BAKI TİKİŞ EVİ XAOS YARADIB: ŞƏHİD VƏ QAZİ ÖVLADLARINA MƏKTƏBLİ FORMASI PULSUZ VERİLSİNbackend

BAKI TİKİŞ EVİ XAOS YARADIB: ŞƏHİD VƏ QAZİ ÖVLADLARINA MƏKTƏBLİ FORMASI PULSUZ VERİLSİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yenə sentyabr, yenə məktəbli forması problemi… İllərdir ki, valideynlər gah qiymətin bahalığından gah da formanın tapılmamasından gileylənir. Yeni tədris ili isə hər iki problemlə valideynləri salamlayır.
Məsələ ilə bağlı TİA. Az-a danışan təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, tikiş evləri yeni tədris ili üçün formaları çatdıra bilməyib:
“Çox təəssüflər olsun ki, vahid məktəbli forması ilə bağlı verilən qərarlar uzun illər vahidliyini saxlamadı. Yəni imkanlı, elit məktəblər Türkiyədən, digər xarici ölkələrdən bahalı parçalar sifariş edib gətirdi. Digər adi ümumtəhsil məktəbləri isə Bakı Tikiş Evinin tikdiyi ucuz parçalardan olan paltarları geyindi.

Yaxud da qeyri-leqal fabriklər Çindən gətirdikləri parçalardan paltar tikib satdı.
Formanın əsas məqsədi şagirdlər arasında sosial bərabərliyi təmin etməkdir. Burda isə sosial bərabərlik prinsipləri pozuldu. Lidiya Rəsulova nazir olduğu dövrdə problemləri aradan qaldırmaq üçün belə bir qərar verdi ki, şagirdlər məktəbə aşağı hissə tünd, yuxarı hissə açıq rəngli paltar geyinə bilər. Bu, bir müddət belə davam etdi. Sonra isə vahid məktəbli forması yenidən aktuallaşdı.
Bu il də məsələ ilə bağlı müəyyən problemlər yaranıb. Tikiş fabrikləri deyir ki, hardansa parça almalı imişlər, parça gəlib çıxmadığına görə paltar çatdıra bilmirlər. Hələ ki, belə göstərişdir ki, ötən ilki formalardan istifadə oluna bilər. Yəni uşaqlardan məcbur tələb olmayacaq.
Elə ailələr var ki, altı uşağı məktəbə gedir. Forma nə qədər ucuz da olsa, həmin ailələr üçün əlçatan deyil. Bir vaxt Milli Məclisdə müzakirə zamanı belə bir təklif verilmişdi ki, aztəminatlı ailələrə, şəhid, qazi ailələrinə məktəbli forması dövlət tərəfindən verilsin.
O təklif reallaşdırılsa, müsbət nəticələr verə, bizim sosialyönümlü siyasətimizin tərkib hissəsi ola bilər.
Ümumiyyətlə, forma məktəbin atributudur, nizamdır, lazımlıdır. Ancaq biz illərdir ki, bu problemi həll edə bilmirik”.

Aytac

TİA. Az