Tribuna İnformasiya Agentliyi

“AzRe Təkrarsığorta”da 10 milyonluq azalma

27 İyun

“AzRe Təkrarsığorta” şirkəti 2017-ci ilin maliyyə göstəricilərini açıqlayıb. TİA.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, təkrarsığorta şirkətinini cəmi gəlirləri 54,637 milyon manat, cəmi xərcləri isə 28,825 milyon manat olub. Başqa sözlə, şirkətin cəmi gəlirləri 18,9% (2016-cı ildə 67,421 milyon manat), cəmi xərcləri isə 1,6 dəfə azalaraq (2016-cı ildə 47,235 milyon manat) olub. Xərclərin kəskin azalması 2017-ci ildə şirkətin xalis mənfəətini 37,9 % artırıb. Belə ki, 2016-cı ildə “AzRe” 15,504 milyon manat xalis mənfəət əldə etmişdirsə, ötən il bu məbləğ 21,394 milyon manata yüksəlib.

2016-cı illə müqayisədə ötən il “AzRe Təkrarsığorta”nın ümumi sığorta və təkrarsığorta yığımları 13% azalaraq 80 milyon 538 min manatdan 70 milyon 142 min manata düşüb (10 milyon 396 min manat azalma).

İllik müqayisədə ümumi ödənilmiş iddialar 35 milyon 286 min manatdan 29 milyon 600 min manata düşüb. Şirkətin faiz gəlirləri 7 milyon 580 min manatdan 9 milyon 570 min manata yüksəlib. Eyni zamanda, satış komissiyaları 11 milyon 884 min manatdan 7 milyon 238 min manata azalıb. Bütün bu amillər, sığorta və təkrarsığorta mükafatlarının azalmasına baxmayaraq xalis mənfəətin 2016-cı illə müqayisədə yüksək olmasını təmin edib.

2016-cı illə müqayisədə ötən il şirkətin aktivləri 3% azalaraq 136 milyon 447 min manata düşüb.

Ötən il “AzRe Təkrarsığorta” banklardakı depozitlərini azaldıb, dövlət qiymətli kağızlarına sərmayələrini isə artırıb.

http://www.azre.az/new/files/Mu%CC%88hasibatbalans%C4%B12017.pdf