Tribuna İnformasiya Agentliyi

Bakıda 400 min evi gözləyən AQİBƏT – “Bu cür faktlar…”

02 May

Bakıda bir çoxları ucuz olsun deyə bələdiyyə sənədi ilə olan torpaqları almağa üstünlük verir. Halbuki bir çox yerlərdə elə həmin qiymətə çıxarışı olan torpaqlar satılır. Ekspertlər bələdiyyə sənədi ilə satılan torpaqların sonradan bir sıra problemlərə səbəb olacağını deyir və buna görə ucuz qiymətə çıxarışı olan torpaqları almağın daha doğru seçim olduğunu düşünürlər.

Ekspertlərin qənaətincə, Bakının müxtəlif ərazilərində torpağı çıxarışla sotunu 1000-1500 manata satın almaq mümkündür. Bildirir ki, istənilən şəxs torpaq alarkən onun çıxarış verilməsi mümkün olmayan ərazilərdə yerləşmədiyinə əmin olmalıdır. Məsələn, Türkan qəsəbəsində sotu 1500 manatdan torpaqlar təklif olunur. Ekspertlər bildirirlər ki, çıxarışla torpaq alan şəxsləri heç bir risk gözləmir. Çünki həmin torpaqlar məhz onun mülkiyyəti hesab olunduğundan həm orda ev tikmək üçün icazəni almaq asandır, həm də ərazidə dövlət əhəmiyyətli hansısa infrastruktur layihələri icra edilərsə, bazar qiymətinə uyğun torpaq və ya ev sahibinə kompensasiya ödəniləcək.

Maraqlıdır, çıxarışı olmayan torpaq sahələrini nə gözləyir?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda bu sahədə xaotik bir durum yaranıb: “Son məlumatlara görə Bakıətrafı qəsəbələrdə 400 mindən yuxarı ev tikilib. Onların böyük əksəriyyətinin sənədlə bağlı problemləri var. Hər seçkiöncəsi bu məsələnin həll olunacağı istiqamətində fikirlər səslənir. Amma heç nə həll olunmur, proses də uzana-uzana gedir. Bu cür faktlar gələcəkdə insanların əlindən mülkiyyətinin çıxmasına səbəb ola bilər. Bu xaosun aradan qaldırılması üçün birpəncərə sisteminin tətbiq olunmasına və torpaqla bağlı alqı-satqı əməliyyatlarının ASAN Xidmətə verilməsi vacibdir. Ümumiyyətlə, torpaqla bağlı bütün əməliyyatların bəlli qaydalar çərçivəsində həyata keçirilməsinə ehtiyac var”.

İqtisadçının qənaətincə, Azərbaycanda bələdiyyələr ölü doğulmuş orqandır: “Çox təəssüf ki, bələdiyyələrin nə bir səlahiyyəti, nə də normal işləri var. Əslində isə yerli özünüidarə çox vacib bir institut olmalı idi. Amma icra strukturları daha güclü olduğu üçün və icra hakimiyyəti strukturlarından asılı vəziyyətə düşdükləri üçün heç bir iş görə bilmirlər. Bələdiyyələr əhali arasında torpaq satan qurum kimi tanınır. Hesab edirəm ki, bələdiyyələrlə, eləcə də Əmlak Komitəsi ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməlidir. Birpəncərə sistemi ilə daşınmaz əmlakın tamamı ASAN Xidmət vasitəsilə alqı-satqının, çıxarışların verilməsinə başlamaq lazımdır”.

Natiq Cəfərli hesab edir ki, illərlə sənədsiz evlərdə yaşayan kommunal xidmət haqları və ya bələdiyyəyə hər hansı ödənişlər edən əhaliyə kupçalar verilməlidir: “Bu məsələ həll olunmadıqca yüz minlərlə insanı narahat edən xaotik vəziyyət də davam edəcək. Buna görə də çox sərt şəkildə qayda-qanun yaratmaq lazımdır. Bütün səlahiyyətlər ASAN Xidmətə verilərək həm çıxarışların, həm kupçaların verilməsi, müəyyən rüsumların bəri başdan müəyyənləşdirilməsi, sənədlərin yığılması insan faktoru olmadan həyata keçirilməlidir. Əmlak Komitəsi istədiyi adama kupça verir, istədiyinə vermir. Bu, belə olmalı deyil. Bu günə qədər özünü doğrultmuş ASAN Xidmət vasitəsilə həyata keçirilə bilən ümumi qaydalar müəyyən olunmalıdır”.