Bağlanan banklar əmanətçilərin pullarını qaytarmır – Problem necə həll olunacaq?backend

Bağlanan banklar əmanətçilərin pullarını qaytarmır – Problem necə həll olunacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv olunan və müflis elan edilən “NBC Bank”ın bəzi əmanətçiləri pullarını geri ala bilmir. Məlum olub ki, onların əmanətləri sığortalanmayıbmış. Belə ki, onlar banka pul qoyduqları dövrdə artıq “NBC Bank”a əmanət qəbul etmək qadağan olunubmuş.

Məlum olub ki, 2020-ci il yanvarın 27-dən Mərkəzi Bank “NBC Bank”a əmanət qəbul etməyi yasaqlayıb, amma bank əmanət qəbulunu davam etdirib. Həmin tarixdən sonra banka pul yatıran əmanətçilər indi halal pullarını ala bilmirlər.

Problemlə üzləşənlərdən biri də Bakı sakini Gülbəniz Kazımovadır. O, “presklub.az”-a bildirdi ki, mart və dekabr aylarında “NBC Bank”a əmanət yatırıb: “Bankda iki əmanətim var, əmanətlərimi götürməyə gedərkən problemlə qarşılaşdım. Öz pulumu geri ala bilmirəm. “NBC Bank”ın baş ofisinə yaxınlaşdım. Mənim qoyduğum əmanətləri göstərən çıxarış verildi və “Beynəlxalq Bank”ın Qaradağ filialına yönləndirdilər.

Orada dekabr ayında qoyduğum 1100 manatım göründü. Həmin vəsaiti 2019-cu ilin dekabr ayında qoymuşam. Əvvəldən faizi çəkdiyimə görə, mənə 50 manat əskik göstərir, bunu qəbul edirəm.

Lakin mart ayında qoyduğum 2200 manat görünmür. Bunun səbəbini belə izah etdilər ki, mart ayında qoyulduğuna görə, sığortasız sayılır. Mən isə qeyd etdim ki, əlimdə həmin bankın kitabçası və müqavilələrim var, orada qoyduğum əmanət sığortalı kimi qeyd olunub. Bu, necə ola bilər? Cavab olaraq bildirdilər ki, bizlik deyil, probleminiz varsa, gedin

Əmanətlərin Sığortalanması Fonduna. Üz tutdum Fonda. Orada deyildi ki, mart ayında qoyulan bütün əmanətlər bloklanıb, məhkəməyə müraciət etmək lazımdır, məhkəmənin qərarı ilə məsələ həllini tapacaq.

Mən bildirdim ki, dekabr ayında da əmanət qoymuşam, “Beynəlxalq Bank”dan demişdilər ki, dekabrda qoyduğunuz əmanəti geri alsanız, mart ayında qoyduğunuz əmanətdən imtina etmiş olursunuz. Yəni mart ayının əmanətini götürə bilməyəcəksiniz. Dəfələrlə qeyd etdik ki, bizə əmanəti qoyarkən sığortalı olması barədə məlumat vermişdilər. Onlar isə bildirdilər ki, biz banklara əmanətlərin qadağan olunması barədə məktub göndərmişdik və əmanətlərin götürülməsinə qadağa qoymuşduq”.

Şikayətçinin sözlərinə görə, əmanətçilərin bir hissəsi “NBC Bank” və Mərkəzi Bankda olublar: “Onlara deyilib ki, guya əvvəlcə sığortalı olanlar veriləcək, sonra isə sığortasız olanlara baxılacaq. İkinci məsələ məhkəmə yoli ilə həll olunacaq, onun isə müddətini indidən deyə bilməzlər. Yəni sözdə vəd verilir, amma reallıqda bir şey yoxdur”.

G.Kazımova qeyd etdi ki, “NBC Bank”da yoldaşının adına isə 900 manat əmanət qoyulub: “Pul dekabr ayında qoyulub, amma götürə bilmirik. Tutaq ki, 2020-ci ilin mart ayında mənim qoyduğum əmanət sığortasız kimi qeyd olunub, bəs, yoldaşımın ötən ilin dekabr ayında qoyduğu sığortalı pulunu niyə vermirlər? Kod verilib ki, üç gün müddətində əmanəti çıxarın, əgər çıxara bilməsəniz, yenidən filiala yaxınlaşın. Üç gündür şəhərin o yeri qalmayıb, bütün bankomatları gəzmişik, heç bir yerdə pulu çıxara bilmirəm”.

“AtaBank”ın əmanətçisi Rəşad Əliyev isə deyir ki, banka 2019-cu il iyulun 23-də 13500 manat yerləşdirib: “Eyni zamanda, həmin bankdan kredit götürmüşük. Əmanətlərimiz geri qaytarılmır, amma həmin kreditə görə hər gün üçün dörd manat faz hesablanır. Necə olur ki, əmanətlərimiz qaytarılmır, sığortasız sayılır, amma kreditlərimiz tələb olunur. Heç olmasa, həmin kredit ödənişlərini əmanətlərimizdən çıxsınlar. 2019-cu il iyulun 23-dən sentyabrın 17-nə qədər banka əmanət qoyuluşu qadağan edilib.

