Bahalaşma davam edir… – NƏ ETMƏLİ?backend

Bahalaşma davam edir… – NƏ ETMƏLİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar ölkədə istehsal məhsullarının, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Bu özünü həm yerli istehsal həm də idxal məhsullarda göstərir. Həyat üçün əhəmiyyətli sayılan ərzaq məhsullarının bahalaşması isə, əhali tərəfindən bir mənalı qarşılanmır. Düzdür, dövlət səviyyəsində bəzi məhsulların bahalaşmasının qarşısının alınması üçün məhdudiyyətlər qoyulur. Amma bu məhdudiyyətlər nə zamana qədər davam edəcək? Effekt verəcəkmi?
Bahalaşma təkcə Azərbaycandamı müşahidə edilir?

İqtisadçı Pərviz Heydərov Bizimyol.info saytına açıqlamasında bildirib ki, bahalaşma təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir: “Bütün dünyada əsas strateji xammal məhsullarının qiyməti yüksəlir. Bu da təbii olaraq digər istehsal məhsullarının qiymətlərinə təsir edir. Burada strateji məhsul dedikdə neft-qaz nəzərdə tutulur. Bu gün Avropada qazın min kub metri 1200 ABŞ dollarına təklif edilir. Bu qiymət rekord bir qiymət səviyyəsidir. Bundan əvvəl isə rekord qiymət avqust ayında qeydə alınmışdı. Qazın min kub metrinin qiyməti 600 ABŞ dollarını keçmişdi”.

Ekspert bildirir ki, bu günə qədər Avropada qazın qiyməti bu qədər yüksəlməyib. Qazın qiymətinin artması, Avropada bir sıra istehsal sahələrinin iflic vəziyyətə düşməsinə, istehsal sahələrində maya dəyərinin qalxamasına zəmin yaradıb. Hətta bu vəziyyətə görə, bəzi Avropa ölkələrində qaza görə istehsal dayandırılıb. Bu zəncirvari, “domino” effekti daşıyan bir vəziyyətdir. Bunun arxasınca neftə olan tələbat da artır.

“Nəticədə neftin qiymətinin artması təklifi qarşılaya bilmir. Neftin qiyməti artıdqca, yanacağın və neft məhsullarının qiyməti artır. Bu vəziyyət dolayı yolla olsa da, digər istehsal vasitələrinin qiymətinə öz təsirini göstərir. Bu fonda ölkədə qiymətlərin sabit qalması qeyri-mümkündür. Çünki ölkəmizdə daxili istehlak bazarının mühüm bir hissəsi idxal məhsullarından asılıdır. Kənarda istehsal bahalaşırsa, ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti bahalaşırsa, təbii ki, Azərbaycanda da məhsulların bahalaşması qaçınılmaz hal alır.”

Ekspertin fikrincə, bu real bahalaşmadır və bunun qarşısını almaq qeyri-mümkündür.

“Bütün bunlardan əlavə ABŞ valyutası olan dollar Avropa valyutasına görə də dəyər qazanmaqdadır. Nəzərə alsaq ki, dünya iqtisadiyyatında aparıcı valyuta ABŞ dollarıdır, ABŞ dollarının dəyərinin atması istehsal məhsullarının bahalaşması ilə nəticələnir” – deyən iqtisadçı bildirib ki, Azərbaycanda hazırda olan bahalaşma obyektiv xarakter daşıyır. Bu tendensiyada heç bir süni amillər rol oynamır. Bu səbəbdən də hökumətin, dövlətin bu sahədə hər hansı bir məhdudlaşdırıcı tədbirləri bazarda mənfi effekt yarada bilər. Bunun nəticəsi isə, indikindən də ağır ola bilər.

“Hazırkı bahalaşmanın müəyyən çərçivədə saxlanmasının yeganə çıxış yolu sosial istiqamətdə əhalinin müdafiəsinin qayğısına qalmaq, əhalinin gəlirlərinin artırılmasının qayğısına qalmaqdır. Bu da gələn il dövlətin büdcəsinin əsas hədəflərindən biri olmalıdır”,- deyə ekspert bildirib. Onun sözlərinə görə, hazırda ölkənin dövlət gəlirləri qənaətbəxş səviyyədədir. Bahalaşma bütün dünyada müşahidə edilir. Dövlətin valyuta gəlirləri artır.

“Növbəti ilin dövlət büdcəsində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün dövlət büdcəsinin hər cür maddi imkanları var”,- deyə P. Heydərov əlavə edib.

Qısacası, ölkə bazarlarında müşahidə edilən bahalaşma əsaslı bahalaşmadır, süni deyil. Və bunun qarşısını almaq da mümkün deyil. Vəziyyətdən yeganə çıxış yolu isə əhalinin gəlirlərini artırmaqdır. Bu isə hələ gələn il dövlət büdcəsində nəzərə ala bilər. Yəni, dünya bazarlarında neft-qaz məhsullarının qiyməti artarsa, ərzaq məhsullarının da qiyməti artacaq. Əhali isə, bu bahalaşma ilə ayaqlaşmaq üçün hələ bir neçə ay, yəni, gələn ili gözləməlidir. Nə edək, deyirlər, öldürməyən dərd möhkəmləndirir. Bizim xalqımız isə, onsuz da dözümlü və möhkəm xalqdır. Bir neçə ay da dözərik!
Bizimyol.info