Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olundubackend

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakcell şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb.
TİA.AZ xəbər verir ki, mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideri olan Ookla® ən yüksək mobil şəbəkə sürətini müəyyən etmək üçün özünün Speedtest mobil tətbiqetməsi vasitəsilə Azərbaycanın bütün mobil operatorlarının şəbəkələrini test edib. 68 mindən çox istifadəçinin iştirak etdiyi testin nəticəsinə görə bu ilin birinci və ikinci rübü ərzində Bakcell ən yaxşı nəticələri göstərib. “Bakcell”in mobil şəbəkəsi ən yüksək yükləmə (download) və ötürmə (upload) sürəti nümayiş etdirib.
“Biz bu mükafata layiq görüldüyümüz üçün qürur duyuruq. Bu, abunəçilərimizi ən üstün mobil şəbəkə və ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etmək üçün göstərdiyimiz səylərə müstəqil təşkilatdan verilən yüksək qiymətdir. Abunəçilərin mobil şəbəkəyə daha çox ehtiyac duyduğu çətin pandemiya dövründə bu mükafatın əhəmiyyəti daha da artır. Bu müddət ərzində biz Bakcell abunəçilərinə kommunikasiya, iş və əyləncə üçün daha geniş imkanlar açmaq üçün əlimizdən gələni etdik. Fəaliyyətimizin uğurlu nəticəsi olan bu mükafat bizə abunəçilərimizin mobil rabitə xidmətlərinə olan tələblərini tam həcmdə ödəmək naminə daha çox işləmək üçün əlavə motivasiya verir”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.
Qeyd edək ki, 2018-2019-cu illərdə Ookla şirkəti Bakcell şəbəkəsini 3 dəfə ardıcıl olaraq “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görüb. Bu gün Bakcell şəbəkəsi 8700-dən çox baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 91.7%-ni əhatə edir.
“Ookla tərəfindən təqdim olunan “Speedtest mükafatı” yalnız bazarda ən üstün internet göstəriciləri və əhatə dairəsinə malik olan mobil operatorlara verilir. Biz “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” mükafatını Bakcell şirkətinə böyük məmnuniyyətlə təqdim edirik. Bu mükafat şirkətin 2021-ci ilin I və II rübləri ərzində göstərdiyi müstəsna nəticələrin təsdiqidir. Bu yüksək nəticələr abunəçilər tərəfindən Speedtest proqramı vasitəsilə edilən sınaqların ciddi şəkildə təhlili nəticəsində əldə olunub”, deyə Ookla şirkətinin baş icraçı direktoru Doug Suttles bildirib.
Ookla® mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideridir. “Ookla”nın aparıcı şəbəkə sınaqları platforması olan Speedtest® proqramı hər gün bütün dünyanın şəbəkələrin fəaliyyəti və keyfiyyətinə dair milyonlarla ölçmələrin nəticələrini emal edir.
* “Ookla”nın 2021-ci ilin 1-ci və 2-ci rübləri üzrə Speedtest Intelligence® məlumatlarının təhlilinə əsasən, Ookla ticarət nişanları lisenziya və müvafiq icazə əsasında istifadə olunur.