«Bakıda restoranların işi çətin olacaq – BƏZİLƏRİ BAĞLANACAQ» – YENİ QAYDALARbackend

«Bakıda restoranların işi çətin olacaq – BƏZİLƏRİ BAĞLANACAQ» – YENİ QAYDALAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus və onun səbəb olduğu karantin tədbirlərinin ölkədə ən çox zərər vurduğu sahələrdən biri də ictimai iaşə – kafe-restoran biznesidir. Artın iki aya yaxındır ki, ölkədə bütün kafe-restoranlar qonaq qəbul edə bilmir və məhdud şəraitdə, çatdırılma xidmətləri göstərməklə işləyirlər.

FED.az xəbər verir ki, son günlər regionlardakı restoranların işləməsinə icazə verilsə də, paytaxtda məhdudiyyətlər davam edir və onların ən yaxşı halda may ayının sonunda fəaliyyətə başlaması gözlənilir.  Doğrudur, rəsmi məlumata görə, mart ayında Bakıda restoranların ümumi dövriyyəsi 40 milyon manatdan artıq olub, amma bu böyük ehtimalla qadağalardan əvvəlki dövrün hesabınadır. Üstəlik, bu rəqəmin özü də yanvar-fevralın orta aylıq göstəricisindən təqribən 50% azdır.

Amma indi məlum olub ki, restoranların problemləri karantin dövrü bitəndən sonra da bir müddət davam edəcək. Səbəbi onların fəaliyyəti ilə bağlı yeni tələblərin qoyulmasıdır.

FED.az xəbər verir ki, bu Səhiyyə Nazirliyinin təsdiqlədiyi «İctimai iaşə müəssisələrində koronavirus infeksiyasinin (covid-19) profilaktikasina dair metodiki göstərişlər»də əksini tapıb.

Sənədə əsasən, restoranlarda ənənəvi gigiyenik tələblərlə yanaşı, bəzi yeniliklər nəzərdə tutulub. Belə ki, restoranlarda müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etməsi üçün həmin qaydalar barədə məlumat vərəqələri çap edilib müvafiq sahələrdə (soyunub-geyinmə otaqları, sanitar qovşaq, mətbəx və s.) yerləşdiriləcək. Restoranda təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin ediləcək.

Əsas tələb  – yemək zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1m-dən az olmamalıdır və masalar arası məsafələr 2m-dən az olmamalıdır. Tələblərə əsasən,  10 kvadrat metr ərazidə ən çox 4 nəfərin olması tövsiyə olunur.

İaşə – restoran biznesinin təmsilçiləri bildirir ki, bu yeniliklər, koronavirusun gətirdiyi başqa problemlərlə birlikdə, restoranların işini çətinləşdirəcək. Müştəri qıtlığı ilə üzləşən restoranlar qiymətləri artırmalı olacaq, bəzi şirkətlər isə bazardan çıxmalı olacaqlar.

«Özsüd» restoranlar şəbəkəsinin təsisçisi Renat Əzməmmədov FED.az-a bildirib ki, otel və restoranlar şəbəkəsi karantin rejimində ən çox zərər görən sektorlardan biri olub: «Pandemiya təkcə restoranın öz biznesinə deyil, burada çalışan əməkdaşlara, restoranların tədarükçü şirkətlərinə, icarədarlara da ciddi təsir etdi».

Restoranların gəlirləri 30-40% azalacaq

Ara məsafəsi ilə bağlı tələblər restoranlara problem yaradacaq, onların gəlirlərini azaldacaq. Çünki R.Əzməmmədovun sözlərinə görə, bir çox restoranların daxili zalları kiçikdir və oturmaq üçün yerlər azdır: «Xüsusilə masalar arasındakı məsafə artırılsa, açıq havada oturmağa yerləri yoxdur. Yeni tələblər bu tip məkanlara çox ciddi təsir edəcək. Açıq havada oturmaq imkanı olan restoranların da gəlirlərində 30-40% azalma olacaq. Digər restoranlarda daha çox azalma gözlənilir».

Sahibkarın sözlərinə görə, yeni tələblər müştərilərin azalmasına gətirib çıxaracaq: «Nəticədə restoranların dövriyyəsi azalacaq ki, onlar da sabit xərclərini bir qədər azaltmalı olacaq. Bu o deməkdir ki, sahibkar ya işçilərini ixtisar etməli, ya da icarədarlarla danışıb icarə qiymətlərini endirməyə çalışmalıdır. Amma indiki vəziyyətdə icarədarların icarə haqqını endirməsi çox da real görünmür».

