Bakıda yeni dələduzlar peyda olub: Rayonda yaşayan qızlardan pul alıb, yoxa çıxırlarbackend

Bakıda yeni dələduzlar peyda olub: Rayonda yaşayan qızlardan pul alıb, yoxa çıxırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, Bakıda yeni dələduzlar peydə olub, xüsusilə, gənc xanımlara qarşı fırıldaqçılıq edən şəxslər onlardan kirayə mənzil adı ilə pul tələb edərək daha sonra yoxa çıxırlar.
 
Dərslərin, universitetlərin əyani başlaması ilə bağlı qərar verildikdən sonra artıq tələbələr oxuduqları universitetlərin olduğu şəhərlərdə kirayə mənzil axtarışına başlayıblar. Hətta mütəxəssislər bildirir ki, bu səbəbdən kirayə mənzil bazarında bahalaşma da müşahidə olunur.
 
Amma tələbələrin saytların üzrərindən kirayə mənzil axtarışı zamanı bir başqa problem də ortaya çıxıb. Sosial şəbəkələrdə bununla bağlı xeyli şikayətlər yayılıb. Belə ki, kirayə mənzillə bağlı elan yerləşdirən şəxslər kirayə evlər axtaranlara qarşı fırıldaqçılıq edirlər.
Redaksiyamıza müraciət edən Aylin adlı tələbə qız məhz bu dələduzlardan birinin qurbanı olduğunu bildirib. O, elan saytlardan birində kirayə mənzil gördüyünü, qarşı tərəfə zəng etdikdə isə ondan beh tələb edildiyini qeyd edib. Ödənişi alan şəxs isə daha sonra ortadan itib.
Elan yerləşdirən şəxslər mənzilin qiymətini dəyərindən ucuz qiymətə qoyur və müraciət edən şəxslərə mənzili başqasına verməmək, tez bir zamanda kirayələmək üçün əvvəlcədən kart hesabına müəyyən miqdarda pul göndərmələrini tələb edirlər. Vəsait hesaba göndərildikdən sonra isə pulu qəbul edən şəxslər telefon zənglərinə cavab vermir və ortadan yox olurlar.
 
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bir çox kirayə mənzil axtaranlar bu kimi hallarla üzləşdiyini bildirib.
 
Ekspert məsələyə bu cür yanaşıb:
 
“İstər sosial şəbəkələr olsun, istərsə də elan saytları bunlarda hər hansı bir elanı yerləşdirmək üçün məhdudiyyət yoxdur. Məhdudiyyətlər olmadığına görə, ötən il də bu cür hallar baş vermişdi, tutaq ki, ucuz qiymətə elanlar yerləşdirirlər. Bazarın bir ajiotaj vaxtı olur ki, müştəri çox, evlər isə az olur. Həmin elanlar üçün müraciət edən müştərilərdən ilk olaraq bunu soruşurlar, ”Bakıdasınız, yoxsa rayondasınız?”. Əgər o, desə ki, rayondayam, o zaman mənzilin olduğunu və götürmək istəyirsə, başqa şəxsə verilməməsi üçün “beh” olaraq hesaba müəyyən miqarda pul atmasını bildirir. Əgər həmin şəxs Bakıda olduğunu və gəlib baxmasını desə, o zaman mənzilin artıq başqa şəxsə verildiyini bildirir. Zamanla kirayəylə, hətta satışla bağlı bu cür hallara çox rast gəlinib. Məsələn, 100 min dəyərində mənzil elanına xarici nömrə qoyaraq başqa ölkədə olduğunu və mənzili almaq istəyirsə, ondan gəlməsi üçün əvvəlcədən pul tələb edir”.
 
E.Fərzəliyev bildirib ki, müştərilər əyani görmədikləri mənzil üçün qabaqcadan beh verməməlidirlər:
 
“Bu kimi halların qarşısını almaq çətindir. İnsanları, daha çox da tələbələrin həssas vaxtlarında istifadə edirlər. Sadəcə mənzili götürmək istəyən vətəndaşlar əyani baxmadıqları heç bir evə qabaqcadan beh verməməlidilər. Ümumiyyətlə, qoyulan şəkillərin əksəriyyəti real mənzili əks etdirmir. İstər beh, istər mənzili kirayələmək qanunla həyata keçirilməlidir. Yəni notarial qaydada müqavilə bağlanılmalıdır. Belə olduğu halda kər iki tərəfin hüquqları qorunur. Bir tərəf digər tərəfin hüququnu pozduqda məhkəmə yolu ilə müraciət edərək haqqını tələb edə bilər. Amma real fakt olmadıqda bu cür xoşagəlməz hallar ortaya çıxır”.
 
Onu da qeyd edək ki, Daxili İşlər Nazirliyi də bununla bağlı məlumat yayaraq hər kəsi belə elanlara diqqətli yanaşmağa, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyə və məlumatlarını kənar şəxslərlə paylaşmamağa çağırır. Bu kimi hallarla üzləşən şəxslər DİN-in “102 Zəng-Mərkəzi”nə müraciət edə bilərlər.