Bakı – Nyu York – İrəvan əks-sədası… Bir də Lissabon…backend

Bakı – Nyu York – İrəvan əks-sədası… Bir də Lissabon…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronovirusu (“COVİD-19”) pandemiya elan etdikdən sonra, Azərbaycan Prezidentinin başçılığı ilə dövlətimiz tərəfindən bu qlobal bəlaya qarşı mübarizədə qlobal həmrəyliyin təmin edilməsi məqsədi ilə önəmli təşəbbüslər irəli sürülüb, gerçək addımlar atılıb. – Bu istiqamətdə əməli fəaliyyətlər davam və inkişaf etdirilir.

Budur, BMT-yə üzv olan 130 dövlət, Azərbaycan Prezidentinin təşəbbüsü və Azərbaycan Prezidentinin sədri olduğu Qoşulmama Hərəkatının dəstəyi ilə BMT Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsini dəstəkləyib. Və kiminə görə gözlənən, kiminə görə gözlənilməyən şəkildə Ermənistan təklifin əleyhinə səs verib… Özü də “əleyhinə” mövqesində ( –mövqesizliyində desək daha doğru olar– ) yeganə ölkə olub… Ermənistanın “mövqe”sinə bir qədər sonra qayıdarıq, hələliksə BMT Xüsusi sessiyasına gedən yolun tarixçəsinə baxaq.

Cənab İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə, Qoşulmama Hərəkatının Təmas Qrupunun “COVİD-19” qlobal pandemiyasına həsr edilmiş 04 may 2020-ci il tarixli virtual Zirvə Görüşündə, Hərəkata üzv 120 ölkə ilə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının Prezidenti, ÜST Baş direktoru, Avropa Birliyinin, Afrika Birliyinin yüksək çinli təmsilçiləri də iştirak və çıxış etdi. Bəlli olduğu kimi, Azərbaycan Prezidenti hazırda Qoşulmama Hərəkatı ilə yanaşı Türk Şurasının da sədridir və 10 aprel 2020-ci ildə, yenə cənab prezidentin təşəbbüsü ilə bu beynəlxalq qurum da, videokonfrans vasitəsilə fövqəladə Zirvə Görüşü keçirdi, ÜST Baş direktoru bu Zirvədə də iştirak etdi. Özü də, Türk Şurası dünya çapında, dövlət başçıları səviyyəsində “COVİD-19”a həsr olunmuş virtual Zirvə düzənləmiş ilk beynəlxalq təşkilat oldu…

Beləliklə, növbədə daha böyük bir beynəlxalq qurum qalmışdı – o da, BMT-dən başqası deyildi. – Bu barədə, məhz Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının virtual Zirvə Görüşündə çıxış etdi, məsələ qaldırdı; cənab Prezident qlobal həmrəyliyin bir örnəyi kimi koronovirusla mübarizə məqsədi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə Xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Və bu təklif BMT Baş Qərargahının yerləşdiyi Nyu Yorkda, Qoşulmama Hərəkatına üzv ölkələr arasında yekdilliklə razılaşdırıldı, ardınca Hərəkatın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Hərəkata üzv ölkələr adından BMT Baş katibinə rəsmi müraciət ünvanladı. BMT Baş katibi də öz növbəsində, 28 may tarixində, BMT Baş Assambleyasının “Prosedur qaydaları”nın müvafiq bəndinə uyğun şəkildə, üzv ölkələrə müraciət edərək, 30 gün müddətində bu təşəbbüsə münasibət bildirilməsini xahiş etdi.

Bəlli olduğu kimi, qüvvədə olan qaydalara görə, BMT-yə üzv ölkələrin çox hissəsi (50% + 1) təşəbbüsə dəstək verdiyi təqdirdə, Xüsusi sessiya təşkil olunmalıdır; nəzərə alsaq ki BMT-nin 193 üzvü var, o zaman yarıdan çoxu 97 edir və Azərbaycan Prezidentinin təşəbbüsü nəinki 97, daha 33 ölkənin də dəstəyini alıb. – Bayaq dediyimiz – sözügedən prosedur müddətinin bitməsinədək 130 ölkə qlobal təşəbbüsə dəstək verdiyi barədə Baş katibin ofisini bilgiləndirib.

