Tribuna İnformasiya Agentliyi

Bakı bazarlarında qızıl qiymətinə qara kürü satılır

19 İyul

Kürünün ən ucuz qiyməti – 100 qramı 70 manatadır; 17-ci əsrədək qara kürü kasıb kəndli yeməyi sayılırdı, indi isə…

Ötən günlərdə azərbaycanlının Rusiyada 1 tondan çox qara kürü ilə yaxalanması ilə bağlı xəbər yayıldı. Xəbərdə bildirilib ki, polis əməkdaşları FTX ilə birlikdə əməliyyat-axtarış tədbiri həyata keçirərək Jukovsk aeroportunun yük terminalında qaçaqmal şəklində qara kürü partiyasını aşkar edib. Qeyri-leqal yük MDB respublikalarının birindən gündəlik tələbat malı adı altında gətirilib. İstintaqın məlumatına görə, qaçaqmalı iki xarici vətəndaş-30 yaşlı Çin və 60 yaşlı Azərbaycan vətəndaşı təşkil edib. Onlar kürünü Rusiya ərazisində satmağı planlaşdırıblar. Adı açıqlanmasa da, ehtimal edilir ki, bu kürülər Qazaxıstandan gətirilib…

Yada salaq ki, Azərbaycandan xaricə yalnız 125 qrama qədər nərə cinsli balıq kürüsü  çıxarılmasına icazə verilir. 125 qramdan artıq kürünü dövlət sərhədindən çıxarmaq mümkün deyil. 125 qram kürünün qiymətinə gəlincə isə, ilk olaraq qeyd edək ki, bazara hazırda qara kürü adı altında xeyli saxta məhsullar da satılır. Bunların qiymətləri isə müxtəlifdir.

“Təzə bazar”da öyrəndik ki, bazara kürülər əsasən xaricdən gətirilir. Xaric dedikdə Dağıstan və Həştərxan nəzərdə tutulur. Satıcılar aşağıdakıları söylədilər: “Hazırda bazarda qara kürünün 100 qramı 70 manatdan başlayır.  Dənəvari kürülər bahadır. Bu cür kürünün 100 qramının qiyməti 110 manat və daha yüksəkdir. Alıcı yaxşı kürünü dadından və tərkibindən tanıya bilər. Əgər kürü yapışqandırsa, deməli, yaxşı deyil. Dənəvari kürülər isə ən yaxşı kürü hesab edilir. Burada hər cür kürüyə rast gəlmək olar. Kürü çıxarılmış formada gətirilir. Balığın qarnının kəsilib çıxarıldığı yerdə kürünün kiloqramının qiyməti 1000 dollardan aşağı deyil”.

qara kürü ile ilgili görsel sonucu

Bazarda qırmızı kürünün kiloqramının qiyməti 180- 240 manat arasında dəyişir. Bakıda “8-ci kilometr bazarı”nda da qara kürü satılır. Orada da qiymətlər, demək olar ki, eynidir. Hazırda mövsümlə bağlı olaraq balığa və qara kürüyə olan tələbat aşağı düşdüyü üçün satıcılar yuxarıda qeyd etdiyimiz qiymətlərə 10-12 manat endirim edirlər. Payız aylarında isə qiymətlər yuxarıda qeyd etdiyimiz qiymətlərdən bir qədər də baha olur.

Mağazalarda isə daha çox Rusiya istehsalı olan saxta kürülər satılır. Bu kürülərin ən bahasının 125 qramı 6 manatadır. Açıq şəkildə bu qiymətdən baha olan kürünün satıldığına rast gəlmədik. Vitrinlərdə hətta 100 qramı 2.5 manata olan Rusiyada qablaşdırılan kürüyə də rast gəlmək olar.

Əsl kürünün qiymətinin bu qədər baha olması onu sadə insanlar üçün əlçatmaz edib. Bəs kürü nə üçün bu qədər bahadır? Onun faydası nədir?

