Tribuna İnformasiya Agentliyi

Bakıda elektromobillər artır, servisi isə yoxdur

29 Dekabr

Bu gün ölkədə elektromobillərin sayı çox olsa da, onlar enerjidoldurma məntəqələrinin sayına və servis xidmətinə görə problemlər yaşayır.

TİA.AZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlıdeyib. O, bildirib ki, bu cür problemlər elektromobillərin ölkəyə axınına mənfi təsir edir:

“Elektromobillər Azərbaycana gətirilən zaman onun qiymətinin 15 faizi həcmində gömrük rüsumu ödənilir. Gələcəkdə bu cür nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsi daha da arta bilər. Hazırda ölkədə elektromobillərdən istifadə edilir. Xüsusən də Bakıda bu maşınlar daha çoxdur. Lakin elektromobillərin servis xidməti və enerjidoldurma məntəqələri çox azdır. Belə avtomobillərə tələbat olsa da, servis xidmətinin və enerjidoldurma məntəqələrinin az olmasına görə risk edib almırlar. Bundan əlavə, onların qiyməti benzin və dizellə işləyən avtomobillərin qiymətindən çox fərqlənir. Düzdür, bəzi yanacaqdoldurma məntəqələri əlavə olaraq, enerji doldurmaq üçün yerlər də quraşdırır. Lakin bu, hər dəfə gözlənilən nəticəni vermir. Yəni bəzən görürsən ki, bu məntəqələr işlək vəziyyətdə olmur və ya müəyyən problemlər ortaya çıxır. Bu gün hətta qazla işləyən avtomobillər də qazdoldurma məntəqəsi tapa bilmirlər. Bölgələrimizdə bu problem hələ də öz aktuallığını qoruyur. O baxımından düşünürəm ki, aidiyyəti qurumlar gələcək üçün müəyyən addımlar atmalıdır. Çünki bu sahə gəlirli sahədir. Hesab edirəm ki, enerjidoldurma məntəqələrinin sayı daha da çoxaldılmalıdır”.