Bakıda məhkəmə fırıldağı: Sahibkar Ədliyyə Nazirliyinin girovuna çevrilib – Hüquq müdafiəçilərindən Prezidentə MÜRACİƏTbackend

Bakıda məhkəmə fırıldağı: Sahibkar Ədliyyə Nazirliyinin girovuna çevrilib – Hüquq müdafiəçilərindən Prezidentə MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda qulaq hər gün məmurların, onların yaxınlarının qanunsuz əməlləri haqda bir söz eşitməsə kar olar. Bu dəfə elə bir misli görünməmiş fırıldaq faktından və onun arxasındakı gücdən bəhs edəcəyik ki, indiyə qədər qatı açılmamış hadisələrdən sayıla bilər.
Hadisə ölkədən kənarda – Qazaxıstanda baş versə də, işin tragikomik və absurd tərəfi odur ki, məsələyə Azərbaycan məhkəmələri don geyindiriblər və bir sahibkarın həyatını zülmətə döndəriblər.
Prezident İlham Əliyev dəfələrlə iş adamlarına şərait yaradılmasından, bürokratik əngəllərin aradan qaldırılmasından, məmurların sahibkarları incitməməsindən danışıb, xəbərdarlıq edib.
Amma yenə də dərs çıxarmayan vəzifəli şəxslər, onların ətrafındakı adamlar biznesmenləri müflis etməklə, hər cür saxtakarlığa əl ataraq onları məhv etməklə məşğul olurlar. Bu işdə ortada tam 698.000 dollarlıq fırıldaq var.
Tanınmış hüquq müdafiəçiləri hərəkətə keçdi
Hit.az bildirir ki, bu dəfə qurban Qazaxıstanda fəaliyyət göstərmiş Sakin Ağayevdir. Onun başına açılan oyunların, Azərbaycan məhkəmələrinin çıxardığı əsassız qətnamələrin sorağı artıq Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun həmsədrliyi ilə fəaliyyət göstərən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvlərinə çatıb.
İşçi Qrupunun üzvü olan ölkənin tanınmış hüquq müdafiəçiləri Sakin Ağayevin başına gələnlərlə bağlı Prezident İlham Əliyevə, I Vitse-Prezident Mehriban Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, həmçinin F.Ələsgərovla S.Seyidova birgə müraciət ünvanlayıblar.
Bu fakt özü-özlüyündə təsdiqləyir ki, S.Ağayev hansı fırıldağın qurbanı olub deyə ölkənin tanınmış hüquq müdafiəçiləri məsələni araşdırdıqdan sonra onun hüquqlarının bərpası üçün dövlət rəhbərliyinə müraciət etməli olublar.
Əgər məhkəmələrin ədalətli qərarı olsaydı, qarşı tərəf qismən haqlı olsaydı, hüquq müdafiəçiləri S.Ağayevin məsələsinə görə Prezidentə müraciət belə etməzdilər. İndisə gəlin, işin mahiyyəti və detalları ilə tanış olaq.
Birgə İşçi Qrupunun 11 nəfərdən ibarət tanınmış üzvləri: Novella Cəfərova (D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri), Çingiz Qənizadə (Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri), Səidə Qocamanlı (İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri), Əliməmməd Nuriyev (“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri üzrə Komissiyanın üzvü), Səadət Bənənyarlı (Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan bölməsinin rəhbəri), Sahib Məmmədov (Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri), Arzu Abdullayeva (Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri), Əvəz Həsənov (Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru), Zəlihə Tahirova (Azərbaycan İnsan Hüquqları Mərkəzinin proqram koordinatoru), Eldar Zeynalov (Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru) və Mirvari Qəhrəmanlı (Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri) ölkə rəhbərliyinə müraciətdə qeyd edirlər ki, Qazaxıstanda yaşayan azərbaycanlı vətəndaşımız, ziyalı Sakin Ağayev tərəfindən onlara ünvanlanmış şikayətə baxılıb. Hüquq müdafiəçiləri bununla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Baş prokuror Kamran Əliyevə və Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova müraciət ünvanlayıblar.
