“Azərsun”da yanğının əks-sədası – İşsizlik olacaqmı?backend

“Azərsun”da yanğının əks-sədası – İşsizlik olacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda yerləşən, bu səhərə qədər yanan Azərsun Sənaye Parkının qarşısında adda-budda adamlar toplaşıblar. Bəziləri arada müəssisənin girişinə yaxınlaşır, içəri keçirlər, bir müddət sonra geri qayıdırlar.

“İzahat verirlər, dünən harda olublar, nə ediblər- sıravi işçilərdən biri deyir, – saat 5-dən sonra iş vaxtı bitir, işçilər çıxıb gedir, yalnız 5-10 adam qalır”.

Adını söyləməyən bir işçi deyir ki, yanğın başlayanda müəssisədə olan bütün işçilər də dərhal təxliyə olunub.

Aprelin 28-də Azərsun Sənaye Parkında yanğın saat 5-dən sonra başlasa da, növbəti günün səhərinə qədər alovu söndürmək olmayıb, üstəlik, yanğın parkın 5 min kvadrat metrlik ərazisində yerləşən ərzaq və digər anbarlara da yayılıb.

Hələ də parkın həyətindən qalın tüstü göyə ucalır. Amma gecə ətrafl bürümüş kəskin yanğın iyi çəkilib. Uzaqdan həyətdə qaralmış-ərimiş metal konstruksiyalar görünür.

Kameralar

“Yağlı plastik tullantılardı, ona görə birdən alışma verib”, – işçilərdən biri düşüncələrini bölüşür.

“Tullantılarla ərzaq anbarını hasar ayırır. Orda yaxınlıqda plastik fabriki də var. Deyirlər, orda olub”,- müsahiblərimizdən biri deyir.

“İçəridə hər yer kameradı, bax, bu kameraları görürsünüz?- deyə yan-yana dayanmış ondan çox TİR-lardan birinin sürücüsü əlini “Azərsun”un qarşısındakı uzun dəmir dayaqlardan birinə uzadır, – onun başındakı kameradı, bundan içəridə də var, yəqin ki, yanğının necə başladığı bu kameralara düşüb”.

“Gətirib malı boşaldıb çıxdım, mayonez, ketçap gətirmişdim, hamısı yandı,”- sürücülərdən biri deyir.

Anbarlarda müxtəlif çeşidli mallar olub: kərə yağı, bitki yağı, şirniyyatlar, salfetka, uşaq bezləri, körpələr üçün peçenye… Bu anbara təkcə Azərsun-un Azərbaycanda istehsal etdikləri yox, həm də xaricdən ixrac etdikləri mallar yığılırmış və müəssisənin ən böyük anbarlarından biri hesab olunurmuş.

Anbarlarda işləyənlər narahatdırlar ki, işsiz qaldılar, amma ümidlərini də üzmürlər ki, şirkət onları “çölə atmayacaq”. “Hərə bir ailə sahibidir”, – gənc işçilərdən biri deyir.

Sürücülər üçün işsizlik narahatlığı yoxdur, onlar istehsal və ya ixrac edilən malları başqa müəssisənin başla anbarlarına daşıyacaqlar. Amma onlar düşünürlər ki, Azərsun kimi bir şirkətin yenidən anbar tikməsinə problem yoxdur; şirkətin bir-iki aya yeni anbar tikmək gücü var.

APA yazıb ki, Azərsun Sənaye parkı sığortalanıb.

Azərsun Holdinqlə əlaqə saxlamaq mümkün olmayıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə bildirib ki, onlar kameralara baxaraq yanğının tullantılar olan hissədən başlandığını ehtimal edirlər. Amma o əlavə edib ki, istintaq getdiyi üçün detallara varmaq istəmir.

Sosial mediada yanğının qəsdən törədildiyi iddiaları səslənir. Baş Prokurorluq BBC-yə bildirib ki, istintaq bütün fərziyyələri gözdən keçirir.

Sumqayıt icra hakimiyyətinin saytında verilən məlumata görə, “Azərsun Sənaye Parkı”nın illik emal gücü 50 min ton olan kağız və karton istehsalat kombinatı, yağ istehsalı ilə məşğul olan Sumqayıt yağ fabriki də var. (BBC)