Bakıda “alpinist“dən ağılasığmaz oğurluq: 2 milyon manat… (VİDEO)backend

Bakıda “alpinist“dən ağılasığmaz oğurluq: 2 milyon manat… (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda hündürmərtəbəli binaların damından kəndirlə mənzillərə daxil olub oğurluq edən şəxslər saxlanılıblar.
DİN Mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Belə ki, paytaxtın Xətai rayonunda hündürmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib. Naməlum şəxs evə daxil olaraq oradan 7 min manat, 3 min dollar nağd pul və dəyəri 150 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb.
Cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Cavid Süleymanov və Əhməd Əhmədov oğurladıqları maddi sübutlar olan qızıl-zinət əşyaları ilə birgə saxlanılıblar.
Onların ətraflarında həyata keçirilən zəruri-istintaq hərəkətləri zamanı müəyyən edilib ki, Cavid Süleymanov və Əhməd Əhmədov bir müddətdir ki, paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər rayonlarında onlarla hündürmərtəbəli binalarda yerləşən mənzillərdən oğurluqlar ediblər.
Belə ki, Cavid Süleymanov oğurluq etməmişdən əvvəl 2016-cı ildə xarici ölkələrdən birində alpinist hazırlayan kurslarda iştirak edib. Həmin kurslarda öyrəndiyi vərdişlər sayəsində isə Cavid Süleymanov hündürmərtəbəli binaların damından özü ilə gətirdiyi kəndir vasitəsi ilə oğurluq edəcəyi mənzillərin eyvanına düşüb. Daha sonra mənzilə daxil olaraq oğurluq hadisələri törədib.  Bu şəxs oğurluq etdiyi bütün evlərə eyni yolla daxil olub. Polislərin onun izinə düşməməsi üçün Cavid Süleymanov hadisədən sonra mənzillərin giriş qapılarını sındıraraq hadisə yerindən yayınırmış. Bununla da o, guya mənzilə daxil olan şəxsin qapını sındırmaq yolu ilə oradan oğurluq etdiyi görünüşü yaradırmış. Həmçinin, o, ifadəsində oğurluq etdiyi mənzillərdə iz buraxmamaq, hadisə yerindən yayınmağın yollarını öyrənmək üçün kriminalistika və cinayət-axtarış fəaliyyəti haqqında ədəbiyyatlar oxuduğunu da bildirib.
Qeyd edək ki, Cavid Süleymanov qarət edəcəyi mənzilləri müəyyən etmək üçün əvvəlcə şəhərin müxtəlif yerlərindəki hündürmərtəbəli binaların kənardan fotoşəkillərini çəkirmiş. Həmin binalarda bir neçə ay müşahidələr apararaq hansı mənzildə yaşayışın olub-olmadığını, ev sahiblərinin mənzilə gəlib-getmə saatlarını müəyyən edirmiş. Bunun üçün binaların sxemlərini hazırlayaraq oğurluq üçün plan qururmuş. Saxlanılan zaman Cavid Süleymanovun üzərindən və əlindəki çantadan həmin sxemlərin qeyd edildiyi dəftərlər, eləcə də, içərisində oğurluq etməyi planlaşdırdığı Bakı şəhərinin müxtəlif nöqtələrində yerləşən hündürmərtəbəli binaların 2500 dən çox şəkili olan fotoaparat da aşkar edilib.
Cavid Süleymanov oğurluq edən zaman əldə etdiyi qızıl-zinət əşyalarını isə yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu yerlərinə satıb. Onun yaşadığı evə baxış zamanı, həmçinin, mənzilə daxil olduqda zərərçəkəmişlə rastlaşacağı təqdirdə istifadə etmək üçün əldə etdiyi 5 ədəd qaz balonu, 2 ədəd uzaqdan məsafədən əlaqə saxlamaq üçün istifadə edilən radio vasitə, mənzillərin qapılarını qırmaq üçün alətlər, alpinist fəaliyyəti ilə bağlı olan xeyli sayda kəndir, dayaq qurğuları və digər əşyalar aşkar olunaraq götürülüb. Cavid Süleymanov ifadəsində oğurluq edəcəyi mənzilə ancaq istirahət və bayram günlərində, yəni, ev sahiblərinin mənzildə olmadığını qətiləşdirəndən sonra daxil olduğunu bildirib.
Qeyd edək ki, Cavid Süleymanov oğurluqlar edən zaman onunla eyni vaxtda saxlanılan Əhməd Əhmədov həmin binaların yaxınlığında olub və ətrafda baş verən hər hansı şübhəli hərəkətlər barəsində ona məlumat ötürürmüş. Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Cavid Süleymanov və Əhməd Əhmədovun paytaxt ərazisində törətdiyi oğurluq və bu kimi analoji cinayətlərin sayının artacağı istisna olunmur.