Menyuda qiymətlər bahalaşacaq

İş adamı bildirir ki, bu vəziyyət restoranlarda qiymət artımına səbəb ola bilər. R.Əzməmmədov təmsil etdiyi restoranlar şəbəkəsində qiymət artımının müzakirə edilmədiyini qeyd etsə də, bildirib ki, bəzi restoranlarda artım qaçılmaz olacaq: «Hələ ki, qiymət artımı variantının üzərində dayanmırıq. Çalışacağıq ki, sadaladığım variantlar üzərində işləyək. Əgər o variantlar üzərində uğurlu ola bilsək, qiymətlər sabit qalacaq. Hazırkı məqamda qiymət artımı çox da yaxşı addım olmaz. Krizis dövründə istehlakçılara bunu hiss etdirməmək lazımdır. Qiymət artımı restoranlar üçün ciddi imic itkisinə gətirib çıxara bilər. Amma ümumi danışsaq, bəzi restoranların qiymət artımına getməsi gözlənilir”.

Çatdırma xidmətini işə salacağıq

Renat Əzməmmədov pandemiyadan sonra restoranlar şəbəkəsində yeniliklərin olacağını da bildirib: «Artıq restoranlar onlayn çatdırma haqqında düşünür. Biz indiyə qədər onlayn çatdırılma ilə bağlı təklifləri qəbul etməmişik, ancaq pandemiyadan sonra bəzi partnyorlarla işləməyi qərara almışıq. Bir müddət sonra öz çatdırılma xidmətimizi də işə salmağı düşünürük».

Müştərilər də, restoranlar da qənaətə başlayacaq

Restoran biznesi üzrə ekspert Kamran Məşədiyev də FED.az-a bildirib ki, kafe-restoranlarda masalar arasındakı məsafənin artırılması müştəri sayının azalması deməkdir: «Yeni qaydalardan sonra müştərilərin kafe-restoranlarda çox oturmağa marağı da olmayacaq. Ümumi olaraq iaşə obyektlərinin dövriyyəsi azalacaq. Vəziyyətdən çıxmaq üçün restoranlar qiymətləri artırmaq məcburiyyətində qalacaq ki, bu da iqtisadi vəziyyəti nəzərə alsaq arzuolunan deyil. Belə olan təqdirdə də bu obyektlər işçi heyətini saxlamaqda çətinlik çəkəcək. Sahibkar xərcləri minimuma endirmək üçün məcburən işçi sayını, icarə haqlarını və kommunal xərcləri azaldacaq».

«İqtisadiyyat yavaşıyır, qiyməti artırmaq mümkün deyil»

Ekspert onu da qeyd edib ki, iqtisadiyyat 1-2 il ərzində daha da yavaşlayacaq: «Həm sahibkarlar, həm də istehlakçılar buna alışmalıdır. İstehlakçı olduğu müddətcə qida sektoru həmişə mövcud olacaq. Lakin indiki məqamda ictimai iaşə obyektləri daha kiçik konseptlərə fokuslanmalıdır. Sektor əlbəttə, kiçiləcək, qiymətlərdə bir qədər dəyişiklik gözlənilir. Çünki onlayn çatdırma, al-götür, yerində xidmət arasında qiymət fərqi olacaq. Bu zaman fərqli qiymət pozisiyasını yürütmək alıcı üçün də maraqlı olar».

Bəzi restoranlar bağlanacaq

Kamran Məşədiyev yeni qaydaların tətbiqindən sonra bir sıra kafe-restoranların bağlanacağın da istisna etməyib: «Açıq havada oturma yeri olmayan və qapalı yeri kifayət qədər müştəri tutumu olmayan restoran sahibləri icarədarlarla anlaşa bilməsələr, obyekti bağlamaq məcburiyyətində qalacaq. Əgər layihə gəlirli deyilsə, zərərlə işləmək düzgün deyil. Hər kəs olduğu vəziyyətdən bir addım geri addım ataraq gəlirlərini azaltmaq məcburiyyətindədir».

Restoranlarla bağlı yeni qaydalarla burdan tanış olmaq olar:

İCTİMAİ İAŞƏ MÜƏSSİSƏLƏRİNDƏ KORONAVİRUS İNFEKSİYASININ (COVID-19) PROFİLAKTİKASINA DAİR METODİKİ GÖSTƏRİŞLƏR