Müraciətdə Sakin Ağayevi və həyat yoldaşı Vüsalə Rəhimlini aldadaraq əmlakını mənimsəmiş və həmin əmlakın haqqını ödəməmək üçün qaçıb Azərbaycana gələrək saxta, möhürsüz və imzasız sənədlərlə, məhkəmə aidiyyat prinsipini pozmaqla gizli məhkəmə prosesinin keçirilməsinə nail olmuş Azərbaycan vətəndaşı Fikrət İbrahimov və ona havadarlıq edən dövlət məmurlarının hərəkətləri açıqlanır.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu həmin işi ölkə Prezidenti İlham Əliyevi şəxsi nəzarətinə götürməsini, Prezident Administrasiyasında şikayətçi tərəfi və onun vəkilinin qəbul edilməsini və bu qanunsuzluqları törədənlərin cəzalandırılmasını xahiş edir.
Qeyd edək ki, hazırda iş həm də Avropa Məhkəməsinin icraatındadır. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu hüquqi dövlətdə bu cür hallarin baş verməsini qətiyyətlə pisləyir və ədalətin bərpa olunmasını gözləyərək işi nəzarətində saxlayır.
Pirallahı məhkəməsinin allahsızlığı…
Müraciətdə deyilir: “Hörmətli cənab Prezident, Sizin təşəbbüsünüzlə yaradılmış və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri hörmətli Fuad Ələsgərovun və Azərbaycan Respublikası Milli Məclisin ASPA-dakı nümayəndə heyətinin rəhbəri hörmətli Səməd Seyidovun həmsədrliyi ilə fəaliyyət göstərən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvləri Sizə müraciət edərək ölkəmizdə bəlkə də analoqu olmayan bir ədalətsizliyin qarşısının alınmasında köməklik göstərməyinizi istərdik. İnanırıq ki, şəxsən Sizin nəzarətiniz əsnasında qaldırdığımız məsələdə məmur özbaşınalığının qarşısı alına biləcək. Qanunları şəxsi maraqları naminə ayaq altına atan məmurlar hər bir cinayətkardan belə təhlükəlidir.
İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçiləri tərəfindən qəbul edilmiş Ağayev Sakin Abdulhüseyn oğlu son 3 ilədək Qazaxıstanda ailəsi ilə birlikdə yaşamışdır. Gəmi təmiri və gəmiqayırma üzrə mühəndis, inzibati idarəçilik üzrə alimdir.
Sakin Ağayev Qazaxıstanda aldadılmış, pulu ödənilmədən əmlakı polis orqanlarından qovulmuş, lakin hansısa məmurun yaxın qohumu olan Fikrət İbrahimov adlı birisi tərəfindən əllərindən alınmışdır. Fikrət İbrahimov həmin əmlakı başqa şəxslərə satmış və qaçaraq Azərbaycana gəlmişdir.
Qazaxıstanda Ağayevlər ailəsi onu məhkəməyə verdiklərini eşidən F.İbrahimov kimlərinsə tapşırığı ilə Pirallahı rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovla əlaqəyə girib, iki hüquqi şəxs arasında guya bağlanmış saxta müqavilə tərtib edib (Ağayevlərin imzası və möhürü olmadan) və Azərbaycanda məhkəməyə müraciət edərək qanunsuz Qətnamə əldə etmişdir.
Ən dəhşətlisi də odur ki, cavabdeh tərəf kimi qeyd edilən Sakin Ağayev və həyat yoldaşı Rəhimli Vüsalə Mahmud qızı nə belə bir saxta müqaviləni görmüşlər, nə də məhkəmə keçirilərkən Azərbaycanda olmuşlar. Məhkəmə işi Pirallahı rayon məhkəməsində heç cür baxıla bilməzdi (əgər iki hüquqi şəxs arasında belə müqavilə olsaydı da belə!)! Belə işlər yalnız İnzibati-İqtisad məhkəməsində baxıla bilər!
Deməli, qanun çox kobud şəkildə pozularaq həm də aidiyyat prinsipi pozulmuşdur. Bu, yolverilməz və analoqu olmayan bir haldır. Məhkəmədə cavabdeh tərəflər iştirak etməmişlər, çünki məhkəmə gizli keçirilmiş, cavabdehlər isə Qazaxıstanda olmuş və belə bir məhkəmənin keçirilməyi haqda məlumatlı olmamışdır.
Biz Sizə imza və möhürü olmayan saxta müqavilənin surətini göndəririk. İnanırıq ki, həmin müqavilənin son səhifəsində tərəflərdən birinin imzası və möhürü olmadığını gördüyünüz andan bu məsələnin araşdırılması üçün göstəriş verəcəksiniz. Belə bir imza və möhür olmadan kimsə cavabdeh kimi məhkəmədə tanına bilərmi?”
