“Bahalaşmanın qarşılığında əmək haqları, pensiya və müavinətlərə yenidən baxılmalıdır” – ÇAĞIRIŞbackend

“Bahalaşmanın qarşılığında əmək haqları, pensiya və müavinətlərə yenidən baxılmalıdır” – ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bahalaşmanın qarşılığında əmək haqları, pensiya və müavinətlərə yenidən baxılmalıdır”
Aİ-95 və Aİ-98 markalı benzinin qiymətinin artırılması ölkədə birmənalı qarşılanmayıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az-a bildirib ki, Aİ-95 markalı benzinin qiyməti 1.60, Aİ-98in satışı isə 1.90 manat olub. Aİ-98 az işlənsə də, Aİ-95 çox işlənən yanacaqdır. Tələbatın çox olduğu yanacağın qiymətini birdən-birə 15 qəpik bahalaşdırmaq absurddur: “Benzini il ərzində neçə dəfə bahalaşdırmaq olar? Açığı, mən artım gözləmirdim, çünki artım bir neçə ay əvvəl olmuşdu”.
Deputat SOCAR-ın benzinin bahalaşaması ilə bağlı verdiyi açıqlamadakı izahın anlaşılan olmadığını vurğulayıb: “Hər dəfə də izah edirlər ki, Azərbaycanda istehsal edilmədiyi, xaricdən idxal olunduğu üçün qiymətlər artırılır. Neçə illərdir eyni şablon açıqlama verilir. Azərbaycan neft ölkəsidir. İdxal baha başa gəlirsə, zavod tik, öz ölkəndə istehsal et. Ölkədə ən çox işlənən Aİ-92 və Aİ-95 markalı benzinlərdir. Niyə bu vaxta qədər zavod tikib bu benzini özümüz istehsal etmirik ki, qiymətlər də belə yüksək olmasın?!
Məntiqlə neft bahalaşır deyə xaricdən idxal ediləni bahalaşdırırlarsa, daxildə istehsal edilən Aİ-92 markalı benzini də ucuzlaşdırmalıdırlar. Amma bizdə qiymətin aşağı salınması görünməmiş şeydir. Bu gedişlə mən gözləyirəm ki, Aİ-92-ni də bahalaşdırsınlar”.
Parlamentari deyib ki, bu bahalaşmanın qarşılığında əmək haqları, pensiya və müavinətlərə yenidən baxılmalıdır: “Siz buna təkcə benzinin bahalaşması kimi baxmayın, bu, ərzaqdan tutmuş qeyri-ərzağa qədər bütün sahələrə təsir edəcək. İnsanların həyat şəraitinə mənfi təsir göstərəcək. Məsələ çox ciddidir. Bu gün mağazadan 5 manata aldığın məhsul gələn həftə 5 manatdan baha olur. Bahalaşma sürətlə gedir, insanların vəziyyəti pisdir. Parlamentdə bu məsələlərə mütləq toxunacağıq”.
“Neft qiymətləri yüksəkdir, Azərbaycana daxil olan valyutanın həcmi kifayət qədərdir, pul dövriyyəsində çətinliyimiz yoxdur, manatın məzənnəsi stabildir. Bu bahalaşmaya nə ehtiyac vardı?!”, – deyə V.Əhmədov əlavə edib.
Bəs müxalifətdə olan partiyalar yanacağın qiymətlərinin artırılmasına necə yanaşırlar?
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, yanacağın qiymətinin artırılması bütün sahələrdə qiymət artımını tətikləyir. Ona görə də əhalinin vəziyyətini nəzərə alıb qiymət artımına gedilməməli idi: “Baxmayaraq ki, qiymətləri bazar münasibətləri tənzimləməlidir, amma bizdə qiymətlər faktiki olaraq yenə də inzibati qərarlarla guya tənzimlənir. Bu da müsbət nəticəyə gətirib çıxara bilməz. Digər tərəfdən də hazırda əhalinin iqtisadi vəziyyətinin yaxşı olmadığı, ölkədə xüsusilə ərzaq məhsullarında davamlı bahalaşma getdiyi bir vaxtda müəyyən sosial təminat tədbirləri olmadan, pensiya və maaşlarda artım nəzərdə tutulmadan, əhalinin aztəminatlı hissəsi üçün müəyyən güzəşt tədbirləri həyata keçirilmədən qiymət artımına gedilməsini yanlış hesab edirik. Bu barədə bizim partiyanın rəsmi bəyanatı da olacaq”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, qiymət artımının əleyhinədirlər. Çünki qiymət artımı əhalinin iqtisadi vəziyyətinə mənfi təsir edir. Məsələnin daha bir mənfi tərəfi odur ki, ölkədə pensiya və maaşlarda artım edilmir: “Pensiya və maaşlar, minimum əmək haqqı artırılmadığı halda ölkədə bütün məhsullarda davamlı qiymət artımı prosesi gedir. Bu da yaşayışın gün-gündən bahalaşması və çətinləşməsinə gətirib çıxarır. Biz bahalaşmanın əleyhinəyik. Nəzərə alsaq ki, benzinin qiyməti strateji məsələdir. Bu məsələdə qəfil qərarlar verib insanları çətin durumda qoymaq düzgün deyil. Heç bir ictimai müzakirə aparmadan, rəy öyrənilmədən bir saatın içərisində absurd qərarlar verilir. Bu cür qərarlar nə zamansa öz fəsadını göstərəcək. Qiymət artımı üçün ciddi bir iqtisadi əsaslandırma belə apara bilmirlər. Neftin dünya bazarında qiyməti ucuzlaşanda da bizdə benzinin qiyməti artırılır, neftin qiyməti dünya bazarında bahalaşanda da bizdə benzin bahalaşır. Bu cür qərar xalqın vəziyyətinin daha da pisləşməsinə xidmət edən qərarlardandır”.
AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, ölkədə yüksək oktanlı avtomobil yanacağının qiymətlərinin növbəti dəfə artırılması heç bir halda başadüşülən deyil və əlaqədar qurumların bu sahədə apardıqları yarıtmaz siyasətin nəticəsi kimi qəbul olunur: “Azərbaycan neft ölkəsidir və ən azından 2015-ci ildən sonrakı dövr ərzində neft məhsullarının satışından əldə olunan kifayət qədər yüksək maliyyə vəsaiti hesabına ölkədə neft emalı sahəsinə yatırımlar etməklə yüksək oktanlı benzin istehsal etmək olardı. Belə olacağı təqdirdə Aİ-95 və Aİ-98 benzininin xaricdən baha qiymətə alınmasına da ehtiyac olmaz və təbii ki, qiymətlərin də qaldırılmasına zərurət yaranmazdı. Bu gün isə çox təəssüflər olsun ki, biz xam nefti istehsal edərək dünya bazarına çıxarmaqla yanaşı, qeyd olunan yüksək oktanlı yanacağı da dünya qiymətlərinə uyğun olaraq baha almaqda davam edirik. Bu isə vətəndaşlarımızın onsuz da bir o qədər də yüksək olmayan iqtisadi durumuna təsirsiz ötüşmür və haqlı olaraq ciddi narazılıqlara səbəb olur. Təcrübədən də bildiyimiz kimi, yanacağın qiymətinin artımı paralel olaraq digər məhsulların da qiymətinin artmasına vəsilə olur və bu da hər bir halda xoşagəlməz durum yaradır”.