Tribuna İnformasiya Agentliyi

Bakının ən təhlükəli “dayanacağı”: İnsan magistralın kənarında gözləyir (VİDEO)

31 Dekabr

Onlarla insan magistral yolun kənarında toplaşıb maşın gözləyir. Bura Paytaxtın Qaradağ rayonu Lökbatan dairəsidir.

Vətəndaşlar yolun hərəkət hissəsində rayonlara gedən minik maşınları və mikroavtobuslara minirlər. Onlar bölgələrə gedərək bayramı yaxınları ilə qeyd etmək istəyirlər.

İnsanların yolun hərəkət hissəsində nəqliyyat vasitələrini gözləməsi həm təhlükədir, həm də yolda sıxlıq yaradır.Onlardan niyə avtovağzaldan hərəkət etmədikləri ilə maraqlandıq.

Bəziləri isə Lökbatan dairəsindən getməyin daha sərfəli olduğunu iddia edirlər. Onların sözlərinə görə avtovağzaldan hərəkət edən nəqliyyat vasitələri nisbətən bahadır

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova “Xəzər Xəbər”ə bildirib ki, nəqliyyat vasitələrinin azlığı və qiymətlərin yüksək olması həqiqəti əks etdirmir. Belə ki, qiymət tarif şurası tərəfindən müəyyən edilir və heç bir süni artım müşahidə edilmir. Sıxlıq nəzərə alınaraq xəttə əlavə avtobuslar buraxılıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın sözlərinə görə yol kənarından, yəni müəyyən edilməmiş yerlərdən vətəndaşların mikroavtobuslar vasitəsilə daşınması qanunsuzdur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə deyib ki, əgər belə faktlar aşkarlanarsa həmin sürücülərə qarşı protokol tərtib edilir.