Bakıda sinifdə “Məsti-xumar”a oynayan müəllimədən AÇIQLAMA – VİDEObackend
Bakıda məktəbdə “Məsti-xumar” mahnısını oynayan müəllim yayılan görüntüsündən danışıb.
TİA.AZ  xəbər verir ki, İbtidai sinif müəlliməsi olan Gülsüm Biləndərli unikal.org-a sözügedən görüntünün ona aid olduğunu bildirib:
“Sözügedən görüntüyə aydınlıq gətirmək istəyirəm. Bu video qış tətilində hesabat hazırladığım zaman çəkilib.
Bayıldan Qaradağa hər gün məktəbə dərs deməyə gedirəm. Həmin gün səhər saat 08:00-dən 15:30-a qədər davamlı statistik məlumatlar hazırlayırdım.
Yorğunluğumu, stresimi çıxarmaq üçün noutbukumda musiqi dinləməyə başladım. Oynadım və bu görüntünü həmkarlarma göndərdim. Dedim ki, mən bu vəziyyətdəyəm, siz necəsiniz?
Heç ağlıma gəlməzdi ki, ziyalı adını daşıyan müəllim həmkarım bu yolla məni rüsvay etmək fikrinə düşər.
Bu hadisə nə dərs zamanı, nə də iş saatımda baş verməyib.
Şagirdlərimə musiqi dərsini xüsusi zövqlə keçirəm. Dərs verdiyim məktəbimizin ən yaxşı xor qrupu mənim şagirdlərimdən ibarətdir.
Yeni il tədbirində hazırladığım rəqs nömrəsi hamını heyran etdi. Nədənsə, bunu kimsə paylaşmadı.
20 ildən artıqdır ki, məktəbdə müəllim işləyirəm. Şagirdlərim Azərbaycanın ən yaxşı ali təhsil müəssisələrində oxuyublar.
Hazırda da şagirdlərimdən universitetlərdə təhsil alanlar var. Dərs dediyim şagirdlərimdən bu gün ən yüksək vəzifələrdə çalışanlar da var”.
Gülsüm Biləndərli bir daha hesab edib ki, sözügedən görüntünü yayan həmkarları onun müəllim adına ləkə salmaq istəyiblər:
“Bu görüntülər dərs və iş saatımda baş verməyib. Səhvimdir ki, məktəbdə bu görüntünü çəkmişəm. Hesab edirəm ki, orada məktəb və müəllim adına ləkə gətirəcək nə isə etməmişəm. 52 yaşım var. Yaşımın bu çağından sonra da şagirdlərimə ruh yüksəkliyi ilə təhsil vermək gücündəyəm”.