Tribuna İnformasiya Agentliyi

Bakının 4 təkərli “hamamları”: problem niyə həll olunmur?

14 İyul

Ekspert: “Sürücü iş yerini itirməmək üçün kondisioneri qoşmur və bunun da əziyyətini vətəndaşlar çəkir”

Yay gələndə Bakıda insanların ən çox şikayətləndiyi sahələrdən biri də ictimai nəqliyyatdır. Belə ki, illərdir Bakıda fəaliyyət göstərən avtobuslarda kondisioner sisteminin olmaması müzakirə edilsə də, problem öz həllini tapmır. Bu gün Bakının mərkəzinə, kəndlərinə işləyən yüzlərlə avtobus 4 təkərli “saunanı” xatırladır. İsti yay günlərində tıxaclı yollarda sərnişinlər xeyli əziyyət çəkirlər.

“Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində  sərnişinlər bildirdilər ki, istiyə görə gündüz saatlarında avtobusa minmirlər: “Xüsusilə də kəndlərə işləyən marşrut xətlərinin əksəriyyətində avtobus çatışmır. Məsələn, Ramana, Balaxanı istiqamətinə hərəkət edən avtobusların həm sayı azdır, həm də ölçüsü balacadır. Buna görə də hər gün pik saatlarda sıxlıq yaşanır. Avtobusda ayaq qoymağa yer olmur. Havalar qızanda isə ümumiyyətlə, nəfəs almaq xeyli çətinləşir. Dəfələrlə bu avtobuslarda yaşlıların, ürək problemi olan insanların halı pisləşib”,-deyə söhbət etdiyimiz sərnişinlər bildirdilər. Sərnişinlər onu da söylədilər ki, kondisioner sistemi olan avtobuslarda belə, sürücülər sərinləşdirici sistemi işə salmırlar. Deyirlər ki, kondisioner işlədəndə, yanacaq çox gedir.

Sürücülər isə söylədilər ki, yaxın zamanlarda bütün avtobuslar yeniləri ilə əvəzlənəcək. Onlar qeyd etdilər ki, sərinləşdiricisi olmayan avtobusları sürmək onlar üçün də çətindir: “Heç olmasa, sərnişin minib, müəyyən məsafəni getdikdən sonra düşür. Biz isə 10-12 saat avtobusun içərisində bişirik. Təbii ki, bizim üçün də kondisionerli avtobusun olması sərfəlidir”.

Bakı Nəqliyyat Agentliyi isə ötən il olduğu kimi yenə də açıqlama verib ki, onlar sözügedən problemin həllinə çalışırlar. BNA-dan verilən açıqlamaya görə, Bakıda 2100 avtobus var ki, onlardan 400 ədədində sərinləşdirici sistem mövcud deyil.

“Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert İlqar Hüseynov isə söylədi ki, sürücülərə şirkətlər tərəfindən müəyyən şərtlər qoyulduğu üçün onlar kondisioneri işə salmırlar: “Soyutma sistemləri avtobuslarda ayrıca bir motordur və bu motor işə düşən zaman yanacaq sərfiyyatını xeyli dərəcədə artırır. İritutumlu nəqliyyat vasitələrində kiçik həcmli maşınlarla müqayisədə daha çox yanacaq sərf olunur. Ona görə də şirkətlər maksimum çalışırlar ki, avtobuslarda kondisioneri işə salmayıb, yanacağa qənaət etsinlər. Şirkətlər sürücülərə tapşırıq verirlər ki, gün ərzində filan qədər yanacaq işlətməlisiniz. Artıq olarsa, maaşınızdan tutulacaq. Sürücü də iş yerini itirməmək üçün kondisioneri qoşmur və bunun da əziyyətini vətəndaşlar çəkirlər.

Ä°lgili resim

Məsələ ilə bağlı vətəndaşlardan kifayət qədər şikayətlər var. Hazırda Bakıda ”Bakubus” şirkətinin avtobuslarından  başqa digərlərində kondisionerlər işləmir. Xüsusilə də problem Bakı ətrafına işləyən avtobuslarda daha ciddidir. Bəzi avtobuslar isə ümumiyyətlə, istismara yararsız vəziyyətdədir. Onlarda isə soyutma sistemləri işləmir. Halbuki avtobuslar texniki baxışdan keçirilməlidir və ildən-ilə yenilənməlidir. Şirkətlər öz avtobuslarını qışda qış, yayda isə yay rejiminə keçirməlidir. Hər bir şirkətin arxasında oliqarx-məmurlar dayanır və onlar əhalinin haqlı narazılıqlarını nəzərə almırlar. Burada korrupsiya və digər bu kimi faktorlar da böyük rol oynayır. Bütün sahələrdə olduğu kimi, bu sahədə də vətəndaşların hüquqları, mənafeləri tapdalanır. Buna qarşı heç şikayət edən də yoxdur”.

Ekspert bildirib ki, məsələ ilə bağlı vətəndaşların özləri də passivlik nümayiş etdirirlər: “Vətəndaşların özləri də ictimai nəzarət mexanizminin necə qurulması, hüquqi proseduralarla bağlı hansısa bilgiyə malik deyillər, yaxud da qorxurlar. Avtobusla bağlı kollektiv şikayətlər olmalıdır. Bakı Nəqliyyat Agentliyi qarşısında məsələ qaldırılmalıdır. İllərdir ki, mətbuat bu məsələdən yazsa da, bunları dəyərləndirmirlər. Burada vətəndaşlara dəyən zərərlə bağlı kompensasiya tələbləri də olmalıdır. İnsanlar talelərinə biganə qalmalı deyillər. Əgər vətəndaşlarımız kütləvi şəkildə bunu etsələr, şirkətlərə cərimələr tətbiq olunsa, o zaman problem həllini tapar. Çünki şirkət görər ki, yanacağa qənaət etsə də, digər tərəfdən daha böyük məbləğdə cərimə, kompensasiya ödəyir”.

Avtobuslarda gediş haqqına gəlincə isə ekspert aşağıdakıları bildirib: “Qiymət məsələsini Tarif Şurası müəyyənləşdirir. Şirkət özü müəyyənləşdirə bilmədiyi üçün bütün növ avtobuslarda qiymətlər eynidir. Tarif Şurası da qiyməti qoyan zaman kondisioner işlədilməsini, məsafəni və şirkətin də xeyrini hesabladıqdan sonra qiyməti müəyyənləşdirib. Sadəcə olaraq, şirkət rəhbərləri maksimum qənaət edib, daha çox qazanmaq istəyirlər”.