Ali Məhkəmə məmur zəngini sayır, qanunu yox…
Hüquq müdafiəçiləri prezidentə müraciətdə bildirirlər ki, ikinci qanunsuzluq Qazaxıstan məhkəmələri tərəfindən Fikrət İbrahimova qarşı qaldırılmış iddialar təmin edilmiş və tanınma üçün Sakin Ağayevin həyat yoldaşı Vüsalə Mahmud qızı Rəhimli tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir, lakin yenə hansısa məmurun zəngi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi heç bir əsas göstərmədən Qətnaməni tanımaqdan imtina edib:
“Bununla da nəinki Azərbaycan qanunları, həmçinin 07.10.2002-ci il tarixli Kişinyov şəhərində imzalanmış “Mülki, Ailə və Cinayət işləri üzrə Hüquqi yardım haqqında” Beynəlxalq Konvensiyanın tələbləri pozulmuşdur.
Hər iki məsələ ilə bağlı Ağayevlər tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə iki müraciət göndərilmiş və hər iki iş icraata qəbul edilərək qovluq nömrəsi açılmışdır.
Üçüncü pozuntu: Qazaxıstan Respublikasında F.İbrahimova qarşı məhkəmə qərarının icra edilməsinə baxmayaraq, artıq üç ilə yaxındır ki, vətəndaş Sakin Ağayev və qızı Dilarə Ağayeva haqqında onların Azərbaycandan çıxışına qadağa qoyulmuşdur.
Dördüncü pozuntu: Məhkəmə qərarı icra olunsa da, Sakin Ağayev və ailə üzvlərinə təzyiq məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən məhkəmə qərarını icra edilməməsi ilə bağlı 2018-ci ildə cinayət işi qaldırılmışdır.
Lakin bu günədək heç bir istintaq hərəkəti aparılmır, Qətnamənin Qazaxıstanda icrasına və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə Qazaxıstanın rəsmi qurumları tərəfindən göndərilmiş sənədlərə məhəl qoyulmur”.
Birgə İşçi Qrupu müraciətində əlavə edir: “Hörmətli cənab Prezident, üç ildir ki, Azərbaycan Respublikasında məmur girovluğunda saxlanılan Sakin Ağayevin və vəkilinin iştirakı ilə müraciət etdiyimiz məsələnin Prezident Administrasiyasının rəsmi şəxsləri tərəfindən araşdırılaraq Sizə məruzə edilməsi üçün göstəriş vermənizi Sizdən xahiş edirik. Ümid edirik ki, qaldırılmış məsələlər öz təsdiqini taptığı təqdirdə bu qanunsuzluğa göstəriş vermiş və bu prosesdə iştirak etmiş hər bir vəzifəli şəxs Sizin tərəfinizdən cəzalandırılacaqdır. Biz Sizin araşdırmaya göstəriş verəcəyinizə tam inanaraq və zərərçəkmiş Sakin Ağayev tərəfindən Birgə İşçi Qrupuna təqdim edilmiş ərizəni və digər sənədləri müraciətimizə əlavə edirik”.
Fikrət Məmmədovla Fikrət İbrahimovu nə bağlayır?
Göründüyü kimi, özü borclu olduğu halda qarşı tərəfi borclu çıxaran, ödəməli olduğu pulu verməyib S.Ağayevə cinayət işi açdıran, yerli məhkəmələrdə hansısa yollarla iddiasını təmin etdirən, Ağayevin ölkədən çıxışına stop qoyduran F.İbrahimov ağılasığmaz fırıldaqla yanaşı, qanunsuzluqla məşğuldur. Lakin onun bu saxtakarlıqlarının arxasındakı dayaq olmasaydı, çətin ki sona qədər məhkəmələr onun tərəfini saxlayardı. Ona görə də ölkənin tanınmış hüquq müdafiəçiləri belə ayağa qalxıblar və bu haqsızlığa səslərini qaldırıblar.
Söhbət ondan gedir ki, F.İbrahimovun Ədliyyə naziri Fikrət Məmmədovla qohum olduğu bildirilir və onun tutduğu vəzifədən, nüfuzundan istifadə etdiyi göstərilir. Ola bilsin ki, nazirin bu hadisələrdən xəbəri yoxdur, hərçənd inandırıcı gəlmir, Ali Məhkəmə belə İbrahimovun lehinə qərarı qüvvədə saxlayıb, bununla belə F.Məmmədovun adından istifadə edən qohumu Ağayevlər ailəsinin həyatını cəhənnəmə çevirib.
