Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri sosial şəbəkələri bir-birinə vurdu – VİDEObackend

Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri sosial şəbəkələri bir-birinə vurdu – VİDEO

Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin taksilərlə bağlı ARB telekanalına verdiyi açıqlama sosial şəbəkələri necə deyərlər, bir-birinə vurub.

Modern.az xəbər verir ki, taksilərə tətbiq olunacaq vahid qiymət tarifi haqqında danışan H.Babayevin taksidən istifadə etməyin hər adam üçün əlçatan olmasına qarşı çıxması ciddi tənqidlərə tuş gəlib.

”Taksilərin qiymətləri bu gün o həddə enib ki, hətta avtobus qiymətlərinə az qala bərabərləşib. Yəni bu, belə olmalı deyil” deyən BNA-nın şöbə müdiri bildirib ki, taksidən istifadə etmək əvvəlki dönəmlərdəki kimi müəyyən imkanlara bağlı olmalıdır. O, dolayısı ilə adi insanların taksidən deyil, yalnız avtobuslardan istifadə etməli olduğunu, taksiyə isə yalnız imkanlı sərnişinlərin minməli olduğunu vurğulayıb:

“Taksidən yararlanmaq olar, amma bunu gündəlik daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm sərnişindaşıma (avtobusları nəzərdə tutur-red.) mövcuddur”.

Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev Bakı Nəqliyyat Agentliyinin rəsmi şəxsinin bu cür açıqlama verməsini adi insanlara qarşı həqarət kimi qiymətləndirib. İqtisadçı “”taksinin qiyməti ucuz olmamalıdır, taksidən imkanı olanlar istifadə etməlidir” deyən təfəkkür bizi harasa çox qeyri-müəyyən, amma zülmət olduğuna şübhə qalmayan bir yerə dartıb aparır” deyə etirazını ifadə edib.

Jurnalist Xaqani Səfəroğlunun BNA rəsmisinin açıqlamasına reaksiyası ironik olub:

“Taksiyə minmək istəyənlərin bankda 1000 dollar depoziti olmalıdır. BNA da pul qəbzini təsdiq etməlidir. Ya da fəhlə, sən də özünü insanmı sanırsan?”.

İctimai fəal Bəxtiyar Hacıyev: “BNA rəsmisi deyib ki, taksilər ucuzdur, avtobus kimi ora-bura istifadə edirsiniz, taksi imkanlı təbəqə üçün olmalıdır. Yəni, pis kasıblar, siz kimsiniz, qudurmusunuz ki, taksi ilə gəzirsiniz? Qaldıraq qiyməti, siz də məcbur bizim basabas avtobuslarda gəzin”.

“Yenisabah.az”ın təsisçisi Elnur Məmmədli: “Bakı Nəqliyyat Agentliyi, pis çıxmasın, işdə bir-iki kasıb var, hər gün taksiyə minirlər. Adlarını inboksa yazacam…”.

Hüquqşünas Ələsgər Məmmədli də Bakı Nəqliyyat Agentliyinin rəsmisi Hikmət Babayevin fikirlərini sərt tənqid edib:

“”Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil”” ifadəsini işlədən şəxsin ilk növbədə idarəetməsində yer aldığı ölkənin Konstitusiyasından xəbəri yoxdur.

Konstitusiyanın preambulasında aydın ifadə edilib ki: “- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək”- məqsədi ilə dövləti və onun Konstitusiyasını xalq yaradıb.

BNA rəsmiləri və onları yönləndirənlər bilməlidir ki, Konstitusiyanın 15-ci maddəsi belə əmr edir:
“Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”.

Bu kafada olanlar dərk etməlidir ki, Azərbaycanda dövlət həm də sosial dövlət prinsipini mənimsəyib. Konstitusiyanın 16-cı maddəsi “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır” – deyir.

BNA rəsmisi dərk etməli idi ki, istədiyində qiymətlərinə əlçatmayan taksidən seçkin bir kütləni təmsilən istifadə etməli deyil, hər kəsin müəyyən imkanları olmalıdır ki, layiqli həyat yaşasın. Onsuz da BNA rəsmiləri, onların tabeliyində olduğu Nazirlər Kabineti rəsmiləri ilə dəyəri yüz min manatla ölçülən maşınla AA seriya altında istəqdiyi qədər rahat və “layiqli və seçkin” həyatlarını sürdürür”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki