Azxeber.com 10 yaşını qeyd edirbackend

Azxeber.com 10 yaşını qeyd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Azxeber.com informasiya portalının 10 yaşı tamam olur.
2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.
Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.
Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.
Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.
Belə ki, portalın rəsmi “facebook” səhifəsini 600 min, instagram-da isə 480 mindən çox insan bəyənib.
Eyni zamanda portalın “Tvitter”, “Youtube” və “Telegram” sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası da Azxeber.com-un 10 illik yubileyi ilə bağlı sayta təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Azxeber.com” saytının 10 yaşı tamam olur. Bu münasibətlə saytın kollektivinin hər bir üzvünü təbrik edirik.
“Azxeber.com” gənc jurnalistlərin ilk baxışdan özlərini təsdiq üçün yaratdıqları media orqanıdır. Ancaq illər keçdikcə biz özünütəsdiqi doğuran gənclik həvəsinin peşəkarlığa keçməsinə şahidlik etdik. Bu proses heç də asan başa gəlmədi. “Azxeber”çilər dözüm, qətiyyət və prinsipiallıq göstərdilər.
“Azxeber.com”un uğurunu şərtləndirən amillər yetərincədir. Təbii ki, ilk növbədə jurnalistikaya hədsiz bağlılıq qeyd edilməlidir. Eyni zamanda onu deməliyik ki, saytın rəhbərliyi və kollektivi hər zaman ənənələrə sadiqlik ruhu ilə seçildilər. Ölkənin media ictimaiyyətinin yaş baxımdan fərqli üzvləri bu gənc jurnalistlərin timsalında sanki özlərini gördülər. Özlərinin əməksevərliklərini, zəhmətə qatlaşmaq əzmlərini. Onlar hər zaman “Azxeber”çilərin hörmət və ehtiramlı davranışlarına, yüksək mənəvi keyfiyyətlərinə şahidlik etdilər. Bu, son dərəcə vacibdir.
Azərbaycan Mətbuat Şurasının üzvü olan “Azxeber.com” saytı internet media orqanı baxımından müstəsna tapıntıdır. Sayt 10 il əvvəl yaradılarkən gənc jurnalistlərin söz tribunası idisə, bu gün artıq sözün cəmiyyətin maraqlarının təminatına səfərbər olunduğu oturuşmuş kütləvi informasiya vasitəsidir və kifayət qədər geniş, spesifik oxucu auditoriyasına malikdir. Ötən on ilin uğurunu şərtləndirən də məhz budur.
Bir daha “Azxeber.com”un rəhbərliyini və kolektivini təbrik edir, onlara möhkəm cansağlığı diləklərimizi çatdırırıq. Arzu edirik ki, jurnalistikaya sədaqət ruhuna köklənmiş bu media orqanında hökm sürən yaradıcılıq mühiti onu daha böyük uğur və nailiyyətlərə daşısın.
10 yaşınız mübarək, əziz “Azxeber”çilər!