Tribuna İnformasiya Agentliyi

Azercell Telekom-un Barama mərkəzinin dəstəyi ilə Azərbaycanda A’Startap Sammiti keçirildi

25 İyul

“Azercell Telekom” MMC-ninBarama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə ölkəmizdə daha bir layihə reallaşdı. “Aforyouth” təşkilatı ilə birlikdə Azercell və “PAŞA” Bankın baş sponsorluğu ilə 18-20 iyul tarixlərində Bakıda “A’Startap Sammiti 2018” və intensiv seminar keçirildi. 3 günlük tədbir sahibkarların, gənc liderlərin biznes və yaradıcılıq bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil edildi. Tədbirin ilk günü işgüzar əlaqələrin qurulmasına həsr olundu: beynəlxalq arenaya çıxmağa can atan 45 yerli sahibkar bir-birini tanımaq və gələcək potensial tərəfdaşlarla əlaqələr qurmaq imkanı əldə etdi. Komandanın formalaşmasından sonra müxtəlif biznes metodlarından istifadə edərək problemin müəyyənləşdirilməsi həyata keçirildi. Sammitin ikinci günü gənc startapları narahat edən problemlərin müzakirəsinə və onların həlli istiqamətində müəyyən tövsiyyələrin verilməsinə həsr olundu. Tədbirin sonuncu günü 20 iyulda isə Azərbaycanın biznes icması üçün açıq gün təşkil olundu və iştirakçılar son iki gündə formalaşdırdıqları startap ideyalarını müvafiq şirkətlərə təqdim etdilər.

Beləliklə, qaliblərin adları açıqlandı: “Studentsy” layihəsi ilə Ilkin Bayramlı, Nəriman Məmmədli, Naseh Bədəlov 1-ci yerin qalibi oldular. 2-ci yerə “BestFit” layihəsi ilə Valid Məmmədli, Nərmin Nəsirova, Xəyalə Mirzəyeva, 3-cü yerə isə “Riseinrice” Camal Əhmədov, Ləman Əsədli layiq görüldülər.

Qalib komandalara gələcəkdə Barama Mərkəzində ideyaları üzərində işlərini davam etmək şansı yaradıldı və əlavə olaraqda Start Coworking Mərkəzindən hədiyyə şəklində aşağıdakılar təqdim olundu:

1-ci yer – bir aylıq ödənişsiz ofis sahəsi  (bütün xidmətlər daxil, 1nəfər)

 

2-ci yer – bir həftəlik ödənişsiz ofis sahəsi  (bütün xidmətlər daxil, 1nəfər)
3-cü yer – 3 günlük ödənişsiz ofis sahəsi  (bütün xidmətlər daxil, 1nəfər)

 

Qeyd edək ki, Azərbaycanda yaradılmış ilk İnkubasiya mərkəzi olan Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi zəngin təcrübə, peşəkar mentorlarla əlaqələr və nüfuzlu əməkdaşların dəstəyinə malik olması ilə fərqlənir. Barama İT layihələri, Bulud Hesablamalar (Cloud Computing) və Biznes Həlləri, Oyunlar, IOT, Fintech, Kənd Təsərrüfatında İnnovativ Həllər, Virtual Reallıq, İnkişaf Etmiş Reallıq və Süni İntellekti dəstəkləyir. Mərkəz Azərbaycanda bir sıra yüksək səviyyəli beynəlxalq yarışların təşkilatçısıdır, startapların öz bizneslərini qurmasına, innovativ xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək göstərir.

“Aforyouth” – tələbələrə və gənc mütəxəssislərə öz ideyalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edən yerli gənclər təşkilatıdır. Təşkilat bu gəncləri istiqamətləndirməklə yanaşı, onlara ölkədən kənarda eyni zamanda həm təhsil almaq, həm də işləmək imkanı yaradır.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz         

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

TİA.AZ