Tribuna İnformasiya Agentliyi

Bakıda tanınmış şairin şeirlər kitabı işıq üzü görüb

26 İyul

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) qardaş Saxa (Yakutiya) Respublikası Yazıçılar Birliyinin sədri, Xalq Şairi Natalya Xarlampyevanın şeirlər kitabını hazırlayaraq nəşr edib.

DGTYB-dən  bildirilib ki, şeirlər Azərbaycan və Saxa (Yakutiya) türkcələrində yanaşı verilib.

“Mənim rəfiqim aprel” (“ДОҔОРУМ МУУС УСТАР”) adlanan kitab “Elm və təhsil” nəşriyyatında çap edilib. Tərtibçisi və baş redaktoru Əkbər Qoşalı, redaktorları Rusiya Yazıçılar Birliyinin üzvləri Afaq Şıxlı ilə Anatoliy Sleptsov olan kitab, Saxa (Yakutiya) Dövlət Məclisinin üzvü, həmvətənimiz Əliş Məmmədovun dəstəyi ilə çıxıb. Şeirləri rusca və ingiliscədən Oktay Hacımusalı, Afaq Şıxlı, Rəsmiyyə Sabir, İlahə Abdullayeva və Əkbər Qoşalı çevirib.

DGTYB Məsləhət Şurasının üzvü Oktay Hacımusalı kitaba “Natalya Xarlampyeva ilə türk ruhu gəzisi…” adlı maraqlı “Ön söz” yazıb.

Qeyd edək ki, Xalq Şairi Natalya İvanovna – Xarlampyeva 1952-ci il sentyabrın 1-də Yakutiyanın Maqan kəndində anadan olub.

Natalya İvanovnanın ictimai və yaradıcılıq fəaliyyəti respublika xalqlarının sosial, mədəni və ruhi baxımdan inkişafına, mədəniyyətlərin yaxınlaşması və zənginləşməsinə yönəlib. Onun Saxa ədəbiyyatının görkəmli nümayəndələrinin ədəbi irsinin nəşrində, gənc ədəbi qüvvələrin dəstəklənməsində, gənc ədəbi nəslin tərbiyə olunmasında böyük xidmətləri var. O, çağdaş rus şairlərinin, eləcə də Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Dağıstan, habelə Polşadan olan bir neçə şairin əsərlərini Saxa türkcəsinə çevirib.

A.Axmatova, L.Qumilyov, V.Şalamov, İ.Brodski, E.Yevtuşenko və A.Voznesenskinin rus-yakut ədəbi ilişkilərinə həsr etdikləri oçerk və esselər də məhz Natalya İvanovnanın sayəsində oxuculara təqdim edilib. Onun “Sevgi etirafı” adlı kitabı Anton Delviq adına Ümumrusiya Ədəbiyyat medalına layiq görülüb. O, 20 şeir və publisistik kitabın müəllifidir. Onun şeirləri rus, ingilis, polyak, Vyetnam dillərinə, eləcə də Türkiyə, qazax, tatar türkcələrinə çevrilib.