Tribuna İnformasiya Agentliyi

Bakı meriyasına kim gətirilir? 20-yə yaxın başçı… – Millət vəkili

08 Noyabr

Prezident tərəfindən icra başçıları qarşısında çox ciddi tələblər qoyulub.

Bu sözləri Axar.az-a Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, dövlət başçısı son zamanlar, xüsusilə də 2017-ci ildən başlayaraq, Azərbaycanda çox ciddi iqtisadi islahatlara start verib:

“Fikir verirsinizsə, ölkədə çox ciddi kadr dəyişiklikləri həyata keçirilir, yenilənmə gedir. Təbii ki, bu yenilənmə prosesində icra başçıları da istisna deyil. Belə ki, bundan sonra yalnız rayonun bütün problemlərini həll edəcək, investisiya axını təşkil edə biləcək icra başçıları öz vəzifələrində qalacaqlar. Çünki dövlət büdcəsindən rayonlarda infrastruktur layihələrinin həyata keçirilməsinə, yolların çəkilməsinə kifayət qədər böyük vəsait ayrılır. Məhz buna görə də Prezident icra başçıları qarşısında qoyduğu tələbləri artırır. Rayonlara investisiya yatırımının artırılması çox ciddi məsələdir. Çünki rayonların gələcək iqtisadi inkişafı məhz bu prosesdən asılıdır. Dövlət başçısı bütün bunları nəzərə alaraq, icra başçılarının yenilənməsinə dair göstərişlər verir. Belə sərəncamlar qarşıda da olacaq”.

Millət vəkili yaxın müddətdə 20-yə icra başçısının dəyişəcəyi ilə bağlı yayılan informasiyaya da aydınlıq gətirib:

“Bu məsələ birbaşa Prezidentin səlahiyyətində olan məsələdir. Ancaq hesab edirəm ki, dövlət başçısı lazım bildikdə bütün məsələlərə müdaxilə edərək dərhal həll edir. Bakının icra başçısına gəlincə isə, hələlik bu vəzifəni Eldar Əzizov əvəz edir və o, kifayət qədər təcrübəli şəxsdir. Ümumiyyətlə, meriyanın seçkili orqan olması da istisna edilmir”.