“Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib — Psixoloqdan ETİRAZbackend

“Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib — Psixoloqdan ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

““Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib. Şəhərdə total şəkildə “Poz, qazan” qumarı gedir. Paytaxtın bir çox nöqtəsində bu oyunlara rast gəlmək mümkündür”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış psixoloq Fərqanə Mehmanqızı bildirib.

O, deyib ki, bu kimi oyunlar insan psixologiyasına çox pis təsir edir.

Psixoloqun sözlərinə görə, “Poz, qazan” kimi qumar oyunlarına aludəçiliklər gələcəkdə daha böyük faciələrə səbəb ola bilər:

“Adətən, insanlar bu cür sərbəst oyunların pərəstişkarı olurlar. Deyərdim ki, “Poz, qazan” kimi oyunlar ümumiyyətlə, qumarın bir növüdür. Bu cür qumar effekti olan oyunların təbliğatı ölkəmizdə çox sürətlə aparılır. Təlqinə meyilli, psixologiyası zəif insanlar bu kimi oyunların piarına daha tez uyur və daha tez aludə olurlar. Yəni, bu cür insanları cəlb etmək daha asandır. Ona görə də bu oyunlar həm maddi, həm də psixoloji cəhətdən insanların həm özünə, həm də ailəsinə zərər vurur. Buna görə də, bu cür qumar oyunlarının qarşısı təcili şəkildə alınmalıdır. Çünki belə oyunlar ailədaxili aqressiya yaradır, insanların özündə aqressiv hallar, natamamlıq kompleksinə gətirib çıxarır. Hətta, davranış pozuntusuna, psixoloji ruh hallına səbəb olur”.

Fərqanə Mehmanqızının sözlərinə görə, bu oyunlara aludə olan insanlar belə vərdişlərindən əl çəkə bilmir və nəticədə həmin şəxsin maddi durumu daha da çətinləşir:

“Təsəvvür edin ki, bu oyunlara meyilli olan insanlar ora gərəksiz pullar tökür. Qeyd edim ki, bu aludəçiliyin qarşısını almaq da çox çətin olur. Ona görə də ailələrdə problemlər yaranır. Heç xoşuma gəlməyən, gördüyüm və bəyənmədiyim bir şey uşaqların da bu oyunlara buna cəlb edilmələridir. Çox təəssüf ki, belə bir təhlükə ilə üz-üzəyik. Bu, heç də yaxşı hal deyil. Çünki əvvəlcə bu cür oyunlar uşaqlara adi gəlir. “Poz, qazan” kimi qumar oyunları da uşaqlara adi gəldiyi üçün gələcəkdə onlar böyük oyunlara, kazinolara meyilli olacaqlar. Biz həmişə uşaqlarımıza təlqin etməliyik ki, havayı heç nə yoxdur. Həyatda hər şeyi özün qazanmalısan, əldə etməlisən, zehin və fiziki əməyinin gücü ilə həyatda qalib gəlməlisən. “Poz, qazan”, “Topaz” kimi qumar oyunları insanları daha rahat nələrisə əldə etməyə meyilli edir ki, bu da doğru hal deyil”.

Müsahibimiz son zamanlar bu oyunlara qadınların da meyilləndiyini bildirib:

“Təəssüf ki, son zamanlar qadınların da “Topaz”, “Poz, qazan” stendləri qarşısında yığışdığının şahidi oluruq. Əslində, bu, fəlakətdir, faciədir. Başqa bir vaxtlar qadın kişini bundan yayındırırdı, indi isə qadınlar da bu işlə məşğul olurlar. Bu, həqiqətən daha böyük faciələrdən xəbər verir. Bu da o deməkdir ki, gizli olaraq “Poz, qazan”ın piarı o qədər güclü gedir ki, artıq psixo-həssas insanlar buna maraq göstərirlər. Nəzərə alaq ki, bu oyunlara maddi durumu aşağı olanlar meyil edir. İnsanlar ərzağa verməli olduğu pulları “Poz, qazan” kimi oyunlara sərf edirlər ki, bu da boş yerə xərclənən vəsaitlərdir. Onlar həmin pulları övladlarının təhsilinə, qidaya versələr daha yaxşı olar. Əgər bunu etmirlərsə, gələcəkdə belə aludəçiliklər daha da böyük faciələrə yol açacaq”.