Tribuna İnformasiya Agentliyi

“Bəzi məmurlar əhali qarşısına çıxanda incəsənət adamları kimi geyinirlər”

05 May

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov yeni Kənd Təsərrüfatı naziri İnam Kərimovun bölgələrdə fermerlərlə qalstuksuz görüşünü təqdir edib.

TİA.AZ xəbər verir ki, komitə sədri “Ölkə.Az”a açıqlamasında bildirib ki, yeni kənd təsərrüfatı naziri İnam Kərimovun bu cür fəaliyyəti insanlar tərəfindən də müsbət qarşılanır:

“Mən İnam Kərimovu uzun illərdir ki, tanıyıram. O, “ASAN Xidmət”ə çox yüksək səviyyədə rəhbərlik edib. İnanıram ki, kənd təsərrüfatı naziri kimi yerlərdə olmaq və camaatın vəziyyətinə uyğun şəkildə fermerlərlə görüşməsi şübhəsiz ki, insanlarda müsbət əhval-ruhiyyə yaradır. Mənə görə, əsl təsərrüfat adamı təsərrüfatçı kimi geyinməlidir, qalstuk bağlamadan insanlarla görüşməlidir. Bizdə məmurlar qalstuka çox diqqət yetirirlər. Doğrudur, geyim bir mədəniyyətdir. Ancaq bəzi məmurlarımız əhali qarşısına çıxanda elə geyinirlər ki, heç mədəniyyət və incəsənət adamları da onlar kimi geyinmir. Kənd təsərrüfatı sahəsində çalışanların isə öz geyim tərzi var. İnam müəllimin qalstuksuz fermerlərlə görüşməsi ilk növbədə onun işgüzarlığından, kəndə, bu sahəyə bağlılığından xəbər verir. Bütün bunlar da vacib şərtlərdir. Yəni, kim hansı sahədə işləyirsə, o sahənin geyiminə uyğun geyinməlidir, uyğun hərəkət etməlidir”.

E.İbrahimov qeyd edib ki, əgər ölkə prezidenti rayonları gəzib, görülən işlərlə yerindəcə tanış olursa, kənd təsərrüfatı naziri bölgələrdə daha çox olmalıdır: 

“İnanıram ki, İnam Kərimov da bu sistemi götürüb, müvafiq işlər görəcək, kəndlərdə fermerlərlə, kəndlilərlə görüşüb, onların vəziyyətilə tanış olacaq. Yəni, hər bir fermer kənd təsərrüfatı nazirini tanımalıdır. Nazir isə kəndlilərin, fermerlərin ehtiyaclarını bilməlidir, onların içərisində olmalıdır ki, bu sahədə ciddi irəliləyişlər əldə olunsun. Yoxsa, kabinetdə oturub kimlərinsə informasiyası ilə işləmək ciddi effekt verməyəcək. Bu cür işləmək mövcud reallığa da uyğun gəlmir. Mən uzun illər kənd təsərrüfatı sahəsində işləyən adam və Milli Məclisin Aqrar siyasət komitəsinin sədri kimi İnam Kərimovun bu cür addımlarını təqdir edirəm. İlkin olaraq müşahidələrim də onu deməyə əsas verir ki, İnam Kərimov fermerlərlə yaxından işləmək və bu sahəni dərindən öyrənmək prinsiplərini özünə yol seçib. Bu da çox doğru seçimdir. Ona görə də mən inanıram ki, İnam müəllim “ASAN Xidmət”də olduğu kimi, kənd təsərrüfatı sahəsində də böyük irəliləyişlərə nail olacaq”.