Tribuna İnformasiya Agentliyi

Bakıda Aya Sofyadan daha gözəl məbəd niyə partladıldı? – Video

19 İyul

Əgər Bakıdakı Aleksandr Nevski kafedralı dağıdılmasaydı, bu gün dünyanın hər yerindən milyonlarla insan İstanbuldakı Aya Sofya məbədini deyil, məhz paytaxtımızı ziyarət edərdi. Bu barədə nə vaxtsa şəhərləri bəzəmiş tarixi tikililərin bərpası ilə məşğul olan rusiyalı 3D illüstratorlar da danışır.

Kult.az xəbər verir ki, Bakıdakı Aleksandr Nevski məbədi barədə məlumatların yer aldığı bütün mənbələrdə abidənin gözəlliyi xüsusilə vurğulanır.

Abidə bir çox mənbələrdə belə xatırlanır: “Dünyanın ən gözəl məbədlərindən biri Bakıda tikilib”.

Ən maraqlısı odur ki, kafedralın tikintisinə köhnə məzarlıq ərazisində başlanılıb. Belə ki, 1898-ci ildə gələcək kafedralın təməli üçün qazıntı işləri aparılan zaman daş qutular şəklində bir neçə cərgə qədim qəbirlər, həmçinin təndir formalı məzar aşkar edilmişdir.

Rusiya İmperatoru II Aleksandrın əmrinə əsasən kafedral “öz əzəməti, gözəlliyi, bər-bəzəklərinin zənginliyi ilə hər kəsi heyran qoymalı” idi. Ancaq belə möhtəşəm bir məbədin tikintisi üçün vəsait kifayət etmir və çatışmayan 200 min qızıl rubl şəhər sakinləri – bakılılardan toplanır. Məhz bakılı-müsəlmanların sayəsində bu kilsəni tikmək mümkün olur.

Bu sənət əsərinin baş memarı Marfeld olub.

Həmin dövrün kilsə kitablarında məbəd bu cür təsvir olunurdu: “Bakıda XIX əsrin sonu XX əsrin əvvəllərində indiki 3 məktəbin (Bülbül adına, 189 və 190 nömrəli) ərazisində yerləşən Aleksandr Nevski pravoslav məbədini xatırlamamaq mümkün deyil. Bu məbəd Zaqafqaziyda ən böyük idi və xristianlığın simvolu sayılırdı, Bakının hər tərəfindən, hətta Biləcəridən belə görünürdü”.

Belə bir əhəmiyyətli hadisənin (məbədin tikilməsinin) xatirinə Zeynalabdin Tağıyev pravoslav kilsə məktəbləri və Bakının ibtidai məktəblərinə 10 min rubl ayırır. Məbəd o qədər möhtəşəm və əzəmətli idi ki, Qırmızı ordunun gəlişi ilə o sadəcə məhvə məhkum idi. İdeologiyanın dəyişməsi öz növbəsində prioritetlərin dəyişməsinə gətirib çıxardı. 30-cu illərdə kilsənin partladılmasına qərar verildi.

İşə başlayan işçilər dəhşət içində müəyyən etdi ki, məbədi sökmək mümkün olmayacaq. Məbəd 3 gün ərzində partladılıb. Çünki həmin vaxtlarda kilsələr elə inşa edilirdi ki, hətta dinamitlə belə partlatmaq mümkün olmasın.