Ən dəhşətlisi budur ki, Qazaxıstan məhkəmələri konvensiyaya, dövlətləarası müqaviləyə hörmət edərək Azərbaycan məhkəmələrinin çıxardığı qətnamələri qəbul etdiyi halda, bizim məhkəmələr onların verdiyi qərarları heçə sayırlar. Bu da gücün qanundan üstün tutulmasıdır. Ədliyyə naziri qohumunun əməllərindən xəbərsizdirsə, ən azı hüquq müdafiəçilərinin bu müraciətindən sonra addım atmalı, ədalətli araşdırma üçün göstəriş verməlidir. Hər halda baş verənlərdə nazirin qohumunun fırıldaqçı olduğunu təkcə Ağayevin şikayətləri, mətbuatın yazdıqları deyil, hüquq müdafiəçilərinin müraciəti də təsdiqləyir.
Ədliyyə Nazirliyində havadarlar… 
S.Ağayev deyir ki, onun, ailə üzvlərinin hüquqları bir fırıldaqçının sifarişi və Ədliyyə Nazirliyinin vəzifəli şəxsinin ona havadarlığı ilə məhkəmə ilə ədliyyə orqanları tərəfindən kobudcasına tapdalanır.
“Bütün bu ədalətsizliklər və saxtakarlıqların açıq-aydın ortalıqda olmasına və onların kütləvi informasiya mənbələrində işıqlandırılmasına, həmçinin bu barədə hüquq-mühafizə orqanları və ölkə rəhbərliyini adına etdiyimiz çoxsaylı müraciətlərə baxmayaraq, artıq üç ildir ki, bu qanunsuzluqlar aradan qaldırılmır”, – deyə vətəndaş bir daha səsinə səs verilməsini istəyir.
Onun sözlərinə görə, Fikrət İbrahimov etibarından sui-istifadə edərək həyat yoldaşı Rəhimli Vüsalə Mahmud qızının əmlakını mənimsəyib. O, qaçıb Azərbaycanda gizləndiyinə görə həyat yoldaşı dəymiş ziyanın ödənilməsi üçün qanunauyğun şəkildə məhkəməyə müraciət edib. Qazaxıstanda açıq məhkəmə çəkişməsində F.İbrahimovun bütün yalanları ifşa olunaraq qanunsuz əməlləri sübuta yetirilib və onun Vüsalə Rəhimliyə borclu olduğuna dair müvafiq Qətnamə qəbul edilib.
“Qətnamə qanuni qüvvəyə mindikdən sonra həyat yoldaşım Beynəlxalq Konvensiyaya uyğun şəkildə Azərbaycan Ali Məhkəməsinə müraciət edərək Qazaxıstan Məhkəməsinin qətnaməsinin Azərbaycan ərazisində tanınması və məcburi icraya yönəldilməsi barədə vəsatət qaldırıb. Gördüyünüz kimi, Ali Məhkəmə Beynəlxalq Konvensiya qanunlarını da kobudcasına pozaraq heç bir qanuni əsas gətirmədən Qazaxıstan Respublikasının Manqistau Vilayət Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 4799-18-00-2a/547 saylı qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsindən imtina edib”, – deyə S.Ağayev bildirir.
Heç kimi tanımayan cavabdeh Novruzov kimdir?
Ən dəhşətlisi budur ki, F.İbrahimov qanuni məhkəmə qətnaməsinin icrasından yayınmaq, borcunu ödəməmək üçün dövlət məmurlarının köməyindən yararlanaraq saxtakarlıqlara əl atıb.
S.Ağayev müraciətində bildirir ki, pula görə vicdanını belə satmağa hazır olan Pirallahı rayon məhkəməsində hakimlik edən tanışı Əkrəm Qəhrəmanovla sövdələşərək xəbərdarlıq edilmədən saxta məhkəmə prosesi açdırıb: “Bununla da bizə borclu olduğu halda borcunu ödəməkdən yayınmaq və əksinə bizi borclu hesab etmək üçün bu saxta, imzasız, möhürsüz “Müqavilə”ni hazırlayaraq məhkəməyə təqdim edib.
