Tribuna İnformasiya Agentliyi

Bakıda tıxac taksilərin işinə yaradı: – Şirkətlər qiyməti 2 dəfə qaldırdı

29 İyun

Paytaxtın “Şamaxınka” adlanan yerindən yolun Xırdalan istiqamətində təmirə bağlanması tıxac problemi ilə yanaşı işbazları da hərəkətə keçirib. Belə ki, sözügedən yolda tıxacdan əvvəl Xırdalan və Sumqayıta 1 manata işləyən taksilər iyunun 27-dən 1 nəfər üçün gediş haqqını 5 manata qaldırıblar.

Cebhe.info-nun əməkdaşının verdiyi məlumata görə, əvvəllər hər gün eyni yolu 1 manata getdiyi halda son iki gündür artıq taksilər tıxacda qalmalarını əsas gətirərək qiymətləri süni formada artırır.

Sərnişinlər iddia edir ki, hətta 27 iyun axşam saatlarında yaranmış tıxacdan istifadə edən bəzi taksilər “20 yanvar” dairəsindən Xırdalan dairəsinə kimi apardıqları 1 nəfər sərnişindən 6 manat da alıblar. Bununla yanaşı uzun zamandır ekonom taksi kimi fəaliyyət göstərən bəzi taksi xidmətləri də iki gündür qiymətləri bahalaşdırıb. Məsələn əvvəllər “20 yanvar” dairəsindən Xırdalan dairəsinə qədər məsafəni 4 manata gedən taksilər tıxacı əsas gətirirərək eyni yolu 8 manat 20 qəpik ediblər. Bu isə təbii ki, insanlar arasında narazılıq yaradır və bir daha belə məqamlardan bəzi işbazların yaralandığını göstərir.