Məlumat üçün qeyd edək ki,  17-ci əsrədək qara kürü kasıb kəndli yeməyi sayılırdı. Lakin sonralar əvvəlcə rus çarlarının, ardınca isə Avropa aristokratlarının süfrəsinə yol tapan kürü indi dünyanın ən ləziz və delikates ərzaq növü sayılır. Kürüyə tələbatın artması və onun məhdud miqdarda olması qiymətini baha edən faktor kimi xarakterizə edilir. Ekspertlər adətən bildirirlər ki, kürü də qızıl kimi bir şeydir-dünyada az olduğu üçün qiyməti də süni şəkildə qaldırılıb… Ancaq kürünün faydaları böyükdür.

Normal qidalanmaq üçün hər bir insanın qida rasionunda digər ət növləri ilə yanaşı balıq və balıq məhsulları da olmalıdır. Hər bir adam ildə 18-20 kq balıq əti, o cümlədən 150-200 qram qara kürü yeməlidir. Azərbaycanda isə qara kürü çoxları üçün əlçatmazdır…

Onu da qeyd edək ki, qırmızı kürü tez xarab olduğu üçün qara kürü qədər effektiv deyil. Məlumatlara görə, hələ 100 il əvvəl balıqçılar qırmızı kürünü balığın içalatı ilə birgə istifadə etmədən atardılar. Qırmızı kürü tez xarab olduğundan onu qida kimi qəbul edən insanda zəhərlənmə baş verməsi mümkün idi. O baxımdan qırmızı kürüdən istifadə edilmirdi. Belə ki, qırmızı kürünün duzlanması 19-cu əsrin sonlarına təsadüf edir.

Qırmızı kürünün keyfiyyətini çox asan yolla aydınlaşdırmaq olar. Belə ki, səthi hamar olan bir qab götürülür və qırmızı kürüdən bir iki dənəsi onun üzərinə qoyulur və kürülərə üfürülür. Əgər kürü dənəcikləri qabın dibinə yapışıb qalırsa, deməli, kürü yaxşı deyil. Lakin kürü dənəcikləri qabın dibində üfürdükdən sonra rahat hərəkətə gəlirsə, bu o deməkdir ki, kürü keyfiyyətlidir və qida kimi istifadə edilə bilər.

qara kürü ile ilgili görsel sonucu

Qırmızı kürünün tərkibi 30% insan orqanizminin rahatlıqla qəbul edəcəyi zülallarla zəngindir. Bu baxımdan zəifləmiş və ağır xəstələrə bu kürüdən istifadə etmək tövsiyə olunur. Qırmızı kürü orqanizmin güclənməsinə yardım edir.

Qırmızı kürü Uzaq Şərq balıqçıları arasında ucuz ərzaq növü hesab edilirdi. Qara kürü isə immunitet sisteminin  gücləndirilməsi üçün minerallarla zəngindir. Eyni zamanda beyinin inkişafı, dərinin cavan qalması,  açıq yaraların müalicəsi üçün də qara kürüdən istifadə edilir. Qara kürü beyinin sağlamlığına yardım edən ən yaxşı qidalardan biri sayılır. Tərkibində insan bədəninin öz-özünə yarada bilmədiyi “omega-3″ yağının zəngin olması səbəbindən də qara kürü faydalıdır. Ümumilikdə gündəlik 1 qaşıq qara kürü yemək orqanizmin bir çox vitaminlərə olan ehtiyacının ödənilməsi deməkdir.

Rəsmi açıqlamalara görə, hər il Azərbaycanda 70-80 min ton nərə ovlanır. Bir nərə isə 5-6 kilo kürü vermək iqtidarındadır. Azərbaycanda 2013-cü ildə Xıllı Nərə Balıqartırma Zavodunda ilk dəfə olaraq süni yolla kürü yetişdirilib. 2003-cü ildən istifadəyə verilmiş Xıllı Nərə Balıqartırma Zavodunda yetişdirilən törədici döllük səviyyəsinə çatdırılmış 7-8 yaşlı 2 dişi nərə balığından süni yolla 5 kq – 260 min ədədə yaxın kürü alınıb. Süni yolla alınmış kürülər eyni üsulla yetişdirilmiş  2 erkək nərə balığının mayası ilə mayalandırılaraq inkubasiya aparatlarına yerləşdirilib və bundan 200 mindən çox sürfə alınıb.

Əli RAİS,