Cavabdeh qismində Pirallahı rayonunda qeydiyyatda olduğunu güman etdiyi daha birisini – tanımadığımız Novruzov Abuzər Novruz oğlunu da qoşublar. Lakin A.Novruzov tərəflərdən heç birini tanımır. Tam bir saxtakarlıq…
“Ədliyyə Nazirliyi məni girovluqda saxlayır”
Haqqı tapdanan S.Ağayev sual edir ki, görəsən, bu Ə.Qəhrəmanov nəyə arxalanaraq qanunları bu cür kobudcasına pozub: “Bəs bu saxtakarlıqların açıq-aydın ortalıqda olduğu halda nə üçün ölkəmiz adına ləkə gətirən bu qətnamə yuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlanılır? Birtərəfli qaydada imzalanan kağız parçasına «müqavilə» adı ilə hüquqi sənəd kimi necə istinad edilə bilər?”
Şikayətçi qeyd edir ki, bundan əlavə, hazırda barəsində Pirallahı rayon Məhkəməsinin Qətnaməsinin icra olumaması adı ilə CM-nin 306-cı maddəsinə (məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməmə) əsasən Ədliyyə Nazirliyinin İstintaq idarəsində cinayət işi başlanıb, işin baxılması müstəntiq Malik Səfərovun icraatına verilib: “Bu qətnamə Qazaxıstanda tam icra olunduğu üçün İstintaq idarəsinə cinayət işinin icraatına xitam verilməsi barədə ərizə ilə müraciət olunub.
Lakin Fikrət İbrahimova havadarlıq edən Ədliyyə Nazirliyi məmurunun təsiri altında İstintaq İdarəsinin müstəntiqi Malik Səfərovun 26 avqust 2020-ci il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilməsi barədə vəsatətimiz heç bir qanuni əsas gətirilmədən rədd edilib.
Sual olunur, əgər bu istintaq işi məhkəmə qətnaməsinin icra olunmaması adı ilə açılıbsa və artıq həmin icra işi üzrə icra işi tam başa çatıbsa, İstintaq idarəsi nəyin istintaqını davam etdirir, niyə istintaq işinə xitam vermir?
Yəni Ədliyyə Nazirliyi strukturları F.İbrahimovun maraqlarını təmin etmək üçün hər bir qanunsuzluqlara əl ataraq mənə və ailə üzvlərimə qarşı törədilən bu haqsızlıqları davam etdirirlər. Artıq üç ildir ki, Ədliyyə Nazirliyi məni girovluqda saxlayır”.
1250 milyonluq sensasion iş…
İşin məğzinə gəlincə, Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşı Rəhimli Vüsalə Mahmud qızı özünə məxsus “Töleş Manğıstau» MMC-nin 51%  hissəsini 14 iyun 2014-cü il tarixdə Aktau şəhərində imzalanan 14-02 saylı alqı-satqı müqaviləsi əsasında 1.250.000 (Bir milyon iki yüz əlli min) ABŞ dollarına digər Azərbaycan vətəndaşı İbrahimov Fikrət Vəli oğluna satıb.
Müqavilənin şərtlərinə görə, F.İbrahimov aldığı pay hissəsinin dəyərini 2014-cü ilin sonuna qədər ödəməli idi, lakin göstərilən vaxtda vəd edilən məbləğ ödənilməyib.
2015-ci il fevralında F.İbrahimov iki dəfəyə hər birində 350.000 ABŞ dolları olmaqla ümumi 700.000 ABŞ dollarını müqavilədə göstərilən bank hesabına köçürüb, hesaba köçürülən pulu hesaba mədaxil etmək üçün bankdan müqavilə tələb olunduqda V.Rəhimli müqavilənin nüsxəsini banka təqdim edib. Lakin bankdan müəyyən olunmuşdur ki, qeyd edilən vəsait həmin müqavilə əsasında deyil, başqa bir adla hansısa başqa saziş əsasında metal tədarükü məqsədi ilə ödənilib. V.Rəhimli də metal tədarükü təyinatlı bir müqavilə olmadığına görə, ödəniş səbəbi yanlış göndərildiyi üçün Bank vəsaiti hesaba mədaxil etmədən geri qaytarıb.
Bu barədə F.İbrahimov məlumatlandırılıb və ödənişin təyinatını düzgün, yəni tərəflər arasında bağlanan (yuxarıda göstərilən) müqavilə əsasında yenidən köçürülməsi xahiş olunub.
