Tribuna İnformasiya Agentliyi

Bakıda vətəndaşın “Bravo” market qarşısında haqlı üsyanı- FOTOLAR

12 May

Bakıda vətəndaş “Bravo” marketin yol kənarını zəbt edərək şəxsi dayanacağa çevirməsinə etiraz edib.

Hadisə “Bravo” marketlər şəbəkəsinin Səməd Vurğun 667-ci məhəllədə (Zabitlər parkı ilə üzbəüz) yerləşən filialında baş verib. Bildirək ki, “Bravo”nun bu ünvandakı marketi hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşir.

Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, narazı vətəndaş da həmin binanın sakini olduğunu, amma avtomobilini saxlamağa yer tapmadığını deyərək etirazını bildirib.

Məlumat üçün qeyd edək ki, marketin qarşısında avtomobillərin dayanması üçün xüsusi zolaqlar çəkilib. Amma bu əraziyə nəzarət edən şəxs buradan yalnız marketə gələn müştərilərin istifadə edə biləcəyini deyərək digər sürücüləri başqa dayanacaqlara yönləndirir.

Bu xəbərdarlıq da vətəndaşın narazılığına səbəb olub. Çünki o, dayanacaq boş olduğu halda maşınını həmin ərazidə saxlaya bilməyib.

Vətəndaş buna etiraz edərək “102” xidmətinə zəng edərək narazılığını bildirib. Əraziyə polis əməkdaşları gəlib. Mağaza əməkdaşları isə bunun rəhbərlik səviyyəsində həll edilən bir məsələ olduğunu deyiblər.

TİA.AZ