi Sportinfo.az-a məlumdu.

Hələlik müəyyən əbəblərdən açıqlamırıq. Qısaca onu bildirək ki, həmin şəxs kifayət qədər iri ranqlı məmurdu. Nəinki Cavadovun, AFFA rəhbərliyinin də prosesə qarışmaq imkanı yetərsizdi.

Əllərindən nəsə gəlsəydi, yəqin ki, indiyədək məsələyə müdaxilə edərdilər. Çünki respublikanın ən böyük futbol bazasının bu sahədən tamamilə uzaq bir insanın sərəncamına keçməsi onlara da minusdu.

Milli komandalar paytaxtdan xeyli uzaq Mərdəkanda məskunlaşmağa məcburdu. Biləcəri isə Bakının «qulağının dibindədi» və federasiyanın marağında olmalıydı ki, bura yenə öz təyinatı üzrə istifadə olunsun,

H.Məmmədovun tikdirdiyi baza Avropa klublarının belə, həsəd aparacağı səviyyədədi. Ötən illər ərzində millimizin qonağı olan bir çox komandalar burda məşq keçib və müsbət fikirlə ayrılıb. Hətta Kriştianu Ronaldo da yaradılan şəraiti yüksək qiymətləndirib.

Elə isə bazanın bundan sonrakı taleyi necə olsun? Bu barədə bir fikirləşən tapılmayacaq? Bəlkə də Rövnəq Abdullayev… AFFA və SOCAR-ın prezidenti irəli dayansa, güman edirik ki, adıçəkilən baza öz statusunu saxlayacaq.

Artıq yeni mülkiyyətçinin adamları kompleksə tam nəzarət edir. Mühafizə xidmətindən tutmuş, işçi personalına kimi hamı  dəyişdirilib. İndi quş da öz quşluğu ilə burdan uça bilməz. Əraziyə avtomobillərin yaxınlaşmasına icazə verilmir. Görünən mənzərə ondan ibarətdi ki, bu xəmir hələ çox su aparacaq, «Bakı» adı isə hər yerdən silinəcək.