Bir müddət sonra İbrahimov telefonla R.Vüsalənin həyat yoldaşı Ağayev Sakin Abdulhüseyn oğluna zəng vurub bildirib ki, pulu bank hesabına göndərə bilmir və onu nəğd olaraq Bakıda vermək istəyir. Qazaxıstanda banka olan borclarını tezliklə bağlamaq üçün V.Rəhimli buna razılıq verib, həmin məbləği öz həyat yoldaşı Sakin Ağayevin Bakıdakı bank hesabına qoyulması və ordan Qazaxıstana göndərilməsinə razılıq verib. Bakıdakı bank hesabından əməliyyatlar aparmağa Sakin Ağayevin birinci nikahından olan qızı Ağayeva Dilarədə etibarnamə mövcud olduğunu nəzərə alaraq onun vasitəsi ilə bu əməliyyatı həyata keçirməyə qərar verilib.
Beləliklə, Fikrət İbrahimov iki dəfə (20.02.2015 və 25.02.2015-ci il tarixlərində) hər dəfə 349000 ABŞ dolları olmaqla (hər dəfə həmin məbləğlərdən 1000 ABŞ dolları nəğdləşmə faizi çıxmaqla) ümümi 698 000 ABŞ dollarını Ağayeva Dilarə vasitəsi ilə R.Vüsalənin həyat yoldaşı S.Ağayevin bank hesabına qoyub.
Hər iki əməliyyatla bağlı o, Dilarə Ağayevadan bu pulun onun tərəfindən qəbul edilməsinə dair qəbz alıb. Birinci dəfə ödənişi F.İbrahimov, ikinci dəfə isə onun oğlu Şahin İbrahimov həyata keçirib. Ancaq borcun qalan 550 000 ABŞ dolları hissəsi isə ödənilməmiş qalıb. Bundan sonra F.İbrahimov zənglərə cavab verməyib və onunla uzun müddət əlaqə saxlamaq mümkün olmayıb. Bir problem olduğunu düşünərək S.Ağayev Bakıda yaşayan böyük qardaşı Ağayev Məhəmməddən hər hansı informasiya almaq üçün onun evinə gedib xəbər bilməsini xahiş edib. M.Ağayevi küçədə F.İbrahimovun həyat yoldaşı və qayınanası qarşılayaraq bildiriblər ki, “hazırda Fikrət şəhərdə yoxdur”.
İbrahimov ərizə yazdıraraq, şantaj edib
Bir müddət sonra M.Ağayevə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən zəng gəlmiş və həmin idarəyə gəlməsi tələb edilib. İdarədə məlum olmuşdur ki, F.İbrahimov öz həyat yoldaşına M.Ağayevə qarşı böhtan xarakterli şikayət ərizəsi yazdıraraq bildirmişdir ki, guya 60 yaşlı M.Ağayev Fikrətin ailəsinə sataşıb. Qanunlarımızın aliliyi naminə çox ədalətli qanunauyğun araşdırma aparıldıqdan sonra bunun böhtan olduğu müəyyən edilib və o sərbəst buraxılıb. Bu böhtandan sonra aydın olub ki, F.İbrahimov borcun qalan hissəsini, yəni 550 000 ABŞ dollarını ödəməkdən yayınmaq üçün müxtəlif vasitələrlə qarşı tərəfə təzyiqlər göstərməyə başlayıb.
Ona görə V.Rəhimli 2016-cı ilin iyun ayında Qazaxıstanın 2 saylı Aktau şəhər Məhkəməsində «borcun ödənilməsi» tələbi ilə bağlı F.İbrahimova qarşı iddia qaldırıb. İbrahimov isə nəinki 14 iyun 2014-cü il tarixli 14-02 saylı alqı-satqı müqaviləsinə əsasən qalan borcunu ödəməkdən yayınır və V.Rəhimli və onun ailə üzvlərinə böhtan atmaqla müqavilə üzrə ödədiyi həmin 698 000 ABŞ dollarını saxta sənəd tərtib etməklə geri almağı qarşısına məqsəd qoyur.
O bu saxtakar hakimlə sövdələşdikdən sonra Pirallahı rayon məhkəməsinə müraciət edərək cavabdehlər – Rəhimli Vüsalə Mahmud qızı, onun həyat yoldaşı Ağayev Sakin Abdulhüseyin oğlu və qızı Ağayeva Dilarə, həmçinin heç kimin tanımadığı Novruzov Abuzər Novruz oğlundan birgə qaydada 698 000 ABŞ dolları miqdarında pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasına nail olur.
Bax belə, bundan sonra baş verənləri isə yuxarıda oxudunuz, agah oldunuz, indi gözlər hüquq müdafiəçilərinin müraciət etdiyi Prezidentdədir. Ədliyyə Nazirliyinin girovuna çevrilən S.Ağayevi indi yalnız dövlətin rəhbəri xilas edə bilər…
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.