Bəs bu, nəyi ifadə edir? – Bu, ilk növbədə, Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidentinin haqqında danışdığımız təşəbbüsünün dəstəklənməsi, beynəlxalq ictimaiyyət tərəfin-dən ölkəmizə, şəxsən cənab İlham Əliyevə bəslənən güclü etimadın, sayğının növbəti göstə-ricisidir.
Qeyd edək ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün bölgələrini əhatə edir. O ölkələr arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də var, kiçik ada dövlətləri də… Və bu məsələ ilə bağlı, ayrı-ayrı dövlətlər tərəfindən BMT Baş katibinə ünvanlanan məktublarda, Azərbaycan Prezidentinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.

Qayıdaq, Ermənistanın Xüsusi sessiyanın çağırılmasının əleyhinə səs verməsinə… Xatırlayırsızsa, buna bənzər bir yaddaqalan hadisə illər öncə başqa bir Zirvədə – Lissabonda yaşanmışdı. – Söhbət, ATƏT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı il dekabrın 2-3-də keçirilən Lissabon Zirvə Görüşündən gedir.

1996-cı il dekabrın 2-3-də Lissabonda 52 Avropa dövləti, eləcə də, ABŞ, Kanada və 10 Asiya-Afrika dövləti başçılarının müşahidəçi statusunda iştirakı ilə ATƏT dövlət və hökumət başçılarının Zirvə Görüşü keçirildi. Qafqaz bölgəsi, özəlliklə (rəsmi istilahla desək) Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunduğu Lissabon Sammiti xüsusi önəm daşıyırdı.

Ümummilli lider Lissabon Zirvəsindən öncə ATƏT üzvü olan dövlət və hökumət başçılarına göndərdiyi məktubda münaqişənin həlli üçün ümumi çərçivə qaydalarını – “Lissabon prinsipləri”ni göstərmişdi. O, ATƏT prinsipləri, BMT Nizamnaməsi və beynəlxalq hüququn ümumi qaydalarına uyğun gələn bu müddəaları Zirvə Görüşündəki nitqində də diqqətə çatdırmışdı. Müddəaların başında “Ərazi bütövlüyünün tanınması” gəlirdi.

Ermənistan nümayəndə heyəti sülh çağırışlarına baxmayaraq, Azərbaycanın dövlət başçısının irəli sürdüyü prinsiplərin “Lissabon Bəyannaməsi”nin 20-ci maddəsinə salınmasına veto qoydu. O zaman sanki çıxış yolu görünməzkən, Heydər Əliyev, ATƏT-in Lissabon sənədinə bütövlükdə veto tətbiq edərək, hər kəsi yenidən düşünməyə, Ermənistanın beynəlxalq hüquqa zidd davranışına diqqət yetirməyə məcbur etdi. O zaman ABŞ nümayəndə heyətinə başçılıq edən Vitse-prezident Albert Qorun təklifi ilə prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca Bəyanatında ifadə edilməsinə nail olundu. ATƏT-in rəsmi sənədləri sırasına daxil olan Bəyanatda bu müddəaların Zirvə Görüşündə iştirak edən 53 ATƏT üzvü tərəfindən bəyənildiyi göstərildi – yeganə “bəyənməyən” və təklənən Ermənistan idi…

Ümummilli lider Heydər Əliyev həmin Zirvə Görüşü haqqında deyirdi: “Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan– Azərbaycan münaqişəsinin mahiyyətini açıb həm Zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bildirdik”.

