Tribuna İnformasiya Agentliyi

Bakıda yaşlı qadını amansızlıqla öldürən şəxs: “Pulu içkiyə xərclədim…”

15 Avqust

Bakıda yaşlı qadına qarşı quldurluq edərək ona ağır xəsarət yetirən şəxs hakim qarşısına çıxarılıb. Yaşlı qadın hadisə zamanı aldığı ağır xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. Amma onun həyatını xilas etmək mümkün olmayıb. O, baş nahiyəsinə aldığı çoxsaylı zərbələrdən sonra xəstəxanada dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində quldurluqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Etibar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Etibar Məmmədov ayrı-ayrı vaxtlarda iki yaşlı qadına qarşı quldurluq edib. Onun sonuncu cinayət əməli isə ölümlə nəticələnib.

Etibar Məmmədov bu il yanvarın 13-də Bakı şəhər sakini Firəngiz Heydərovaya qarşı quldurluq edib.
Həmin gün F.Heydərova kəllə-beyin xəsarəti ilə 3 saylı Sabunçu rayon xəstəxanasına gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə məlumat daxil olub. Araşdırmalarla həmin qadının Bakı şəhər sakini Firəngiz Heydərova olması, həmin gün yaşadığı evin girişində naməlum şəxsin onun başına küt alətlə xəsarət yetirərək çantasını alması müəyyən edilib. Baş Cinayət Axtarışı İdarəsi, Metropolitendə Polis Şöbəsi, 24-cü polis bölməsi, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini. əvvəllər məhkum olunmuş Etibar Məmmədov olması müəyyən edilib.

İttihamda yazılır ki, Firəngiz Heydərova çantası əlindən alınarkən müqavimət göstərib. Bu zaman E.Məmmədov onun baş nahiyəsinə küt alətlə zərbələr endirib. Yaşlı qadın yıxıldıqdan sonra onun çantasını götürərək hadisə yerindən qaçıb. Səs-küyə gələn qonşular F.Heydərovanı xəstəxanaya çatdırıb. Daha sonra məlum olub ki, F.Heydərovanın çantasında mobil telefonla yanaşı qızıl-zinət əşyaları da olub.

Etibar Məmmədovun daha əvvəl də yaşlı bir qadına qarşı quldurluq etdiyi, çantasını alaraq oradan qaçdığı məlum olub.

Ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bildiyini deyən E.Məmmədov yaşlı qadına çoxsaylı zərbələr endirmədiyini, ümumiyyətlə ona zərbə vurmadığını deyir. Bildirir ki, çatanı yaşlı qadının əlindən dartan zaman o yerə yıxılıb və bu zaman xəsarət alıb.

“Mən qadının yalnız burnundan qan gəldiyini gördüm. Onu vurmamışam”- deyə E.məmmədov bildirib.

Hakim isə bildirib ki, ekspertiza rəyində də göstərilir ki, Firəngiz Heydərovanın başına küt alətlə zərbələr dəyib. Həmin xəsarətlərin yıxılma nəticəsində alınması mümkün deyil.

Məhkəmədə mərhumun qardaşı Hüseynağa Məmmədov ifadə verib. O deyib ki, evdə olarkən bacısının qonşuları ona zəng edərək hadisə barədə məlumat veriblər: “Zəng elədilər ki, Firəngiz qanın içində evinin qarşısında yerdədir. Mən təcili yardım çağırmalarını istədim. Evdən çıxıb ora gedəndə dedilər ki, xəstəxanadadır. Ora çatanda gördüm ki, qanın içindədir. Reanimasiyaya yerləşdirildi. Aldığı xəsarətlərdən dünyasını dəyişdi”.

Prosesdə şahid qismində mərhumun əmisinin qızı Zemfira Həsənova da dindirilib. O, hadisənin şahidi olmadığını deyib. Bildirib ki, o da xəstəxanaya gedərək Firəngiz Heydərovadan xəbər tutduğunu deyib.

Digər şahid isə Leyla Quliyeva olub. Mərhum həmin gün Leyla Əliyevanın evinə qonaq gedibmiş: “Firəngiz xanımı və rəfiqələrimi bizə dəvət etmişdim. Axşam yeddinin yarısı Firəngiz xanım getdi. Təxminən iki saat sonra zəng edərək onunla maraqlanmaq istədim. Lakin zənglərimə cavab vermədi. Sonra belə bir hadisənin baş verdiyini öyrəndim”.

Suallara cavab verən L.Quliyeva mərhumun çantasında qızıl zinət əşyalarının olmasını bilmədiyini deyib.
Təqsirləndirilən Etibar Məmmədov çantada qızıl olduğunu desə də ittihada göstərilən qədər olmadığını bildirib.

Məhkəmə iclasının davamında Etibar Məmmədovanın qayınanası Kamilə Əzizova və həyat yoldaşı Fəridə Məmmədova da dindirilib. Onlar Etibar Məmmədovun bu əməllərindən xəbərsiz olduqlarını deyiblər. Suallara cavab verərkən Etibar Məmmədovun evə pul və qızıl gətirmədiklərini söyləyiblər.

Fəridə Məmmədova ərinin iş tapmadığını, bu səbəbdən də belə bir addım atdığını deyib. Bildirib ki, əri bəzən toylara qardaşı ilə birlikdə fotoqraf kimi gedirmiş.

Hakim Etibar Məmmədova sual verərkən əldə etdiyi pulları hara xərclədiyini soruşub. E.Məmmədov həmin pullarla içki içdiyini, icarəyə maşın götürüb sürdüyünü deyib.

Məhkəmənin növbəti iclası avqustun 21-nə təyin edilib.

Qeyd edək ki, Etibar Məmmədov Cinayət Məcəlləsinin 181 (quldurluq) və 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham edilir.