“AtaBank”da belə problemi olan beş-altı nəfər vətəndaş var. Bu məsələ iyunun 1-dən ortaya çıxıb, bu gün banka yaxınlaşdım, dedilər ki, filial müdiri Etibar Babaşlı Mərkəzi Bank tərəfindən göndərilən məktubu məhv edib və əmanətləri qəbul edib. Görünür, məqsədi millətin pulunu yemək olub. Necə olur ki, bunların əməllərindən nə ƏSF, nə də MB-nin xəbəri olmur? Əmanəti yerləşdirərkən müqavilənin bir nüsxəsi ƏSF, bir nüsxəsi MB-a göndərilir. Problemi həll etmək əvəzinə, o bunun, bu da onun üstünə atır. Biz prezdentin çağırışına əməl edərək pullarımızı banklara əmanət etdik. Prezident sahibkarlara “pullarınızı evdə saxlamayın” – deyə müraciət etmişdi. Biz pulumuzu Amerikadakı banklara deyil, öz ölkəmizin banklarına əmanət etmişik”.

Mərkəzi Bankın problemə münasibəti barədə sualı R.Əliyev belə cavablandırdı: “Bizə bildirdilər ki, bu problemlərə Əmanətlərin Sığortalanması Fondu baxır. Fonda yaxınlaşırıq, deyirlər ki, bu məsələlərə məhkəmələr baxır. Əgər “AtaBank” və “NBC Bank” kimi qurumlar ləğv olunubsa, əmlakları müsadirə olunubsa, məhkəmə keçirilsə belə, nə dəyişəcək?! İndiyə kimi əmanətlərimizin qaytarılmasına dair konkret heç bir şey deyilmir”.

Məsələylə bağlı Mərkəzin Bank jurnalistlərin sorğusunu cavablanırmayıb. “NBC Bank”ın rəhbərliyi isə əmanətçiləri qəbul edərək məsələnin iyul ayının 15-nə kimi həll olunacağını vəd edib.

Samir Əliyev: “Sığorta haqqı ödənilibsə, bu halda Əmanətlərin Sığortalanması Fondunun da məsuliyyəti ortaya çıxır”

İqtisadçı ekspert Samir Əliyev bildirdi ki, bankların birbaşa öhdəliyidir ki, tənzimləyici qurumun verdiyi qərarları yerinə yetirərək əmanətlərin qəbulunu dayandırsınlar: “Amma məlum olur ki, banklar göstərişə əməl etməyiblər. Bunun da zərəri vətəndaşa dəyir. İndi insanlar kompensasiya almağa gələndə məlum olur ki, əmanətləri sığortalanmayıb. Bu, birbaşa cinayət hadisəsidir. Mən bildiyim qədər, Mərkəzi Bankın məktubundan ən yuxarı səviyyədəki rəhbərliyin məlumatı olub, lakin aşağıda olan rəhbərliyə, filial müdirlərinə bu məlumatlar çatdırılmayıb, ona görə də əmanət cəlb etməkdə davam ediblər. Əlbəttə, bunun özü də qanun pozuntusudur ki, tənzimləyici qurumun qərarlarını aşağı ötürmürsən”.

Ekspert digər məqamı da diqqətə çatdırdı: “Yanvardan sonra yatırılan əmanətlərin müqabilində əmanətlərin sığortalanması fonduna sığorta haqları ödənilibmi? Çünki qaydaya görə, əmanətlər sığortalanırsa, mütləq sığorta haqqı ödənilməlidir. Bu sualın cavabı da çox vacibdir. Əgər sığorta haqqı ödənilibsə, bu halda Əmanətlərin Sığortalanması Fondunun da məsuliyyəti ortaya çıxır. Sən əmanət cəlb etməyə icazəsi olmayan əmanətə haqq qəbul edirsən. Əgər MB əmanətlərin dayandırılması ilə bağlı banka məktub göndəribsə, onun bir nüsxəsini də fonda göndərməlidir. Fond məlumatlı olmalıdır ki, bu bank artıq əmanət qəbul edə bilməz və buna görə də, sığorta haqqı ödəyə bilməz. Bu suala cavab tapılmalıdır. Əgər belə bir hal baş verirsə, artıq burada Fondun da məsuliyyəti ortaya çıxır”.

S.Əliyevin sözlərinə görə, hər bir halda hökumət, MB mütləq bu məsələyə qarışmalıdır: “Bu, kommunikasiya problemi nəticəsində ortaya çıxan bir nəticədir. Yəni düzgün kommunikasiyanın qurulmamasıdır. Bunun zərərini vətəndaş çəkməməlidir. Bank lisenziyalaşmış bir qurumdur. Lisenziyalaşmış qurumun fəaliyyətini lisenziya tələb olunmayan qurumların fəaliyyətindən fərqləndirmək lazımdır. Ona görə onlar lisenziyalaşdırılır ki, onların fəaliyyətinə güclü nəzarət olunur. Əgər biz mağaza ilə bankı eyni tuturuqsa və ikisində də məsuliyyəti müştəri daşıyırsa, o zaman gəlin, bank fəaliyyətini lisenziyalaşdırmayaq”.

İqtisadçı hesab edir ki, bu məsələdə vətəndaşlara dəstək olunmalıdır və vətəndaşlar tam haqlıdır: “Onlar öz haqlarını tələb etməklə doğru hərəkət edirlər. Burada əsas günahkar bankın səlahiyyətli şəxsləridir, ikinci isə nəzarət edən qurumlardır”.