Tribuna İnformasiya Agentliyi

Bəzi sığorta şirkətləri “Odlar Yurdu Sığorta Brokeri” ilə əməkdaşlığı dayandırıb – SƏBƏB

26 İyun

Azərbaycanda fəaliyyət göstərən bəzi sığorta şirkətləri yeni fəaliyyətə başlamış “Odlar Yurdu Sığorta Brokeri” şirkəti ilə əməkdaşlığını dayandırıb.
FED.az sığorta sektorundakı etibarlı mənbələrdən aldığı məlumata görə, bəzi sığorta şirkətləri tərəfindən hətta “Odlar Yurdu Sığorta Brokeri” ilə əməkdaşlığın dayandırılması ilə bağlı İcbari Sığorta Bürosuna müraciət də olunub.

Şikayətçi sığorta şirkətləri tərəfindən edilən müraciətin nəticəsi olaraq, İcbari Sığorta Bürosu “Odlar Yurdu Sığorta Brokeri”nin icbari avtomobil sığortası novü üzrə müvafiq sistemə (user kimi stop qoyulub) girişinə qadağa qoyub. Artıq broker şirkəti həmin sığorta şirkətləri ilə əməkdaşlıq edə bilməyəcək.

Əldə etdiyimiz məlumata görə, “Odlar Yurdu Sığorta Brokeri” əməkdaşlıq etdiyi sığorta şirkətləri ilə biznes qaydalarına uyğun şəkildə davranmayıb. Broker şirkətinin əməkdaşları sığorta şirkətinin mövcud müştərisinin sığorta müqaviləsini başqa şirkətin adına yazırmış.

Qeyd edək ki, bir neçə il əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) apardığı sığorta bazarının maliyyə dayanıqlığının artırılması və istehlakçıların hüquqların qorunması istiqamətində apardığı yoxlama və monitorinqlər nəticəsində “Odlar Yurdu Sığorta Brokeri” MMC-də müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericilik tələblərinə riayət edilməməsi, icbari sığorta müqavilələrinin qanunazidd olaraq endirimlə istehlakçılara təqdim edilməsi, o cümlədən istehlakçılar qarşısındakı vəzifələrin tam icra olunmaması və digər nöqsanlara yol verilməsi faktları aşkar edilmişdi.