Lissabondan sonra da dəfələrlə Azərbaycan hakimiyyəti Ermənsitanın qeyri-konstruktiv mövqelərinə (mövqesizliyinə) zərbələr vurub. Şəxsən cənab İlham Əliyevin ard-arda Soçi, Aşqabat, Bakı, Münhen və b. toplantılarda, konfranslarda və videokonfranslarda – bir sözlə, bütün mümkün platformalarda Ermənistan rəhbərliyini pərt etməsi, “demokrat qiyafəli işğalçı”nın nəhayət Nyu Yorkdan aldığı növbəti siyasi-diplomatik şillə ilə davam etməkdədir.
Bəli, Azərbaycanın dünyada artan nüfuzu, Azərbaycanın adının müsbət planda çəkilməsi “demokrat qiyafəli işğalçı”da, əlbəttə, qıcıq doğurur, onların hansısa məkrini pozur – bu başa düşüləndir; lakin gözgörəsi bütün dünya pandemiyaya qarşı mübarizədə səfərbər olmağa çalışıb, həmrəyliyin vacibliyini vurğulamaqda olduğu bir ortamda, Ermənistan başbilənlərinin belə səriştəsiz hərəkəti, onları BMT sistemində, beynəlxalq aləmdə rəzil duruma salmış oldu. – Azərbaycan Przidentinin təşəbbüsünün əleyhinə olmaqla, bütün dünya bir daha Ermənistanın əsl mahiyyətinin – dünyavi mahiyyətsizliyinin şahidi oldu. – Paşinyan hökuməti diplomatik səbatsızlığı üzündən öz manevr imkanlarını itirməkdədir – necə deyərlər, haqq nazilər, üzülməz.

Bir tərəfdə qlobal həmrəyliyə dair ardıcıl, olumlu təşəbüslərlə çıxış edən, sözü eşidilən və ÜST-ə ianə göndərən, ayrı-ayrı dövlətlərə humanitar yardımlar edən Azərbaycan, digər tərəfdə, başqalarından yardım dilənən, ən kiçik yardımı da bəh-bəhlə qəbul edən Ermənistan; özü də, əhali sayına nisbətdə götürsək, hazırda koronovirusa yoluxan və ölənlərin sayına, artım tempinə görə Ermənistan Azərbaycandan çox qabaqdadır… Bu da azmış kimi, Ermənistanın təhriki, dəstəyi ilə qondarma Dağlıq Qarabağda məhz pandemiya dövründə seçkilər keçirildi… Bir sözlə, Ermənistan özü bir yandan qlobal təhlükə ərz edir, digər yandan qlobal həmrəyliyə qarşı çıxış edir… Bu fonda, Avropa Birliyindən, Böyük Britaniyadan yaxın günlərdə ciddi mövqelər açıqlansa da, Azərbaycanın, Ermənistanın qondarma “dövlət”lə hoqqalarını qəbul etməyəcəyi birmənalı olsa da, yenə işğalçılıq siyasətindən əl çəkmir, beynəlxalq hüquq normalarına sayğısızlıq edir…

Heç şübhəsiz ki, dövlətimizin siyasi-diplomatik cəbhədə apardığı mübarizə hərb cəbhəsində də davam və inkişaf etdirilir. Güclənən ordumuz, silahlanmya qəbul etdiyimiz yerli və xarici istehsala aid yeni silahlar, əsgərlərimizin mənəvi-psixoloji hazırlığı dediklərimizlə həmahəngdir. Daha bugünlərdə Ali Baş Komandanın cəbhəyanı bölgələrdə, eləcə də, yeni hərbi hissələrin açılışında etdiyi çıxışlar dediklərimizə əyani sübutdur. – Ali Baş Komandan sözü, Prezident sözü hərtərəfli informasiyalarla təmin edilmiş ən mötəbər sözdür; deməli, ardıcıl siyasi-dplomatik uğurlar öz məntiqi sonluğuna yetişməli, bölgədə ədalət bərpa olunmalıdır. – Bu, alternativlərin ən yaxşısıdır – yalnız bizimçün deyil, ağılları başlarında olsa, işğalçı üçün də sülh alternativlərin ən yaxşısı olmalıdır. Əlbəttə, ədalətli sülh! Dünya yalnız koronovirus pandemiyasından deyil, beynəlxalq hüquqa sayğısılıqdan, ikilistandartlar pandemiyasından da qurtulmalıdır!
Əkbər Qoşalı