Tribuna İnformasiya Agentliyi

KÖRPƏLƏRDƏ BAĞIRSAĞIN YUYULMASI DÜZGÜN DEYİL

04 Aprel

Siyəzəndə bağırsaqları yuyulan 5 aylıq körpə dünyasını dəyişib.  

Siyəzəndə bağırsaqları yuyulan 5 aylıq körpə dünyasını dəyişib. 

Siyəzən sakini Mazan Əzimov martın 19-da oğlu, 5 aylıq Cahidi Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparıb. Körpənin hərarəti və soyuqdəyməsi olduğu üçün uşaq həkimi Mənsurə Ağayeva tərəfindən müalicə aparılıb. Martın 30-da isə, 5 aylıq Cahidin bağırsaqları yuyulub. Bir neçə saatdan sonra isə körpədə qanaxma əmələ gəlib.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırmalara başlanılıb və körpə uşağın dəqiq nədən tələf olduğu bilinəcək.

Ümumiyyətlə, körpə uşaqların bağırsaqlarının yuyulması nə dərəcədə doğrudur və hansı hallarda mümkündür?

Pediatr Vaqif Qarayev TİA.AZ-a bildirdi ki, körpə uşaqların bağırsağının yüksək təzyiq altında yuyulması düzgün deyil: “Əksər hallarda heç vacib də deyil. Bəzi cərrahi xəstəliklərdə (bağırsaq keçməməzliyi) diaqnozun qoyulması üçün yuyula bilər. Ancaq bunu ciddi göstəriş olanda etmək mümkündür. İndi “Hidrokolon”- yüksək təzyiqlə bağırsaqların yuyulması proseduru dəbdədir. Bu prosedura uşaqlara qətiyyən olmaz. Heç bir faydası yoxdur. Ziyani isə kifayət qədərdir. Sözügedən hadisədə həkimin bağırsağı nədən yuduğunu demək çətindir. Bu uşağın bağırsağında əvvəllər problem olubmu?Qanaxma nədən olub?

Bunun hamısına peşəkar komissiya cavab verəcək”.

Qeyd edək ki, körpə paytaxtadakı xəstəxanalardan birinə çatdırılsa da, bir neçə saat sonra dünyasını dəyişib.

Valideynləri iddia edir ki, azyaşlı tibb müəssisəsində müalicə aldığı dövrdə rentgen müayinəsindən keçirilməyib. Kor təbii aparılan müalicə nəticəsində də bağırsağına su çox vurulub və bu səbəbdən də qanaxma baş verib.

İlahə